2 kəndə qaz verildi

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, yanvarın 28-də İsmayıllı və Saatlı rayonlarının daha 2 kəndinə təbii qaz verilib. SOCAR-dan Sİa-ya verilən xəbərə görə, bu münasibətlə keçirilən mərasimlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İsmayıllı rayonunda keçirilən tədbirdə bildirilib ki, 243 abonenti olan Qurbanəfəndi kəndinin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 12455 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Saatlı rayonunun Xanlarkənd kəndinə də təbii qazın verilişi bərpa edilib. Bu münasibətlə keçirilən mərasimdə qeyd olunub ki, 335 abonentlik kəndin qaz təchizatının bərpası məqsədi ilə 19285 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə