Astarada gənclərlə görüş keçirildi FOTOLAR

Astarada gənclərlə görüş keçirildi FOTOLAR

Fevralın 1-də Astarada Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev gənclərlə görüşüb. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbir iştirakçıları Ulu öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Tədbiri giriş sözü ilə açan icra başçısı 2 fevral Gənclər günü və Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə Astara gənclərini təbrik edib, müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı yolunda onların hər birinə yeni-yeni uğurlar arzulayıb. İcra başçısı qeyd edib ki, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə malik gənclərimizin ölkəmizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda göstərdikləri fədakarlıqlar bizi hədsiz sevindirir, ürəyimizi fərəh hissi ilə doldurur. Vətənimizin azadlığı və müstəqilliyi, torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsi uğrunda aparılan mübarizədə gənclərimizin ön sırada dayanması, ata və babalarımızın qəhrəmanlıq ənənələrinin davamına parlaq nümunədir.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyev bu ənənəyə sadiq qalaraq vaxtaşırı müxtəlif sahələrdə uğurlar qazanmış gənclərlə görüşür, gəncliyin problemləri ilə daha yaxından tanış olur, onları düşündürən məsələlər ətrafında geniş fikir mübadiləsi aparır. Yanvarın 29-da möhtərəm Prezident İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşündə müasir dövrdə gənclərimizin qarşısında duran mühüm və şərəfli vəzifələr barədə ətraflı söhbət açıb. Müstəqilliyin ilk illərində respublikamıza rəhbərlik edən səriştəsiz kadrların fəaliyyətindəki ciddi nöqsanlar barədə məlumat verən ölkə başçısı qeyd edib ki, yalnız Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan bütün sahələrdə inkişaf etməyə başlayıb. Son 20 il inkişaf və sabitlik dövrü olub. Güclü iqtisadiyyat yaratmışıq, güclü sosial siyasət aparılır, güclü ordu qurmuşuq.

İcra başçısı respublikada müasir tipli Olimpiya İdman komplekslərinin, gənclər evi, mədəniyyət və turizm obyektlərinin inşasına, mühüm idman və mədəniyyət tədbirlərinin ölkəmizdə keçirilməsinə, turizmin sürətli inkişafına xüsusi diqqət yetirilməsində möhtərəm Prezidentimizin müstəsna rolunu göstərib. Ötən ilin yayında 50 Avropa ölkəsinin minlərlə idmançısının iştirak etdiyi, dünyada ilk dəfə keçirilən Birinci Avropa Oyunlarının Azərbaycanda ən yüksək səviyyədə təşkil olunması dediklərimizə əyani sübutdur. 2007-ci ilin ölkədə "Gənclər ili", 2012-ci ilin "İdman ili" elan olunması gənclərə dövlət qayğısının bariz nümunəsidir.

Rayon Gənclər İdman İdarəsinin rəisi Ərçə Əliyev, Suparibağ kənd tam orta məktəbin müəllimi Kəmalə Nəsirova, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin III kurs əlaçı tələbəsi Günel Lətifzadə, Rayon Mərkəzi Kitabxananın kitabxanaçısı Aysel Əhmədova, Astara Pedaqoji Kollecin tələbə gənclər təşkilatının sədri Elnur Əsgərov, Maşxan kənd tam orta məktəbinin müəllimi Rövşən Bağırov və başqaları çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı möhtərəm Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər. Son dövrdə Astara rayonunda geniş abadlıq və quruculuq işlərinin aparılması, xüsusən gənclərin asudə vaxtının səmərəli təşkili üçün park və xiyabanların, istirahət mərkəzlərinin tikilib istifadəyə verilməsi, gənc kadrlara yüksək etimad göstərilərək irəli çəkilməsi rayon ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanıb. Rayon icra hakimiyyəti başçısı Qəzənfər Ağayev rayonun ictimai siyasi həyatında fəal iştirak etdiklərinə görə Suparibağ kənd tam orta məktəbin müəllimi Kəmalə Nəsirovanı, gənc sahibkar Samir Mailovu, Astara Pedaqoji Kollecin II kurs tələbəsi Aygün Tağıyevanı, Astara Boks Mərkəzinin direktoru Tofiq Salmanovu, Astara şəhər 5 saylı tam orta məktəbinin XI sinif şagirdi Dəniz Baxışzadəni fəxri fərmanla təltif edib

Sonda xatirə şəkli çəkilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə