Qaradağ rayonunda Azərbaycan Gəncləri Günü qeyd edilib FOTOLAR

Qaradağ rayonunda Azərbaycan Gəncləri Günü qeyd edilib FOTOLAR

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Məclisin deputatları Adil Əliyev, Aydın Hüseynov və digər şəxslər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər. Sonra rayon gənclərinin müxtəlif yarışlarda əldə etdikləri nailiyyətlər nümayiş olunub.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbirdə çıxış edərək ölkəmizdə gənclərə göstərilən yüksək diqqət və qayğı siyasətinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin hərtərəfli inkişafına və ictimai-siyasi həyatda fəal iştirakının təmin olunmasına yönəlib. Ulu Öndərin əsasını qoyduğu bu siyasət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dövlətimizin gənclər siyasətinin əsas istiqamətləri gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, onların sağlamlığının qorunması və fiziki inkişafı, gənclərin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət tərəfindən yardımların göstərilməsidir. Prezident İlham Əliyevin 2015-cil 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın gənclərə yüksək diqqətinin daha bir nümunəsidir. Azərbaycanda gənclərə diqqət və qayğının göstərilməsi sahəsində Heydər Əliyev Fondunun da misilsiz xidmətləri var.

İsmayıl İsmayılov çıxışında Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyevin gənclərin inkişafı məqsədilə 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında Fərman imzaladığını diqqətə çatdırıb. O, 1996–cı il fevralın 2-də Azərbaycan gənclərinin birinci Forumunun keçirilməsinin, 2 fevral – Azərbaycan Gəncləri Gününün təsis olunmasının ölkə gənclərinin inkişafında mühüm rol oynadığını bildirib.

Deputatlar - Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ölkəmizdə gənclərin inkişafı və onların cəmiyyətdə rollarının artırılması üçün hər cür şəraitin yaradıldığını qeyd ediblər. Natiqlər bu gün ölkəmizdə vətənpərvər, savadlı, yenilikçi gənclərin olduğunu, habelə Azərbaycanda dövlət səviyyəsində gənclərlə bağlı bir sıra proqramların və layihələrin icra olunduğunu diqqətə çatdırıblar.

Qaradağ rayon gənclər və idman idarəsinin rəisi Elçin Abbasov "Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən qurum tərəfindən görülmüş işlər, rayon gənclərinin qazandığı uğurlar barədə məlumat verib.

Fəal gənc, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Cavid Abdullayev ölkə gəncliyinin qarşısında geniş imkanların açıldığını, bu şəraitdən hər bir gəncin səmərəli şəkildə yararlanaraq dövlət və cəmiyyət üçün faydalı vətəndaş kimi yetişəcəyinə əminliyini bildirib.

Digər gənclər də çıxışlarında ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycanın dünyanın qabaqcıl və sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini, göstərilən hərtərəfli diqqət və qayğının onlarda böyük ruh yüksəkliyi yaratdığını qeyd ediblər.

Sonda rayonun ictimai həyatında fərqlənmiş gənclərə fəxri fərman və hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə