Anar Nəcəfli: "Yolların təmizlənməsinə 689 texnika cəlb olunub"

“Azəryolservis” ASC gücləndirilmiş iş rejiminə keçib
Anar Nəcəfli: "Yolların təmizlənməsinə 689 texnika cəlb olunub"

"Ölkə ərazisində mövcud olan qeyri-sabit hava şəraiti ilə əlaqədar "Azəryolservis" ASC gücləndirilmiş iş rejiminə keçib". Bunu SİA-ya açıqlamasında "Azəryolservis"in Mətbuat katibliyinin rəisi Anar Nəcəfli deyib.

O qeyd edib ki, respublika avtomobil yollarının qar və buzdan təmizlənməsi üçün 689 ədəd, Bakı şəhərinin yollarına xidmət göstərmək üçün isə 382 ədəd texnika və maşın-mexanizm cəlb olunub: "Gecə boyu və səhər saatlarında yolların qardan təmizlənməsi, buzlaşmış ərazilərə duz və qumun səpilməsi istiqamətində işlər dayanmadan aparılıb. Aparılmış işlər nəticəsində nəqliyyatın hərəkətində hər hansı bir fasilə baş verməyib. Hazırda da Bakı şəhərinin küçə və prospektlərində, kənd və qəsəbələrə gedən avtomobil yollarında nəqliyyatın hərəkətində heç bir problem yaşanmır. Nəqliyyatın hərəkətinin fasiləsiz təmin olunması üçün işlər davam etdirilir. Bunun üçün kifayət qədər duz və qum ehtiyyatı var".

A. Nəcəfli bildirib ki, respublikanın avtomobil yollarında da nəqliyyatın hərəkətində hər-hansı ciddi bir problem yaşanmır. Vurğulayıb ki, respublika əhəmiyyətli bütün avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub.

Onun sözlərinə görə, qarın dayanmadan yağması və güclü şaxtanın olması ucqar dağ kəndlərinə gedən yollarda nəqliyyatın hərəkətində müəyyən qədər problemlər yaradıb. Qeyd edib ki, həmin yolların da qardan və buzdan təmizlənməsi istiqamətində fasiləsiz olaraq işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə