Tanınmış beynəlxalq ekspert QMİ-də FOTO

Tanınmış beynəlxalq ekspert QMİ-də FOTO

Yanvarın 28-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, İsrailin Cəmiyyət üçün Beynəlxalq Layihələr qeyri-hökümət təşkilatının rəhbəri Ari Qutu qəbul etdi. QMİ-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səmimi şəraitdə keçən görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, dini tolerantlıq məsələləri, habelə hal-hazırda dünyada cərəyan edən hadisələr, təhlükəli tendensiyalar və onların fəsadlarının qarşısının alınması ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını vurğulayan Şeyxülislam A.Paşazadə ali mənəviyyat mənbəyimiz olan dinimizə Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısından danışdı. O vurğuladı ki, məhz Ümummilli Lider Heydər Əliyev müstəqilliyinə qovuşmuş Azərbaycanda dini mədəniyyətin, tolerantlıq və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoyub. Məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblərarası müstəvidə ehtiramlı münasibət hökm sürür. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dini dözümlülük ənənələrindən danışan Şeyxülislam A.Paşazadə dedi ki, ölkəmizdə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc yanaşı yaşayıblar, heç bir vaxt ksenofobiya və dini zəmində münaqişələr müşahidə olunmayıb. O, Azərbaycanda uzun əsrlərdən bəri tolerantlıq ənənələrinin mövcud olduğunu, bu ənənələrin bu gün də davam etdirildiyini, müxtəlif dinlər, məzhəblər arasında qarşılıqlı ünsiyyət və əlaqələrin qorunub saxlandığını qonağın diqqətinə çatdırdı. QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili "Multikulturalizm ili" elan etməsini əhəmiyyətli hal kimi dəyərləndirərək, Azərbaycanda bunun gündəlik həyat tərzi olmasından qürur duyduğunu bildirdi.

Azərbaycanda olmasından məmnunluq duyduğunu bildirən A.Qut Azərbaycanda hökm sürən dinlərarası dialoq və əməkdaşlığın olduqca qiymətli dəyər olduğunu və bu dəyərin Azərbaycanın dünya çapında vizit kartına çevrildiyini xüsusi vurğuladı. O, antisemitizm təzahürlərinin heç bir zaman mövcud olmadığı Azərbaycanın beynəlxalq münasibətlər sistemində multikulturalizm dəyərlərinin fəal təbliğatçısı kimi çıxış etməsini əhəmiyyətli hal kimi səciyyələndirdi. O bildirdi ki, bu işdə Azərbaycanın dövlət rəhbərinin, habelə dini icma rəhbərlərinin rolu təqdirə layiqdir.

İsrailli qonaq Azərbaycanın tolerantlıq mühitinin öyrənilməsi və təbliği işi üçün rəhbəri olduğu QHT tərəfindən həyata keçirilən tədbirlər barədə, keçən il təşəbbüsləri ilə ölkəmizdə hazırlanmış və geniş ictimaiyyətin böyük marağına səbəb olmuş film barədə QMİ sədrinə ətraflı məlumat verdi. Yaxın vaxtlarda bu qəbildən olan daha bir layihə gerçəkləşdirəcəklərini qeyd edən A. Qut, dünyanı radikallaşma, dözümsüzlük mərəzi bürüdüyü bir zamanda Azərbaycanda multikulturalizmin nümunəvi səviyyəsini, habelə Şeyxülislam A. Paşazadənin Azərbaycandakı digər ənənəvi dini liderlərlə uğurlu əməkdaşlıq təcrübəsini, habelə Qafqaz və MDB çərçivəsində nüfuzlu dini lider olaraq dinlərarası dialoq prosesinə verdiyi töhfələri işıqlandırmaq niyyətində olduğunu bildirdi. Qonaq diqqətə çatdırdı ki, Azərbaycanda dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələrinin və müxtəlif məzhəb daşıyıcılarının dostluq, qardaşlıq şəraitində yaşamaları, tarixi-mədəniyyət abidələrinin, müsəlman məscid və ziyarətgahlarının, yəhudi, xristian məbədlərinin bərpası və təmiri – bütün bunlar Azərbaycan reallıqlarını əks etdirən sağlam dini-mənəvi vəziyyətin göstəricisidir.

QMİ sədri tanınmış beynəlxalq ekspertin Azərbaycan həqiqətlərini, dini icmaların real həyatlarını olduğu kimi təbliğ etməsini, habelə Azərbaycan diasporası ilə əməkdaşlığını yüksək dəyərləndirdiyini vurğuladı. Şeyxülislam A.Paşazadə görüşdə iştirak edən Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayevin də Azərbaycan reallıqlarının, dini tolerantlıq mühitinin dünyada yüksək səviyyədə təbliğində böyük rolu olduğunu qeyd edərək, ona öz təşəkkürünü bildirdi

Görüşün sonunda QMİ sədri qonağa xatirə hədiyyəsi təqdim etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə