BAMF BMT-yə etiraz etdi

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) İspaniya hökumətinin maliyyə dəstəyi və BMT İnkişaf Proqramı tərəfindən yaradılmış Dayanıqlı İnkişaf Məqsədləri Fondunun Azərbaycanın işğal altındakı ərazilərinin erməni dilində təqdim edilməsi ilə əlaqədar Fondun sədri Paloma Durana və BMTİP-in rəhbəri xanım Helen Klarka etiraz məktubu ünvanlayıb.

BAMF-ın mətbuat xidmətindən bildiriblər ki, məktubda Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi və digər yeddi rayonunun adlarının Dayanıqlı İnkişaf Məqsədləri Fondunun internet səhifəsində yerləşdirilmiş xəritədə erməni dilində təqdim olunmasının qəbul edilmiş beynəlxalq hüquq normaları və bəşəri dəyərlər baxımından doğru olmadığı qeyd edilib. Bildirilib ki, qədim Azərbaycan torpaqlarının adlarının erməni dilində təqdim edilməsi işğal amilinə, işğalın səbəb olduğu ədalətsizliklərə haqq qazandırır.

Məktubda vurğulanır ki, BAMF BMT-nin dünyada davamlı inkişaf və sülhün qorunması sahəsində qəbul etdiyi strategiyanı, müxtəlif qətnamələri və prinsipləri prioritet hesab edir.

BMT Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğaldan azad olunması, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi, qaçqınların öz doğma yurd-yuvalarına qayıtmaları ilə bağlı 4 qətnamənin (822, 853, 874 və 884 saylı) qəbul edilməsi ilə münaqişəyə doğru hüquqi qiymət verib.

Lakin azərbaycanlıların tarixən yaşadıqları və bu gün işğal altında olan torpaqlarının erməni dilində təqdim edilməsinə göz yummaq bir milyon məcburi köçkünün hüquqlarının pozulmasına haqq qazandırmış olur. İşğal altındakı Dağlıq Qarabağ bölgəsi və yeddi Azərbaycan rayonu bütün infrastrukturun dağıdılması, qeyri-qanuni dəstələrin cəm edilməsi, mədəni-tarixi irsin vandalcasına yox edilməsi ilə yanaşı, yaşayış məskənlərinin və tarixi abidələrin erməniləşdirilməsi kimi saxtakarlıqla üz-üzə qalıb.

Bu baxımdan, bir xalqın əsrlər boyu yaşadığı tarixi-coğrafi ərazilərdə saxtalaşdırma əməllərinin törədilməsinin qarşısının alınması faktı kimi, BMT-nin yaydığı rəqəmsal xəritədə gedən yanlışlıqların aradan qaldırılmasının zəruriliyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə