Azərbaycan ekoloji effektivlik reytinqində liderdir

Azərbaycan ekoloji effektivlik reytinqində liderdir

Azərbaycan daha bir sahədə beynəlxalq reytinqini artırıb. Belə ki, Azərbaycan ekoloji effektivlik indeksi üzrə reytinqdə 31-ci yeri tutub. Bu barədə Yel və Kolumbiya universitetlərinin hesabatında deyilir. Azərbaycan 83,78 bal toplayaraq son 10 ildə göstəricilərini 18,1 faiz yaxşılaşdırıb və reytinqdə MDB-nin bütün ölkələrini qabaqlayıb. Rusiya 32-ci olub. Siyahıya Finlandiya, İslandiya, İsveç, Danimarka və Sloveniya başçılıq edib.

Qeyd edək ki, ölkədə iqtisadiyyatın inkişafı və əhalinin sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması dövlətin daim diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq son illər ekologiyaya, təbiəti mühafizəyə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilib, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar atılıb. Bir sıra iri su hövzələri tikilmiş, torpaqları şoranlaşmadan təmizləmək üçün drenaj sistemləri qurulmuş, Bakı şəhərində və onun ətrafında çoxlu yaşıllıqlar, Xəzərsahili qumluqlarda sahilbərkidici və torpaqların erroziyasının qarşısının alınması məqsədi ilə meşə örtüyü zolaqları salınmış, flora və faunanın qorunub saxlanması və inkişaf etdirilməsi üçün bir sıra Təbiət Qoruqları və Yasaqlıqları yaradılmışdır. Azərbaycan dövləti təbiətin mühafizəsi, bioloji müxtəlifliyin azalmasının və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini prioritet kimi qəbul edir. Çünki bu kimi ekoloji məsələlərin həlli böyük sosial-iqtisadi əhəmiyyət kəsb edir. Hazırda ölkədə "Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram", "Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram" ları təsdiq edilib. Azərbaycan Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Belə bir şəraitdə ətraf mühiti həddindən artıq çirklənmısinin qarşısını almaq məqsədilə bir sıra həllivacib işlərin görülməsinə ehtiyac var. Hazırda respublikamızda həllini təcili tələb edən bir sıra ekoloji problemlər: su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye sularının tullantıları ilə çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, atmosfer havasına zərərli qazların yol verilən normadan artıq atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, sənaye və məişət tullantılarının utilizasiyası və sair kimi işlər həyata keçirilməkdədir.

Yeri gəlmişkən xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə 5 noyabr 2014-cü il tarixindən ölkədə "Ümumrespublika Yaşıllaşdırma" marafonuna başladılmışdır. Marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir. Layihədə Azərbaycan Respublikasının 76 rayon və şəhər icra hakimiyyətinin iştirakı və ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsi nəzərdə tutulur. Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən ölkənin iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra, ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət almış və formalaşmağa başlamışdır. Bu həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilir. Respublikamızda bu dövrdə ekoloji siyasətə dair ilk sənəd kimi "Dayanıqlı inkişaf"

prinsiplərinə əsaslanan "Azərbaycan Respublikasının ekoloji Konsepsiyası"nı qeyd etmək olar. Bu konsepsiyada respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapmışdır. Mövcud problemlərin həll edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Beynəlxalq təşkilatlarla, donor ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Belə ki, BMT-nin İnkişaf , Ətraf Mühit, Sənayenin İnkişafı proqramları, NATO, ATƏT, Qlobal Ekoloji Fond, Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı, İqtisadi Əməkdaşlıq təşkilatı, Dünya Bankı, Asiya bankı, Ümumdünya Vəhşi Təbiət fondu və s. təşkilatlarla əməkdaşlıq davam etdirilir. Bununla bərabər müvafiq sazişlər əsasında inkişaf etmiş ölkələrlə iki tərəfli əməkdaşlıqlar qurulur. Ətraf mühit sahəsində beynəlxalq müqavilələrə qoşulmağa da böyük diqqət yetirilir. Belə ki, Azərbaycan Respublikası bu günə kimi 20 konvensiyaya qoşulmuş, müvafiq protokollar imzalamışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə