Dövlət qulluqçuları ilə görüş

Dövlət qulluqçuları ilə görüş

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul olunan dövlət qulluqçuları ilə görüş olub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Əjdər Cəbiyev Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkədə dövlət qulluğu sisteminin təkmilləşdirilməsinə, bu sahədə dövlətçiliyə sadiq, bilikli, işgüzar kadrların yerləşdirilməsinə, dövlət qulluğu üzrə layiqli kadr potensialının formalaşdırılmasına diqqət və qayğısından bəhs edib. Ölkəmizdə dövlət qulluğu sahəsində mükəmməl qanunvericilik bazasının olduğu diqqətə çatdırılaraq bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə kadrların qəbulu prosesini dövlət qulluğu haqqında qanunvericiliyin prinsipləri əsasında həyata keçirir. Nazirlik bu sahədə fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə fəal əməkdaşlıq şəraitində təşkil edir.

Ötən müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə həmin Komissiyanın keçirdiyi müsabiqə və müsahibə mərhələlərində uğur qazanmış namizədlər işə qəbul olunub. Həmin kadrlar öz vəzifələrini tələb olunan səviyyədə yerinə yetirir, nazirliyin işgüzar ruhuna uyğun fəaliyyət göstərirlər. Bu istiqamətdə tədbirlərin davamı olaraq, Komissiyanın müsabiqə və müsahibələrindən uğurla keçmiş daha 45 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində müvafiq inzibati vəzifələrə işə qəbul ediliblər.

Qeyd olunub ki, nazirlik sistemində yeni işə qəbul olunan kadrların qarşısında dayanan başlıca vəzifə Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər" prinsipi əsasında fəaliyyət göstərmək, özlərinin davranışları ilə hər bir vətəndaş üçün nümunə olmaqdır. Son illərdə əmək və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya işinin təşkili, eləcə də nazirliyin digər fəaliyyət sahələrində əhaliyə xidmətin təkmilləşdirilməsi, müasir və şəffaf xidmətlər sisteminin qurulması yönündə mühüm islahatlar aparılır. Yeni işə qəbul olunan kadrlar bu islahat proseslərində daim fəal iştirak etməli, bu proseslərə öz töhfələrini verməyə çalışmalı, dövlət qulluğu sistemində çalışmağın şərəfini daim yüksək tutmalıdırlar.

Görüşdə yeni işə qəbul olunan kadrlar dövlət qulluğunda işə qəbul olunmaları prosesinin şəffaf və obyektiv şəkildə aparıldığını vurğulayıb, onlara göstərilən inam və etimadı həmişə uğurlu fəaliyyətləri, əhaliyə layiqli səviyyədə xidmət göstərmələri ilə doğruldacaqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə