Lənkəranda anti-böhran tədbirləri əhali arasında geniş təbliğ olunur

Lənkəranda anti-böhran tədbirləri əhali arasında geniş təbliğ olunur

Sakinlərlə yerlərdə görüşlərini davam etdirən Lənkəran ŞİH başçısı Taleh Qaraşov növbəti görüşünü rayonun Şürük kəndində keçirib. SİA-nın Cənub bürosunun məlumatına görə, görüşdə İcra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların, xidmət sahələrinin rəhbər işçiləri və 300 nəfər kənd sakini iştirak edib.

İcra başçısı görüşü açaraq cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişafı sahəsində aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərindən danışaraq qazanılan nailiyyətlərin Heydər Əliyev siyasi kursunun bəhrəsi olduğunu göstərib. Sonra natiq həyata keçirilən iqtisadi islahatlarından, milli maraqlara xidmət edən neft strategiyasından, regionların tərəqqisi üçün qeyri-neft sektorunun inkişafına göstərilən diqqətdən geniş bəhs edərək bütün bunların dövlətimizin daha da qüdrətlənməsi, ölkə vətəndaşlarının rifahının qaldırılması, həyat şəraitinin yaxşılaşması üçün edildiyini qeyd edib. Natiq bu gün dünyanı narahat edən iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsirinin az olmasının başlıça səbəbinin məhz cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün iqtisadi siyasətin, ölkənin həm siyasi, həm də iqtisadi kursunun düzgün müəyyənləşdirilməsinin bariz nümunəsi olduğunu bildirib.

Çıxış edən kənd sakinləri cənab Prezidentin fəaliyyətini razılıq hissi ilə qarşıladıqlarını söyləyərək rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə görə ölkə başçısına minnətdar olduqlarını bildiriblər. Onlar Cənab Prezidentin anti-böhran tədbirlərini humanist qərar adlandıraraq ölkəmizin parlaq gələcəyinə inandıqlarını, bu inamla cənab Prezidentin ətrafında sıx birləşdiklərini, bundan sonra da Vətənimizin tərəqqisinə xidmət edəcəklərini söyləyiblər.

Görüşün sonunda İcra başçısı vətəndaşların müraciət və təkliflərini dinləyərək onların həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını verib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə