Akif Əlizadə doktorantlarla görüşdü FOTO

Akif Əlizadə doktorantlarla görüşdü FOTO

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi və Kimya Elmləri Bölməsinin doktarantları ilə görüşüb. AMEA-dan SİA-ya verilən xəbərə görə, tədbirdə bu elmi bölmələr üzrə 2015-ci ildə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri müzakirə edilib.

Görüşdə akademik Akif Əlizadə hər bir doktorantın dissertasiya mövzusu ilə tanış olub. Mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Akademik dissertasiya mövzularının müasir dövrdə elmin qarşısında duran əsas vəzifələrə və tələblərə uyğun seçilməsinin zəruriliyini və bunun əsasında da cəmiyyətdə elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən tədqiqatların işlənməsinin vacibliyini vurğulayıb. AMEA rəhbəri onu da əlavə edib ki, hər bir iddiaçının öz mövzusu ilə bağlı apardığı elmi tədqiqat və araşdırmalar mühüm sosial-mədəni və iqtisadi əhəmiyyət kəsb etməlidir ki, bu da öz növbəsində yeni elmi problemin həllinə yardımçı olsun.

Akademik həmçinin AMEA-nın elmi bölmələrinə dissertasiya mövzularının seçilməsi zamanı müvafiq elmi sahənin perspektiv inkişafı üçün əhəmiyyətli hesab edilən mövzuların olmasını diqqətdə saxlamağı tövsiyə edib.

Tədbirdə doktorantların dissertasiya işlərini müvəffəqiyyətlə yerinə yetirmələri üçün dünyanın nüfuzlu elmi mərkəz və institutlarında təcrübə keçmələri məqsədilə elmi ezamiyyətlərə göndərilməsinin əhəmiyyətindən də danışılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə