DSX Akademiyasına qəbul qaydaları dəyişib

Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunmaq üçün müraciətin və sənədlərin qəbulu qaydaları dəyişib. SİA-nın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunmaq üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamenti"ndə dəyişiklik edilməsi barədə qərar verib.

Dəyişiklik "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" prezidentin 2015-ci il 31 avqust tarixli fərmanının icrası ilə bağlıdır. Həmin fərmana əsasən hazırda yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış "Asan xidmət" mərkəzlərində və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarında yeni qaydada verilir. Arayış "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) və digər informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə, elektron qaydada tərtib edilir, arayış vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən hazırlanır və vətəndaşın müraciət etdiyi gün təxirə salınmadan verilir.

Bununla əlaqədar "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunmaq üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamenti"nə edilən dəyişikliyə əsasən http://www.dsx.gov.az, http://www.e-gov.az elektron ünvanlarında elektron qaydada təqdim edilən sənədlərin siyahısında dəyişiklik edilib və qərar yanvarın 26-dan qüvvəyə minib. Bundan sonra yaşayış yerindən arayışın deyil, yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın skan edilmiş surəti tələb olunacaq.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul üçün elektron qaydada təqdim edilməli olan digər sənədlərin sırasına elektron xidmətin göstərilməsi üçün ərizə, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi, o cümlədən doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti, təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti, tərcümeyi-hal, 3x4 rəngli fotoşəkilin skan edilmiş surətləri daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə