Astarada faciə qurbanları yad edilib FOTOLAR

Astarada faciə qurbanları yad edilib FOTOLAR

Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olmuş 20 yanvar qırğınından 26 il keçməsinə baxmayaraq qədirbilən xalqımız hər il bu faciə qurbanlarının xatirəsini yad etməyi özünün müqəddəs borcu hesab edir. SİA-nın Cənub bürosunun məlumatına görə, 20 yanvar 2016-cı il tarixdə Astara rayonunda qanlı yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib.

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin qanlı qış gecəsində imperiya ordusunun vəhşiliyi nəticəsində 134 nəfər əliyalın, günahsız insan amansızcasına qətlə yetirilib, 800-ə qədər adam yaralanıb. Həmin qanlı terrorda imperiya əsgərlərinin gülləsinə tuş gələnlərdən iki nəfəri - Əliyev Çingiz Mirzəhüseyn oğlu və Əsgərov Novruz Faiq oğlu astaralı idi.

Böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən 20 yanvar faciəsi, cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətini, öz azadlığına, müstəqilliyinə qalxan xalqın isə mübarizliyini, məğrurluğunu nümayiş etdirib

Qanlı yanvar faciəsi törədilən vaxtı iqtidar qüvvələri qaçıb gizləndiyi halda, Moskva şəhərində yaşayan Azərbaycanın qeyrətli, qorxmaz, mərd və mübariz oğlu Heydər Əliyev heç bir təzyiqdən və təqibdən çəkinməyərək, özünün və əzizlərinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək 20 yanvar faciəsinə siyasi qiymət verilməsi tələbi ilə bəyanat verib. Bu, xalqının başına gətirilən dəhşətli müsibətlərdən hiddətlənmiş bir tarixi şəxsiyyətin, siyasi xadimin Azərbaycan həqiqətləri ilə dünyanı silkələyən mərd, mübariz, böyük vətəndaş çağırışı idi.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilməyib. Həmin faciədə həlak olan vətən oğulları şəhidliyi ilə Azərbaycan tarixinə parlaq səhifə yazıblar.

Tədbir iştirakçıları tərəfindən şəhidlərin Xatirə Kompleksinin önünə əklil və tər qərənfillər qoyularaq Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib, şəhidlərin ruhuna dua oxunub.

Saat 12 : 00-da rayon ərazisində bayraqlar endirilib, nəqliyyatın hərəkəti dayandırılaraq 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə