Holokost və Xocalı faciələri anıldı

Holokost və Xocalı faciələri anıldı

Bakı Slavyan Universitetinin konfrans zalında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə "Holokost və Xocalı-müasirlərin gözü ilə" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Bakıda fəaliyyət göstərən yəhudi icmasının təmsilçiləri, Avropa İttifaqı missiyasının nümayəndəsi, xarici ölkə səfirləri, millət vəkilləri, UNESCO-nun Azərbaycan təmsilçisi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Bakı Slavyan Universitetinin əməkdaşları, Azərbaycan alimləri və mütəxəssisləri ilə yanaşı xarici tədqiqatçılar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev iştirakçıları salamlayaraq bildirib ki, Azərbaycan və yəhudi xalqının tarixində ortaq tarixi faciələr var: " Holokost və Xocalı faciələrini unutmamalıyıq. Azərbaycan tolerant ölkədir və bu baxımdan dünyaya nümunədir".

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, azərbaycanlı təsəvvüründə Xocalı və Holokost eyniləşir: "Xocalı soyqırımında da insanlar milli mənsubiyyətinə görə öldürüldü. Silahsız, əliyalın qocalar, qadınlar, uşaqlar qətlə yetirildi. Dünya insanlarının bir çox hüquqları var. Amma ləyaqətli insanların bir hüququ da var ki, o da xatırlamaq hüququdur. Cənab Prezidentin bu ili "multikulturalizm ili" elan etməsi belə faciələrin unudulmadığının, verilən qiymətin göstəricisidir".

ABŞ-dakı Simon Vizental Mərkəzi rəhbərinin müavini Ravvin Abraham Kuper çıxışında qeyd edib ki, keçmişə yox gələcəyə baxmalıyıq: "Amma başımıza gələn fəlakətləri unutmamalıyıq. Yəhudi xalqı faşistlərin törətdiyi Holokost faciəsindən çox şeylər öyrənib. Kiçik bir təhlükəni də ciddi qəbul etməliyik. Azərbaycanda yəhudi icması sizing xalqınızla mehribançılıq şəraitində yaşayır. Hazırkı dünyanı təhdid edən terror təşkilatları internet vasitəsilə öz əməllərinə nail olmağa çalışır. Xüsusən gənclər bu qruplara qarşı birlik nümayiş etdirməlidir".

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov qeyd edib ki, biz tariximizi dərindən baxmalıyıq və belə faciələr hər daima xatırlamalıyıq: "Xalqımızın yaşadığı faciələr heç vaxt unudulmur. Hər il dövlət səviyyəsində xüsusi tədbirlər planı təşkil olunur".

Çıxış edən İsrailin Azərbaycandakı səfirinin müavini Amir Rom insanların tolerantlıq şəraitində yaşamasının önəmli olduğunu vurğulayıb: "Azərbaycanda yaşayan yəhudilər özlərini təhlükəsiz hiss edirlər. Azərbaycan xalqı da böyük soyqırımlara məruz qalıb. Xalqlarımız bir-birini daha yaxşı anlaya bilir".

Sonda Xocalıdan olan və həmin dəhşətin canlı şahidləri iştirakçılar qarşısında çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə