Qənirə Paşayeva Tovuzda yerli məmurlara səslənib FOTOLAR

Qənirə Paşayeva Tovuzda yerli məmurlara səslənib FOTOLAR

Tovuz rayonunda 2015-ci ilin yekunlarına həsr olunmuş, rayonun bütün qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən geniş tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Prezident Aparatının rəsmi nümayəndəsi Əlibaba Əliyev, millət vəkilləri Qənirə Paşayeva və Ülviyyə Abdullayeva iştirak ediblər. Tovuz rayonu icra hakimiyyətinin başçısı Tofiq Zeynalov 2015-ci ildə rayonda görülmüş işlər, əldə edilmiş uğurlar və həllini gözləyən məsələlər barədə geniş məruzə ilə çıxış edib.

SİA-nın məlumatına görə, Prezident Aparatının rəsmi nümayəndəsi Əlibaba Əliyev Prezident İlham Əliyevin yürütdüyü siyasət, əldə olunmuş uğurlar və ölkəmizin inkişafı istiqamətində dövlət başçısının qarşıya qoyduğu vəzifələrlə bağlı geniş məlumat verib.

Millət vəkili Q. Paşayeva çıxışına Prezident İlham Əliyevin son toplantılarda səsləndirdiyi xalqın maraq və mənafeləri hər şeydən üstündür düşüncəsini xüsusi vurğulayaraq başlayıb və yerli məmurları, nazirliklərin rayon şöbələri rəhbərlərini əhalinin problem və qayğılarına daha həssas münasibət göstərməyə, onların həlli istiqamətində daha çox çalışmağa, süni əngəl və maneələrə yol verməməyə çağırıb. Rayonlarda, o cümlədən Tovuzda da insanlarımızın üzləşdiyi ən böyük problem işsizliklə bağlıdır deyən millət vəkili Q.Paşayeva bildirib ki, imkanı olub sərmayə qoymaq, hətta kiçik də olsa bir iş yeri açmaq istəyən hər bir insana icra qurumları, bələdiyyə, nazirliklərin rayonlardakı qurumları ciddi şəkildə dəstək olmalıdır. Bu istiqamətdə süni əngəllərə yol verilməməlidir. Çünki dünya bazarında neftin qiymətinin düşməsindən, devalvasiyadan sonra dövlətin maliyyə hesabına həyata keçirilən layihələrin, demək iş yerlərinin sayının da azalması gözləniləndir. Ona görə də dövlət qurumları, məmurlar hər bir iş yeri açmaq istəyən şəxsə dəstək olmalıdır ki, işsizlik artmasın. Ümid edirəm ki, Tovuzda iş yeri açmaq, biznes qurmaq istəyənlərə dəstək daha da artacaq və artmalıdır. Çünki bu cənab Prezidentin qarşıya qoyduğu əsas məsələlərdən biridir".

Millət vəkili Q.Paşayeva təhsil qurumlarına üz tutaraq təhsilin keyfiyyətinə daha da ciddi diqqət yetirməyə çağırıb. O, bildirib ki, gənclər arasında siqaretdən, alkoqoldan, narkotikdən istifadə edənlərin, qumar oyunlarına qurşananların sayının atması bizi ciddi narahat etməlidir. Məktəblərdən başlayaraq bütün rayonda gənclərlə məşğul olan dövlət və qeyri-dövlət qurumları ilə birlikdə bu istiqamətdə maarifləndirmə işləri daha da artırılmalıdır. O cümlədən gənclərin mənəvi-əxlaqi tərbiyəsi ilə bağlı məsələlər. Gənclərin sağlamlığı bizim üçün ən vacib məsələlərdən biridir deyən millət vəkili, məktəblərdə idmana böyük diqqət yetirilməklə yanaşı rayon Olimpiya İdman Kompleksini gənclərin üzünə daha çox açmağa çağırıb. O bildirib ki, bu komplekslərdən gənclər daha çox istifadə etməlidir və buna şərait yaradılmalıdır. Səhiyyə sahəsində məsələlərə toxunan millət vəkili rayonda onun keyfiyyətinin daha da artırılmasının vacib olduğunu deyib.

Millət vəkili rayonda qaz təminatı ilə bağlı problemlər olduğunu diqqətə çatdıraraq rayon qaz idarəsi rəsmilərini özəlliklə qış aylarında əhalinin ortaya çıxan problemlərinə daha həssas münasibət göstərməyə çağırıb. O cümlədən rayon elektrik və qaz idarələri rəhbərlərini də əhalidən gələn şikayət və problemlərə daha həssas yanaşmağa çağıran Q. Paşayeva məhkəmə qərarlarının icrası sahəsində özəlliklə ayrılan ailələrdə körpə uşaqları ilə anaların aylarla aliment ala bilməməsi, qərarların icrasındakı problemlərə də toxunaraq bu istiqamətdə problemlərin tezliklə həllini tapması lazımdır deyib. Ünvanlı sosial yardım sahəsində ortaya çıxan problemlərə daha geniş yer ayıran millət vəkili Q.Paşayeva bu istiqamətdə bəzi məsələlərin həlli ilə bağlı Milli Məclisdə təkliflərlə çıxış etdiyini diqqətə çatdıraraq ünvanlı sosial yardımın verilməsində heç bir süni əngəl olmamalıdr deyib.

Tədbirin sonunda tədbir iştirakçıları, rayon ictimaiyyəti adından cənab Prezidentə müraciət qəbul olunub və orada Tovuz rayonu ictimaiyyətinin bundan sonra da dövlətimizin inkişafı istiqamətində dövlət başçısının siyasətini dəstəkləyərək ölkəmizin bundan sonra da uğurlu inkişafı üçün daha da fəal çalışacaqları qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə