"Həm print, həm də yeni mediaya dəstək Mətbuat Şurasının gündəmindədir. Şura çalışacaq ki, mətbuatımızda olan problemlər həll olunsun". Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.
Onun sözlərinə görə, internet medianın inkişafı və marağın bu sahəyə daha çox yönəlməsi print mediada problemlər yaradıb: "Yeni texnologiyalar inkişaf etdikcə, çap mediaya maraq azalır. Buna baxmayaraq, print medianın özəl oxucuları var ki, onlar indi də çap üsuluna üstünlük verirlər. İqtisadi durumda baş verən müəyyən problemlər, devalvasiya çap mediasında kağızların qiymətlərinə təsirsiz ötüşməyib. Mətbuat Şurasının idarə heyətinin yığıncağında bu məsələ müzakirə olunduqdan sonra şura sədri, millət vəkili Əflatun Amaşov print medianın əlavə dəyər vergisindən azad olunması təşəbbüsü ilə Milli Məclisdə çıxış etdi".
U. Rəhimoğlu söyləyib ki, kağız məmulatları bir neçə dəfə vergilərə cəlb olunur ki, bu da istehlakçının cibinə ziyandır: "Kağız məmulatları həm ölkəyə gətirilərkən, həm də istehsal prosesində vergiyə cəlb olunur. Belə olan halda, print mediada maddi problemlər yaranır. Biz bu məsələnin mühüm olduğunu düşünürük. Çünki mediasız cəmiyyətin inkişafını təsəvvür etmək qeyri-mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB