"Bu etimadı gələcək fəaliyyətimizdə də doğruldacağıq"

"Bu etimadı gələcək fəaliyyətimizdə də doğruldacağıq"

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2015-ci ildəki fəaliyyəti ilə bağlı hesabat konfransı keçirib. Hesabat konfransında bəzi təşkilatlar layihələri yüksək səviyyədə icra etdiklərinə görə, Şura tərəfindən fəxri fərmanla təltif ediliblər. Müsahibimiz təltif olunan təşkilatlardan biri, "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyini nümayəndəsi və layihə koordinatoru Cəsarət Hüseynzadədədir.

- Hesabat konfransı haqqında təəssüratlarınız bilmək istərdik?

- Bildiyimiz kimi, hər il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hesabat konfransı keçirir. Həm öz fəaliyyəti, həmdə icra olunan layihələr haqqında ictimaiyyətə geniş informasiya verir. Bu sözsüz ki, həm şəffaflıq baxımından yüksək qiymətləndirilməli, həm də ölkədə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti haqqında dolğun məlumat verilməsi baxımından önəmlidir. Şura QHT-lər ilə münasibətdə müqavilə tələblərinin icra olunması baxımından tələbkar olduğu qədər də, ölkədə vətəndaş cəmiyyətinin inkişafında maralı və məsuliyyətli təşkilat olduğundan, QHT -lərin həfəsləndirilməsi, uğurlu layihələrin qiymətləndirilməsini həyata keçirir. Bu baxımdan, fəaliyyətimiz yüksək səviyyədə qiymətləndiridiyinə və təşkilatımızı Şuranın fəxri fərmanı ilə təltif etdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını sədri, Milli Məclisin deputatı Azay Quliyevə və Şura katibliyinin bütün əməkdaşlarına təşəkkür edirəm. Çalışacağıq ki, bu etimadı gələcək fəaliyyətdə də doğruldaq.

- İcra etdiyiniz layihə ilə bağlı məlumat verməyinizi xahiş edirik?

- 2015-ci ildə təşkilatımız Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi "Qeyri-hökumət təşkilatlarına etimadın artırılması üzrə təşəbbüslərin dəstəklənməsi" layihəsini uğurla həyata keçirdi. Layihə qeyri-hökumət təşkilatların fəaliyyətinin cəmiyyətə daha dolğun və əlçatanlığının təmin edilməsin hədəfləyirdi. Beləki, layihə çərçivəsində QHT- media münasibətlərinin monitorinqi aparılmış, QHT nümayəndələri arasında "Qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini mütəmadi işıqlandıran ən yaxşı internet media orqanı" devizi altında elektron sorğu keçirildi. Layihənin ən mühüm hissəsi isə heç şübhəsiz layihə çərçivəsində yaradılan elektron vətəndaş cəmiyyəti portalı oldu. Belə ki, portal eyni vaxta bir neçə funksiyanı yerinə yetirir.

İlk növbədə portal QHT-lərə mustəqil subdomen verməklə, onlara öz saytlarını bu baza üzərindən yaratmağı təklif edir. Beləki www.e-vc.az ünvanında qeydiyyatdan keçən hər bir təşkilat öz saytlarını müstəqil formada hazırlayib və idarə edə bilərlər. Portalda qeydiyyatdan keçmiş QHT-lərin bazaya daxil etdiyi xəbərlər, həm də sosial şəbəkə funksiyası kimi 10 bölmə üzrə portalda yayımlanır. Portalda formalaşdırılan e-bazada isə QHT-lər 24 kateqoriyalar üzrə yerləşdirilib. Layihə icraçılara tərəfdən 300 QHT haqqında informasiya həmin bazaya daxil edilib. Bundan başqa portala QHT-lərin icra etdikləri 300 layihə haqqında informasiya və fəaliyyətləri haqqında 400-ə yaxın xəbər və 14 video material daxil edilib.

- Layihə bitdikdən sonra E-vətəndaş cəmiyyətinin fəaliyyəti hansı formada nəzərdə tutulub?

- Layihə bitikdən sonra portal normal olaraq öz fəaliyyətini davam etdirir və gündəlik olaraq yeniləlir. Bu fəaliyyət həm təşkilatımız tərəfindən həyata keçirilir, həm də portalda qeydiyyatdan keçən QHT-lər tərəfindən. Belə ki, proqamlaşdırma funksiyalarının yaratdığı imkanlara sayəsində, subdomen sahibi olan QHT-lərin dərc etdiyi informasiyaları həm də birbaşa bizim portalda yayımlanır.

- Layihənin inkişafı ilə bağlı hansı istiqamətlərdə işlər aparılır?

- Bir neçə QHT rəhbərləri ilə aparılan danışıqlarda, e-vətəndaş cəmiyyəti portalının onların icra etdikləri layihələrə informasiya dəstəyi verməsi razılaşdırılıb. Yaxın günlərdə bununla bağlı müqavilələr bağlanacaq. Eyni zamanda yaxın gələcəkdə QHT-lərin həyata keçirdiyi tədbirlərin bizim portal vasitəsi ilə canlı yayımın təşkili məsələsinin texniki parametrlərinin işlənməsi nəzərdə tutulub.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hökumətə ictimai nəzarətin vacib olduğunu bildirib və İctimai Şuraların yaradılmasını qeyd edib. İctimai Şuraların yaradılması ilə bağlı fikirləriniz bilmək istərdik?

- Azərbaycan Prezidenti İlham Əliyev ictimai nəzarət mexanizmlərinin işə salınmasının vacibliyini qeyd edərək bildirib ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki sadəcə olaraq insanlardan tələb etmək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir. Hökumət bu məsələ ilə bağlı öz təkliflərini təqdim etsin. Təbii ki, heç bir vaxt israfçılığa yol verilməməlidir, xüsusilə indiki şəraitdə çox ciddi nəzarət olmalıdır. Prezidentin bu mövqeyi şəffaflığın artırılmasına və hökumətin fəaliyyətin daha da güclənməsinə xidmət edəcək. QHT sektoru İctimai Şuraların yaradılmasında fəal iştirak etməklə bu sahənin inkişafına öz töhfələrini verməlidir.

Bildiyim qədər artıq bəzi icra hakimiyyətləri və nazirliklərdə bu funksiyalar yaranıb. Əminliklə demək olar ki, hökümətin fəaliyyətinə İctimai Şuralar vasitəsi ilə ediləcək nəzarət çox müsbət nəticə verə bilər. Onu da etiraf etmək lazımdır ki, heç bir dövlət təşkilatı bizi dəvət edib deməyəcək ki, gəlin bizim təşkilat yanında İctimai Şura yaradın. Biz bu məsələyə daha diqqətlə və tələbkar yanaşmalıyıq.

Bütün xəbərlər Facebook səhifəmizdə