Naxçıvanda uğurlu nəticələr əldə olunub FOTOLAR

Naxçıvanda uğurlu nəticələr əldə olunub FOTOLAR

Beş minillik şəhərsalma mədəniyyətinin izlərini özündə yaşadan qədim Naxçıvan şəhəri bu gün yeni inkişaf dövrünü yaşayır. Son illər şəhərin prospekt, küçə və məhəllələri abadlaşdırılıb, park və xiyabanlar salınıb, yeni inzibati və yaşayış binaları tikilib, yeni sosial obyektlər istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il yanvarın 31-də imzaladığı Sərəncam ilə təsdiq edilmiş "2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram"ın icrası nəticəsində Naxçıvan şəhərində tikinti-quruculuq, yaşıllaşdırma və abadlıq işlərinin həcmi artıb.

Bu gün şəhərdə əhalinin rahatlığına xidmət edən müasir infrastruktur yaradılıb. Şəhərin İslam Səfərli küçəsində yenidənqurma işləri aparılıb, Əliabad qəsəbəsində geniş abadlıq-quruculuq tədbirləri görülüb. Tikinti-quruculuq işləri şəhər mərkəzi ilə yanaşı, ətraf kəndləri də əhatə edib. Belə ki, Qaraçuq kəndində kompleks quruculuq işləri görülüb, yeni kənd və xidmət mərkəzləri tikilib istifadəyə verilib. Hazırda bu istiqamətdə işlər Bulqan kəndində davam etdirilir.

Şəhər əhalisinin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində də kompleks tədbirlər həyata keçirilib. 2014-2015-ci illərdə şəhərin Atatürk, Kazım Talıblı, Əziz Əliyev küçələrində yaşayış binaları tikilib, sakinlərin mənzil təminatı yaxşılaşdırılıb. Həmçinin mövcud binalarda əsaslı təmir və yenidənqurma işləri aparılıb, 13 binanın dam örtüyü və fasadı dəyişdirilib, Atatürk küçəsindəki 5 nömrəli ictimai yaşayış binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Yeni yaşayış binalarının tikintisi gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasına geniş imkanlar açıb. 2014-cü ilin may ayında Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində 3 beşmərtəbəli binadan ibarət yeni yaşayış kompleksi istifadəyə verilib. Binalardakı 80 mənzilin ipoteka şərtləri ilə satışa çıxarılması gənc ailələrin mənzil təminatında mühüm əhəmiyyətə malik olub. Sözügedən küçədə geniş bir ərazini əhatə edən daha bir yaşayış kompleksinin – "Gənclər şəhərciyi"nin tikintisi isə davam etdirilir. Gənclərə göstərilən diqqət və qayğıdan söz düşmüşkən, qeyd edək ki, onların asudə vaxtının səmərəli təşkili və fəallığının artırılması məqsədilə də ardıcıl işlər görülüb, Naxçıvan şəhərində müasir tələblərə cavab verən Gənclər Mərkəzi tikilib istifadəyə verilib.

Genişmiqyaslı quruculuq tədbirləri Naxçıvan şəhərində digər sahələrin, xüsusilə təhsil müəssisələrinin müasir binalarla təminatına və maddi-texniki bazalarının gücləndirilməsinə də səbəb olub. Belə ki, Naxçıvan şəhərində 11 nömrəli və Qaraçuq kənd 9 nömrəli tam orta məktəblərin binaları əsaslı şəkildə yenidən qurulub. Həmçinin "Naxçıvan" Universiteti üçün müasir universitet şəhərciyi – inzibati və tədris binalarından, kitabxana, yataqxana, idman və konfrans zallarından ibarət yeni kompleks inşa olunaraq istifadəyə verilib. Təhsil infrastrukturunun təkmilləşdirilməsi işlərindən Naxçıvan Dövlət Universitetinə də pay düşüb, baytarlıq təbabəti ixtisası və universitet xəstəxanası üçün müasir binaların açılışı olub.

İnsanların sağlamlığının qorunması muxtar respublikada həyata keçirilən sosial tədbirlərin əsasını təşkil edir. Naxçıvan şəhərindəki səhiyyə müəssisələrinin müasir standartlara uyğunlaşdırılması, yeni xəstəxana binalarının tikilməsi proqramda icrası nəzərdə tutulan ən mühüm tədbirlərdəndir. Ötən dövrdə Naxçıvan şəhərində Yoluxucu Xəstəliklər Mərkəzi üçün yeni bina inşa edilib, Qaraçuqda həkim ambulatoriyasının istifadəyə verilməsi kənddə səhiyyə xidmətinin səviyyəsini yüksəldib. Bu tədbirlərin yekunu olaraq ötən il dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının binası istifadəyə verilib.

Proqramda Naxçıvan şəhərindəki tarixi abidələrin bərpası, yeni mədəniyyət müəssisələrinin yaradılması da nəzərdə tutulub. Ötən dövrdə "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində tikinti-bərpa işləri başa çatdırılıb, Pişəvəri küçəsində Bayraq Meydanı və Muzeyi, Fəxri xiyaban, Kalbalıxan küçəsində isə Xatirə Muzeyi üçün yeni bina inşa olunub. Proqramın icrası musiqi təhsilinin inkişafına da yeni imkanlar açıb. Azərbaycan Respublikası Prezidentinin Naxçıvana səfəri zamanı Naxçıvan şəhər 2 nömrəli uşaq musiqi məktəbinin yeni binası istifadəyə verilib, təhsil ocağında müasir tədris imkanları yaradılıb. Qaraçuq kənd uşaq musiqi məktəbinin yeni binasının inşası da həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Həmçinin şəhərin "Atabəylər" məhəlləsində Şərq hamamı tikilərək sakinlərin istifadəsinə verilib.

Naxçıvan şəhərində salınan park və xiyabanlar, müasir istirahət kompleksləri şəhərə xüsusi görkəm verməklə yanaşı, həm də sakinlərin və turistlərin mənalı istirahətinə, asudə vaxtının səmərəli təşkilinə xidmət edir. Bu işlər çərçivəsində Naxçıvançay vadisində "Əyləncə adası" istirahət parkı istifadəyə verilib. Ərazidə yeni istirahət parkının salınması və yaşıllıqların artırılması da nəzərdə tutulur. Ötən dövrdə Naxçıvan şəhərinin ətraf ərazilərində 19,1 hektarlıq meyvə bağları salınıb, 5 hektar yaşıllıq sahəsində bərpa işləri aparılıb.

Sahibkarlığın dəstəklənməsi iqtisadi inkişafın təmin olunmasında başlıca şərtdir. Buna görə də sahibkarlığın inkişaf etdirilməsi proqramın əsas hədəflərindən idi. 2014-2015-ci illərdə Naxçıvan şəhərində köynək, konserv taraları, ətin konservləşdirilməsi, ət qovurması və unlu-qənnadı məmulatları istehsalı, melamin lövhə, laminat örtüklü iş masası lövhəsi və PVC örtüklü parlaq lövhə, silikon yorğan və yaylı döşək istehsalı sahələri yaradılıb, "Cahan" Ticarət Mərkəzi tikilib istifadəyə verilib. Həmçinin Naxçıvan "Alt Trikotaj" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti bərpa olunub, müəssisədə tələbələr üçün geyim dəstləri, sukeçirməz əlcək, kostyum və yüngül ayaqqabı istehsalı sahələri yaradılıb. "Naxçıvan Xalça" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti də genişləndirilib, polietilen torba və təsərrüfat ipi, yuyucu maddələr, uşaq bezi və qəlyan kömürü istehsalına başlanılıb.

Müəssisədə yun emalı və xalça istehsalı sahəsinin yaradılması üzrə də hazırlıq işləri görülür. Bu tədbirlərin davamı olaraq, Naxçıvan şəhərindəki "Şüşə Qablar" ASC-nin fəaliyyətinin bərpası, eləcə də toxumçuluq təsərrüfatının yaradılması məqsədilə işlər aparılır. AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Bütün xəbərlər Facebook səhifəmizdə