“Yeni Müsavat”ın reportajı 6 il sonra “Azadlıq” qəzetində... FOTOLAR

“Yeni Müsavat”ın reportajı 6 il sonra “Azadlıq” qəzetində... FOTOLAR

"Azadlıq" qəzetinin məramə, məqsədi hər gün səhifələrində gedən yazılardan da bəllidir. Əsasən pessimizst notlarla köklənmiş həmin yazıları qeyri-azərbaycanlı, yaxud Azərbaycandan kənarda yaşayan bir nəfər oxusa ölkəmiz haqda heç də yaxşı fikrə düşməz. Ehtimal edər ki, Azərbaycan ya qəbilə dövrünü yaşayan Afrika ölkəsidir, ya da xaosun hökm sürdüyü uzaq ada dövləti. Bu qəzetin son "əməliyyatı" isə lap əndazəsini aşıb. Qəzet 2 fevral 2016-cı il tarixli sayında "Bakıdakı "Qul bazarı"nda hamilə qadınlar da iş axtarır" başlıqlı yazında nəinki mətbuat haqqında etik qaydaları, o cümlədən ədəb-ərkanı, insanlığı unudub.

Belə ki, 6 il əvvəl "Yeni Müsavat"da hazırlanmış reportajı "Azadlıq" qəzeti plagiatlıq etməklə özünün "malı" kimi oxucularına yeni "aranjemanda" təqdim etməsinə nə ad vermək olar? Bir zamanlar siyasi məqsədlər naminə yazılmış reportajı "manatın devalvasiyasından sonrakı Azərbaycan reallığı" kimi təqdim etməyin necə qiymətləndirməyi oxucuların öhdəsinə buraxırıq.

"Yeni Müsavat" qəzetinin 11 avqust 2010-cu il sayında dərc olunan və qəzetin əməkdaşı Günay Musayevanın müəllifi olduğu "Bakıdakı "Qul bazarı"nda hamilə qadınlar da iş axtarır" başlıqlı yazısı 6 il sonra "Azadlıq" qəzetinin 2 fevral 2016-cı il sayında dərc olunub. Eyni başlıq, eyni məzmunla, xural.com saytına istinad edərək.

"Yeni Müsavat" qəzetimizdə olaraq, 6 il öncə dərc olunan reportajın indi necə gündəmə gəlməsini və müəlliflik hüququnun niyə tanınmamasını araşdırmaq üçün öncə "Azadlıq" qəzetinin redaktoru Sücəddin Şəriflə əlaqə saxladıq.

Sücəddin Şərif həmin yazının "Yeni Müsavat" qəzetində dərc olunduğundan və 6 il öncə yazıldığından xəbərsiz olduğunu bildirdi: "Bu yazını əməkdaşlarımız xural.com saytından götürüblər. Orada "Yeni Müsavat"a istinad olunmadığı üçün biz yazının "xural.com" saytına aid olduğunu düşünərək onlara istinad verdik. Mən bu məsələni əməkdaşlarımızla araşdıracağam".

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı isə məsələyə facebook statusunda aydınlıq gətirib. O, bildirib ki, bu yazı facebook istifadəçiləri tərəfindən onlara göndərilib: "Bu yazını dünən dostlar "facebook"da görüb və dərc olunmaq üçün bizə göndəriblər. Bizim uşaqlar da olduğu kimi dərc ediblər. Bəzi saytlar da yazını bizə istinadən təkrar tirajlayıblar. Sağ olsun, Azər Ayxanın xatırlatmasından sonra məsələni araşdırdıq və yazının 2010-cu ildə "Yeni Müsavat" qəzetində Günay Musayeva tərəfindən yazıldığı məlum oldu. Saytımızda düzəliş etdik..."

Qeyd edək ki, məsələ aydınlaşdıqdan sonra xural.com saytında düzəliş edilib və yazının 2010-cu ildə "Yeni Müsavat" qəzetində dərc olunduğu qeyd edilib.

Yazının müəllifi, jurnalist Günay Musayeva isə, bildirib ki, yazının yenidən gündəmə gəlməsi müsbət hal olsa da, müəllif hüququnun pozulması arzuolunan deyil: "Xural.com saytının mənim 2010-cu ildə dərc olunan yazımı yenidən gündəmə gətirməsi müsbət bir haldır. Çünki, bu problem indi də qalmaqdadır".

Bütün xəbərlər Facebook səhifəmizdə