Milli Kitabxanada respublika müşavirəsi FOTOLAR

Dərc olunan mətbuat materiallarının və nəşr məhsullarının arxiv fondunun yaradılması müzakirə olunub
Milli Kitabxanada respublika müşavirəsi FOTOLAR

Bu gün Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Azərbaycan ərazisində dərc olunan mətbuat materiallarının və nəşr məhsullarının arxiv fondunun yaradılması işinin təkmilləşdirilməsinə dair qəzet və jurnal redaktorlarının, nəşriyyat direktorlarının respublika müşavirəsi keçirilib. SİA-nın məlumatına görə, müşavirədə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, millət vəkili Hikmət Babaoğlu, mətbuat nümayəndələri iştirak ediblər.

Çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycan Respublikası ərazisində dərc olunan mətbuatın və çap məhsullarının arxiv fondunun yaradılması işinin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 21 noyabr 2015-ci il tarixində müvafiq Qanunun imzalandığını diqqətə çatdırıb. Nazir bildirib ki, həmin Qanunun icrası ilə əlaqədar qarşıda duran vəzifələrin müzakirəsi və Qanunla bağlı tələblərin icrasının təmin olunması mexanizminin işlənib hazırlanması labüddür: "Ölkədə yüzlərlə nəşr çap olunur. Amma onların gələcək nəsillərə çatdırılması üçün arxiv fondlarında toplanması məsələsi bizim qarşımızda problem olaraq qalır. Ölkə başçısının imzaladığı qanunla respublikanın müvafiq kitabxanalarına, müxtəlif dövlət orqanlarının nəzdində olan kitabxanalara məcburi nüsxə təqdim olunması kifayət qədər ciddiləşdirilib. Artıq bununla bağlı cinayət məcəlləsində də müvafiq bənd yer alıb. Bu məsələ hər birimiz üçün həssasdır. Mövcud əməkdaşlıq çərçivəsində məsələnin həllinə çalışsaq da ciddi ölçülər götürmürdük. Vəziyyət o həddə çatıb ki, biz bununla bağlı işimizi bir qədər dolğunlaşdırmalı olduq. Nəinki kitabxana fondunu zənginləşdirməliyik, eyni zamanda xalqımızın mənəvi dəyərlərini, mirasını qoruyub saxlamalıyıq. Müxtəlif adda, müxtəlif səpkidə, mövzuda, nəşrlər çap olunur ki, onları qoruyub saxlamaq bizim ümdə vəzifəmizdir. Həmçinin bu nəşrləri beynəlxalq sərgilərdə də göstərməliyik. Paralel olaraq qanunvericiliyə uyğun şəkildə mütləq nüsxələrin saxlanması prosesini tam təmin edə bilməmişik. Səbəblər müxtəlifdir. Həm obyektiv, həm də subyektiv səbəblər ortadan qaldırılmalıdır. Hansısa daha səmərəli çıxış yolunu axtarıb tapmaq gündəlikdə duran vacib məsələdir".

Nazir onu da vurğulayıb ki, Azərbaycanda bir neçə kitabxana mövcuddur ki, çap olunan nəşrlərin oraya təqdim olunması mütləqdir: "Etiraf edək ki, 1990-cı ilin əvvəlindən bu psroses pozuldu və ondan sonra proses heç cür normal qaydaya düşə bilmir. Hansısa əməkdaşlıq çərçivəsində nəşriyyatlardan kitabların kitabxanalara gətirilməsinə nail olmuşuq. Amma bu yetərli deyil. Bu yöndə işimizi daha da səmərəli qurmalıyıq".

Daha sonra çıxış edənlər Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşaov, millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Milli Kitabxanın direktoru, professor Kərim Tahirov mövcud problemdən çıxış yolları barədə fikirlərini səsləndiriblər, məsələ ətrafında fikir mübadiləsi aparıblar.

Müşavirə mövzu ətrafında diskusiya ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə