Lənkəranda İcra başçısı əhali ilə görüşlərini davam etdirir

Lənkəranda İcra başçısı əhali ilə görüşlərini davam etdirir

Əhali ilə görüşlərini davam etdirən Lənkəran ŞİH başçısı növbəti görüşünü rayonun Göyşaban kəninin sakinlərilə keçirib. SİA-nın Cənub bürosunun məlumatına görə, görüşdə şəhər İcra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbər işçiləri ilə yanaşı 300 nəfər kənd sakini iştirak edib.

Görüşü Göyşaban kənd İcra nümayəndəsi Ceyhun İmanov açaraq ötən il ölkənin və rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən geniş bəhs edib və bu inkişafın yaşadıqları Göyşaban kəndinin simasından da aydın göründüyünü vurğulayıb.

Sonra Göyşaban bələdiyyəsinin sədri Abdulla Fətdayev, kənd sakinləri Hafiz Cəfərov, Nurəddin Kazımov, İntiqam Səfərov, Sərdar Hüseynov, Qədim Rufullayev görüşdə çıxış edib Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf proseslərindən söhbət açaraq ölkə rəhbərliyinin həyata keçirdiyi siyasi kursu tamamilə dəstəklədiklərini və qazanılan uğurlarla fəxr etdiklərini söyləyiblər. Onlar nailiyyətlərimizi gözügötürməyən düşmənlərin əli ilə bəzi qüvvələrin sabitliyi pozmağa göstərdikləri hər hansı cəhdi qətiyyətlə pislədiklərini, belə hallara qarşı ən ciddi tədbirlərin görülməsini tələb edərək qeyd ediblər ki, Lənkəran sakinləri Heydər Əliyev siyasətini, cənab Prezident İlham Əliyevin parlaq fəaliyyətini həmişə dəstəkləyiblər, bundan sonra da dəstəkləyəcəklər. Lənkəranın bugünkü inkişafına görə məhz Heydər Əliyev inkişaf kursuna, cənab Prezident İlham Əliyevin qayğıkeşliyinə minnətdar olduqlarını bildirən natiqlər cənab Prezidentin anti-böhran tədbirləri, çörək və un məmulatlarının qiymətlərinin tənzimlənməsi ilə bağlı verdiyi humanist qərarlarını da yüksək qiymətləndiriblər. Çıxış edən natiqlər kənddə mövcud olan bir sıra həlli vacib məsələlərlə bağlı təkliflər də söyləyiblər.

İrəli sürülən təklifləri və sakinlərin fərdi müraciətlərini dinlədikdən sonra İcra başçısı çıxış edərək qeyd edib ki, 2015-ci il dünyada böhranlarla müşaiyyət olunsa da, Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olub. Əhalinin maddi-rifah halının, sosial müdafiəsinin yaxşılaşması ilə bağlı kompleks işlər görülüb. Bakıda birinci Avropa oyunlarınin yüksək səviyyədə keçirilməsi, Azərbaycanın özünün süni peykə malik olması milli tərəqqimizin ən yüksək səviyyədə olduğuna parlaq misaldır. Natiq lənkəranlılar üçün ötən ilin ən yaddaqalan hadisəsinin cənab Prezidentin Lənkərana səfəri olduğunu vurğularaq ölkə rəbərinin rayona davamlı qayğısını önə çəkib və məhz cənab Prezidentin diqqətilə Lənkəran rayonunun sosial-iqtisadi həyatında da böyük uğurların qazanıldığını, bir sıra mühüm əhəmiyyətli layihələrin icra olunduğunu bildirib. Natiq qeyd edib ki, əhalinin yaşayış səviyyəsi yüksəlib, genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilib, yeni yol layihəsi həyata keçirilib, Xan evi əsaslı təmir olunub, yeni uşaq bağçası, orta məktəb binası istifadəyə verilib, sitrus plantasiyası salınıb. Rayonun qəsəbə və kəndlərinin də son illərdə xeyli inkişaf etdiyini, daha da abadlaşdığını qeyd edən İcra başçısı bütün bunların cənab Prezidentin regionların inkişafına göstərdiyi qayğısının bəhrəsi olduğunu bildirib. Natiq öz çıxışında cənab Prezidentin anti-böhran tədbirlərini, çörək və un məmulatlarının qiymətlərinin tənzimlənməsi ilə bağlı verdiyi humanist qərarını ölkə başçısının ən böyük amalınının ölkə vətəndaşlarının xoş güzəranının təmin olunması olduğunu qeyd edərək əldə olunmuş nailiyyətlərin bundan sonra da artacağını, iqtisadi inkişafın davam edəcəyini, dövlətimizin daha da qüdrətlənəcəyini ifadə edib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə