İqtisadiyyat naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisi qəbul edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir Şahin Mustafayev bildirib ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında yüksək səviyyəli siyasi münasibətlər və qarşılıqlı səfərlər iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurlu inkişafına əlverişli zəmin yaradıb. İndiyədək ölkələrimiz arasında 30-dan çox sənəd imzalanıb, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5 iclası keçirilib, Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyi Bakıda açılıb. Azərbaycan və BƏƏ arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə toxunan nazir Şahin Mustafayev kənd təsərrüfatı, turizm, alternativ enerji, humanitar, təhsil və s. sahələrdə əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırıb.
Azərbaycan və BƏƏ arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, münaqişə ilə bağlı ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisi Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu ifadə edərək, fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində səy göstərəcəyini vurğulamış, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.
Görüşdə həmçinin, bu il keçirilməsi nəzərdə tutulan Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB