Yanvarın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev Beynəlxalq Əmək Təşkilatının (BƏT) Transmilli Korporasiyalar və Müəssisələrlə İş Departamentinin rəhbəri Githa Roelansın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AHİK-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qurum sədri Həmkarlar ittifaqlarının tarixi haqqında qonaqlara məlumat verdi. Ötən ilin noyabrında həmkarlar ittifaqlarının 110 illiyinin qeyd olunduğunu bildirən Səttar Mehbalıyev qeyd etdi ki, zəngin ənənələrə malik Azərbaycan həmkarlar hərəkatı bir sıra mərhələlərdən keçib. Azərbaycanda əmək hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində həmkarlar ittifaqlarının çox mühüm rolu var. AHİK sədri dedi ki, məhz ümummilli liderin şəxsi təşəbbüsü ilə 1994-cü ildə qəbul olunmuş "Həmkarlar ittifaqları haqqında" Qanun həmkarlar ittifaqları üzvlərinin əmək hüquqlarının daha mütəşəkkil qorunması, onların sosial və digər problemlərinin həlli üçün möhkəm hüquqi baza yaradıb. Təsadüfi deyil ki, Azərbaycan qanunvericiliyinə həmkarlar ittifaqları ilə bağlı 25-dən artıq əlavə və dəyişikliklər edilib.
Beynəlxalq əlaqələrdən söhbət açan Konfederasiya sədri vurğuladı ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici əlaqələrin inkişafına böyük önəm verir. Ötən il AHİK sədrinin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, daha sonra BHİK-in Pan-Avropa Regional Şurasının vitse-prezidenti seçilməsi bunun baris nümunəsidir. AHİK bir çox ölkələrin həmkarlar ittifaqları ilə əməkdaşlıq edir, onların təcrübəsindən yararlanır.
AHİK sədri qeyd etdi ki, Azərbaycan həmkarlar ittifaqları ölkəmizdə fəaliyyət göstərən transmilli təşkilatlarla əməkdaşlıq edir. Azərbaycanda fəaliyyət göstərən 50-dən artıq transmilli təşkilatların 25-də həmkarlar ittifaqları yaradılıb. Təbii ki, bu sahədə problemlər də az deyil. Bir çox transmilli şirkətlərdə həmkarlar ittifaqının yaradılması yolunda ciddi maneələr, əngəllər mövcuddur. Belə neqativ halların aradan qaldırılmasında sizin təmsil etdiyiniz qurumun da köməyinə ehtiyacımız var.
BƏT-in Transmilli Korporasiyalar və Müəssisələrlə İş Departamentinin rəhbəri Githa Roelans AHİK-BƏT münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə, eyni zamanda, yaranmış işgüzar əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirdi. O qeyd etdi ki, işçilərin sosial hüquqlarının qorunmasında BƏT də maraqlıdır və bu istiqamətdə məqsədyönlü iş aparır. Xanım Roelans əminliyini bildirdi ki, qaldırılan məsələlərin həll edilməsində BƏT öz köməyini əsirgəməyəcək.
Görüşdə geniş fikir mübadiləsi aparıldı.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB