Xalq anti-böhran kampaniyası çərçivəsində növbəti islahat xarakterli addımların atılmasının da şahidi olmaqdadır
Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi qlobal iqtisadi böhranın yaranmasına səbəb oldu. ABŞ, Qərbi və Şərqi Avropa ölkələri, Cənubi Amerika ölkələri, Mərkəzi və Orta Asiya, eləcə də Rusiya, Çin kimi ölkələr başda olmaqla, əksər dünya dövlətləri iqtisadi böhrandan yayına bilmədilər. Söz yox ki, dünya birliyinin bir üzvü olduğunü görə, qlobal iqtisadi böhranın yaratdığı çətinliklər Azərbaycana də təsirsiz ötüşmədi. Çünki Azərbaycan dünya iqtisadiyyatının tərkib hissəsidir. Dövlətimiz uzun müddət milli valyutamız olan manatın kursunu sabit saxlasa da, keçən il devalvasiyaya getməli oldu. Bu müddət ərzində dünyada neftin qiymətinin azalmağa doğru getdiyi, iqtisadi böhran daha da dərinləşdiyi üçün manatın bu devalvasiyası qaçılmaz hala çevrildi. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti əvvəllər olduğu kimi, bu il də xüsusilə aztəminatlı ailələrin sosial-iqtisadi təminatının yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan islahatları davam etdirir, heç bir bir sosial əhəmiyyətli layihədən imtina olunmayıb. Belə ki, qlobal dünyamızda baş verənlər dövlətlərin və xalqların ciddi problemlərlə üzləşməsinə zəmin yaradıb.
Prezident İlham Əliyev: "Regionda baş verən hadisələr istər-istəməz bizə də öz təsirini göstərir"
Bəllidir ki, bütün bunlara səbəblər var. Məsələ həm də ondadır ki, neftin dünya bazarında qiymətinin ucuzlaşması, beynəlxalq aləmdə baş verən münaqişələr iqtisadiyyatda ciddi çətinliklər yaratdı. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında bu barədə çox aydın şəkildə vurğullayıb: "2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşdi. Bizim regionumuzda isə iqtisadi böhranla yanaşı, siyasi və hərbi böhran müşahidə olunur. Əlbəttə, bu, bizi ciddi narahat edir. Çünki biz də bu regionda yaşayırıq və regionda baş verən hadisələr istər-istəməz bizə də öz təsirini göstərir."
Azərbaycan belə çətinliklərə dözməyə hazırdır və gələcəkdə də vəziyyətdən çıxış yolları müəyyənləşdiriləcək
Lakin bütün bunlara baxmayaraq, Azərbaycan 2015-ci ili uğurla başa vurdu. Ölkədə ÜDM 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sektoru sənayesi 8,4 faiz artmışdır. Əslində, bu, ölkənin neft gəlirlərindən asılılığının aradan qaldırılması yolunda qazanılan mühüm nailiyyətdir.
Müşavirədə xüsusilə qeyd edilib ki, ötən il sosial proqramlar da uğurla icra olunub. Rəqəmlərə müraciət etsək görərik ki, ötən dövrdə 60-a yaxın tibb müəssisəsi, 20-dən çox məktəb tikilib və əsaslı şəkildə təmir olunub. İnsanlara daha böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilib. Bu gün 112 min ailə, 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır. O cümlədən, regionların inkişafı sürətlə gedir. Bütövlükdə isə ötən ildə 100 mindən çox iş yeri açılıb, insanlar işlə təmin olunub. Bütün bunlar isə həm də onu göstərir ki, Azərbaycan belə çətinliklərə dözməyə hazırdır və gələcəkdə də vəziyyətdən çıxış yolları müəyyənləşdiriləcək.
Düzdür, baş verən manatın devalivasiyası insanlarda müəyyən çaşqınlıq yaradıb. Amma onu bilmək lazımdır ki, bu, qaçılmaz idi. Ancaq diqqətçəkici mqamlardan biri də budur ki, sözügedən proses digər ölkələrdə Azərbaycandan fərqli olaraq, daha sürətlə gedir. Qonşu ölkələrdə milli valyutalar 100 faiz, bəzən daha çox devalivasiyaya uğramışdır. Müharibə vəziyyətində yaşamağımıza baxmayaraq, Azərbaycanda sabit həyat şəraiti davam edir. Biz müharibənin dəhşətlərini görmüşük. Bilirik ki, Azərbaycan o ağır illərdə hansı bəlalarla üzləşmişdi. Azərbaycan Prezidentinin apardığı müdrik siyasət sayəsində bu gün vətəndaşlarımız rahat yaşayırlar.
Növbəti islahat xarakterli addımların atılmasının da şahidi olmaqdayıq
Xalqımız dərk edir və anlayır ki, mövcud şəraitdə müəyyən çətinliklər olacaq. Bunu Cənab Prezident İlham Əliyev də öz çıxışında vurğulayıb. Amma, dövlətimiz bu böhrandan çıxış yollarını müəyyənləşdirmək üçün təcili və mükəmməl nəticələri olacaq tədbirlər hazırlayır. Artıq inhisarçılığa qarşı mübarizə aparılması üçün müəyyən iş görülür. İstehlak qiymətlərinə ciddi nəzarət edilir. Süni şəkildə qiymətləri artırmağa çalışanlar cəzalandırılır. Hüquq-mühafizə orqanları şəxsi maraqlarını təmin etmək istəyənlərə ciddi cəza tədbirləri tətbiq edirlər. Bütün bunlar, yaxın vaxtlarda vəziyyətə nəzarət imkanlarının genişləndirilməsinə şərait yaradacaq. Bu baxımdan, həm də vurğulamaq yerinə düşərdi ki, biz, heç şübhəsiz, anti-böhran kampaniyası çərçivəsində növbəti islahat xarakterli addımların atılmasının da şahidi olmaqdayıq. İstər əməkhaqqı və pensiyaların artırılması ilə bağlı tədbirlər, istər vəziyyətdən sui-istifadə etmə hallarının səbəbkarlarının cəzalandırılması, korrupsiya və özbaşınalığa qarşı mübarizə sahəsində, istərsə də süni qiymət artımına qarşı tənzimləmə xarakterli addımların atılması istiqamətində konkret addımlar atılır.
Xalqın güclü dəstəyini qazanmış Azərbaycan dövlətinin bəzi qüvvələrin ölkədə qarışıqlıq, ixtişaş yaratmalarına, sabitliyin, milli təhlükəsizliyin pozulmasına imkan verməyəcəyi şübhəsizdir
Son olaraq isə xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan vətəndaşları birmənalı olaraq dövlət başçısı İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti dəstəkləyirlər. Lakin bu da sirr deyil ki, prezident tərəfindən göstərilən ali etimadı boşa çıxaran, daşıdığı vəzifənin məsuliyyətini dərk etməyən, bu cür vəziyyətdən faydalanaraq yalnız öz mənafeyini düşünənlər də var və onlar barəsində lazımi qərarlar qəbul edilir. Dövlətimizin rəhbəri də bu faktı qeyd edib və çox keçmədən belələri ifşa olunaraq vəzifədən kənarlaşıdırlıb, müvafiq qaydada məsuliyyətə cəlb olunublar. Pozuculuğa, korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə bu gün də inamla davam etdirilir. Bu da onu deməyə əsas verir ki, dövlət, xalq mənafeyini öz cılız maraqlarına qurban vermək niyyəti güdənlər qanun qarşısında məsuliyyətdən yayına bilməyəcəklər. Beləliklə də, ölkəmizin rifah və iqtisadi inkişaf yolunda irəliləyişi uğurla davam edəcək. Ümumilikdə isə Azərbaycan vətəndaşları ölkədə hər bir sahədə görülən işləri, həyata keçirilən islahatları müsbət qiymətləndirir, Prezidentin yürütdüyü siyasətə dəstəklərini ifadə edirlər. Tarix boyu, elə 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıdana qədər çox çətin günlər yaşamış xalqımız son 20 ildən artıq müddətdəki sabitliyin, sosial-iqtisadi tərəqqinin qədrini bilir, onu yüksək dəyərləndirir. Cəmiyyətdə tam əksəriyyət təşkil edən sağlam fikirli vətəndaşlarımız dünyada və regionda baş verən prosesləri yaxından izləyir, Yaxın Şərqdə, digər bölgələrdə gedən münaqişələrin arxasında hansı güclərin və maraqların dayandığını bilir, bundan düzgün nəticə çıxarırlar. İnkarolunmaz faktdır ki, Azərbaycanda xalqla dövlətin sarsılmaz birliyi var. Xalqın güclü dəstəyini qazanmış Azərbaycan dövlətinin bəzi qüvvələrin ölkədə qarışıqlıq, ixtişaş yaratmalarına, sabitliyin, milli təhlükəsizliyin pozulmasına imkan verməyəcəyi şübhəsizdir. Ona da əminik ki, vətəndaşlarımız dövlət rəhbərliyini ürəkdən dəstəkləyərək, Azərbaycanın daha da qüdrətlənməsi, ölkənin ardıcıl inkişafı üçün əllərindən gələni edəcəklər. Hər kəs buna tam əmindir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB