Lənkəranda anti-böhran tədbirləri ilə bağlı müşavirə keçirildi FOTOLAR

Lənkəranda anti-böhran tədbirləri ilə bağlı müşavirə keçirildi FOTOLAR

Bu gün Lənkəran Şəhər Mədəniyyət Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrasının ikinci ildönümünə həsr olunmuş konfransda dövlətimizin başçısının söylədiyi nitqindən irəli gələn vəzifələrə həsr olunan müşavirə keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyələrin sədrlərinin və ictimaiyyətin təmsilçilərinin iştirak etdiyi toplantıda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, dünyanın ən inkişaf etmiş ölkələrinin iqtisadi çətinliklərlə, böhranla üz-üzə qaldığı bir dövrdə Azərbaycanda iqtisadiyyatın dinamik şəkildə inkişafının davam etməsi, sosial-iqtisadi həyatımızın bütün sahələrində qazanılan uğurlar bütün ölkə vətəndaşları kimi, lənkəranlıları da hədsiz sevindirir. Ölkəmizdə möhkəm siyasi sabitliyin, vətəndaş həmrəyliyinin hökm sürdüyünü vurğulayan T. Qaraşov bu uğurların ümummilli lider Heydər Əliyevin siyasi xəttinin dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi kimi dəyərləndirib.

Qeyd olunub ki, bu gün dünyada davam edən iqtisadi böhran Azərbaycandan da yan ötməyib. Manatın devalvasiyası nəticəsində yaranmış bir sıra çətinliklərdən bəzi radikal qüvvələr öz çirkin niyyətlərini həyata keçirməyə cəhdlər göstəriblər. Lakin, onların bu cəhdləri əbəsdir. Azərbaycan Prezidentinin müdrik siyasəti, həyata keçirdiyi anti-böhran tədbirləri və müəyyən etdiyi hədəflər öz bəhrəsini verməkdədir.

Bildirilib ki, süni surətdə qiymətlərin qaldırılmasına dövlət nəzarətinin gücləndirilməsi, ölkədə genişmiqyaslı iqtisadi islahatlara başlanması, pensiya və müavinətlərin, dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlarda çalışanların əmək haqlarının artırılması ölkə başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamdır.

Diqqətə çatdırılıb ki, iqtisadi çətinliklərə baxmayaraq ölkəmizdə 2016-cı ildə də bütün sosial layihələr icra olunacaq, iqtisadi islahatlar davam etdiriləcək.

Bildirilib ki, Lənkəranda anti-böhran tədbirləri əhali arasında geniş təbliğ olunur. Rayonda əhalinin məşğulluğunu təmin etmək məqsədilə 500 hektar sahədə subtropik bitkilərin əkilməsi, çayçılığın inkişaf etdirilməsi və yaşıl marketlərin yaradılması barədə təkliflər müsbət qarşılanıb və bu istiqamətdə işlər davam etdiriləcək.

Müşavirədə çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, 2008-ci ildən dünyada başlayan iqtisadi böhran 2015-ci ilədək Azərbaycana təsir etməyib. Dünya bazarında neftin qiymətinin dörd dəfə aşağı düşməsi, manatın devalvasiyası ölkəmizdə də bir sıra problemlər yaradıb.

Əhalinin sosial təminatını maksimim müdafiə etmək məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə təkliflər paketinin təqdim olunduğunu vurğulayan Z. Əsgərov dövlətimizin başçısının imzaladığı Sərəncamlara əsasən pensiya və müavinətlərin, büdcədən maliyyəşən bir sıra idarə, müəssisə və təşkilatlarda çalışanların əmək haqlarının artırılmasını insan amilinin dövlətimizin siyasətində əsas prioritetlərdən biri olduğunu diqqətrə çatdırıb.

Qeyd olunub ki, "Şimal-Cənub" beynəxalq yol dəhlizində, "TANAP" və "TAP" layihələrinin icrası istqamətində işlərin davam etdirilməsi yeni iş yerlərinin açılması ilə bərabər büdcənin neftdən asılılığını azaldacaq.

Prezident İlham Əliyevin Lənkəran-Astara zonasına xüsusi diqqət və qayğı göstərdiyini bildirən Z. Əsgərov bu bölgədə yaşayan insanların dövlətə və dövlətçiliyimizə həmişə sədaqətli olduqlarını qeyd edərək, hamını ölkə başçısı ətrafında sıx birləşməyə çağırıb.

Müşavirədə çıxış edən Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev, şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Vüsal Nəsirli və Lənkəran Dövlət Universitetinin magistrantı, universitetin tələbə-gənclər təşkilatının sədri Emin Həmidli dövlətimizin başçısının anti-böhran təddbirlərini dəstəklədiklərini ifadə edərək əhalinin müxtəlif təbəqələrinin əmək haqlarının, pensiya və müavinətlərin artırılmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Müşavirəni yekunlaşdıran Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Azərbaycan Prezidentinin tapşırıqlarına müvafiq olaraq regionlarda sənaye zonalarının yaradılması, özəlləşdirmə prosesinin davam etdirilməsini vurğulayaraq rayonda yeni iş yerlərinin açılması istiqamətində kənd yerlərində xalçaçılığın inkişaf etdirilməsi, xaricdə yaşayan lənkəranlı sahibkarların özəlləşdirməyə və rayonda məhsul istehsalına cəlb edilməsinin vacibliyini diqqətə çatdırıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə