Dövlət daim sahibkarların yanındadır

NƏRİMAN ƏLİYEV, millət vəkili
Dövlət daim sahibkarların yanındadır

Prezident İlham Əliyevin bu istiqamətdə apardığı işlər və atdığı mütərəqqi addımlar hər bir sahibkara stimul verir

Bu gün Azərbaycan beynəlxalq aləmdə dinamik iqtisadi inkişafa malik ölkə kimi tanınmaqla yanaşı, eyni zamanda investisiya cəlbediciliyi baxımından da öndədir. Ölkə Prezidenti İlham Əliyevin "Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır" əhəmiyyətli tezisinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilib. Bu sahənin daim diqqət mərkəzində saxlayan ölkə Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışında da sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların sayının, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların isə cəzalandırılacağını bildirib.

İnkişafa mane olan problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılmışdır

Dövlət rəhbərinin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf mərhələsinə qədəm qoymuş, sahibkarlığın inkişafına diqqət daha da artırılmışdır. Kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi mexanizmləri daha da təkmilləşdirilmiş, iş adamlarının fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, bu sahədə inkişafa mane olan problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılmışdır. Regionlarda mühüm infrastruktur layihələrinin həyata keçirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı"nın təsdiqlənməsi, "bir pəncərə" prinsipinin tətbiqi ilə biznes subyektlərinin qeydiyyat və lisenziya sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması və digər tədbirlər bu istiqamətdə atılmış ciddi addımlardır.

Dövlət başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar da ölkənin davamlı inkişafına yönəlmiş sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı keçid iqtisadiyyatlı ölkələrin siyasi, sosial-iqtisadi sisteminin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayan sahibkarlığın inkişafı, orta təbəqənin formalaşması, aparılan inkişaf prosesində bir harmoniya yaradır. Azərbaycanda sahibkarlığı inkişaf etdirən amillərdən biri də regionlarda rəqabət qabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılmasıdır. Regionlarda istehsal olunan bir cox məhsullarımız artıq Avropa və Amerika bazarlarına da ixrac olunur ki, bu da bütövlükdə ixrac payında qeyri-neft məhsullarının payını artırır. İxracyönümlü məhsul istehsal edən müəssisələrə dövlət dəstəyinin genişləndirilməsi və ixrac imkanlarının artırılması istiqamətində işlər davam etdirilir.

Cənab Prezidentin dəfələrlə etdiyi xəbərdarlıqdan nəticə çıxarmayan məmurlar, nəhayət anladılar ki, vəzifədə olmaq üstünlük deyil

Onu da xatırlatmaq yerinə düşərdi ki, Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması barədə qanun layihəsi qəbul olunub. Bu arada həmin layihəyə münasibətdə bildirmək mümkündür ki, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Eyni zamanda, lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyətilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi nəzərdə tutulub.

Xüsusi olaraq vurğulamaq istərdim ki, Prezidentin sözügedən Fərmanı oliqarxlaşmış məmurlara, vəzifəyə xalqa xidmət yox, şəxsi məqsədlərini həyata keçirmək vasitəsi kimi baxan məmurlara böyük zərbədir. Cənab Prezidentin dəfələrlə etdiyi xəbərdarlıqdan nəticə çıxarmayan məmurlar, nəhayət anladılar ki, vəzifədə olmaq üstünlük deyil. Ölkə başçısı hər dəfə olduğu kimi, bu dəfə də sahibkarların tərəfini tutdu. Onlara imkan yaratdı ki, həm özləri gəlir əldə edə bilsinlər, həm işçi heyətini saxlaya bilsinlər, həm də ölkə iqtisadiyyatının inkişafına təkan versinlər.

Hər zaman sahibkarların yanında olan və onlara öz siyasi dəstəyini nümayiş etdirən dövlət başçısının imzaladığı son sənədləri bir daha sahibkarlığın inkişafında modern mərhələnin başlaması barədə anonsun reallaşması kimi də qiymətləndirmək olar. Bu, həmçinin sahibkarlarla dövlət qurumları arasında ünsiyyətin minimumlaşdırılmasına və yersiz müdaxilələrin tamam aradan qaldırılmasına səbəb olacaq. Bütövlükdə, bu, sahibkarlıq sferasında artıq yeni, liberal və sivil münasibətlərin formalaşması deməkdir. Həmçinin, lisenziyaların verilməsinin "ASAN xidmət"ə həvalə edilməsi sahibkarlara heç bir süründürməçilik və əlavə xərclər olmadan bütün növ lisenziyaları almaq imkanı verəcək. Həmçinin, sahibkar dövlət qarşısında məcburi öhdəliklərini yerinə yetirməklə, o cümlədən dəqiq hesablanmış vergilərə yersiz müdaxilələrin tamamilə aradan qaldırılması sahibkarlara vəsaitlərə qənaət etməyə imkan verməklə yeni iş yerlərinin sayını artırmağa şərait yaradacaq.

İnanırıq ki, bəzi sahibkarlar da ölkə başçısının etimadından sui-istifadə etməyəcək, vergiləri vaxtlı-vaxtında ödəyəcək, Prezidentin qayğısını şəxsi üstünlük kimi qəbul etməyəcəklər

Beləliklə, son islahatlar bir daha onu təsdiqləyir ki, ölkəmizdə dayanıqlı iqtisadi artım tempinin qorunub saxlanılmasına imkan verəcək. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, 2016-cı il iqtisadi baxımdan asan il olmayacaq. Qlobal və regional çətinliklərlə müşahidə edilən dünya bazarında strateji məhsulların qiyməti aşağı olaraq qalmaqdadır. Yalnız iqtisadi deyil, həmçinin siyasl faktorlar ilə müəyyənləşdirilən enerji məhsullarının qiymətilə bağlı proqnozlar, hələlik nikbin deyil. Eyni zamanda, region ölkələrində iqtisadi inkişaf səviyyəsində kəskin durğunluq müşahidə edilir. Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artım ilə bağlı gələnilki proqnozlarına düşəliş edərək 3,7 faizdən 3,1 faizədək azaltdı. MDB məkanından gələn cəmi 0,3 faiz artım proqnozlaşdırılıb. Buna rəğmən 2016-cı ildə 1,8 faiz artım proqnozlaşdırılan ölkəmizdə ÜDM-dəki artım Avropa üçün orta göstəricidən də çox olacaq. İlk ayını geridə qoyduğumuz 2016-cı il də daxil olmaqla növbəti illərdə dayanıqlı iqtisadi inkişaf tempi birbaşa sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi hesabına baş verəcək. Artıq qeyri-neft sektoru iqtisadiyyatın lokomotivinə çevrilib. Bu isə o deməkdir ki, növbəti illərdə də Azərbaycan qlobal və regional çətinliklərin, o cümlədən neftin dünya bazar qiymətinin aşağı səviyyədə qalmasının təsirlərindən sığortlana biləcək.

İnanırıq ki, bəzi sahibkarlar da ölkə başçısının etimadından sui-istifadə etməyəcək, vergiləri vaxtlı-vaxtında ödəyəcək, Prezidentin qayğısını şəxsi üstünlük kimi qəbul etməyəcəklər.

Beləliklə, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasəti nəticəsində bu ölkədə sahibkarlar bundan sonra daha da güclənəcək, müstəqil Azərbaycanın dayanıqlı iqtisadiyyatının möhkəm təməllər üzərində formalaşmasına imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə