Lənkəranda faciə qurbanlarının ailələri ilə görüş keçirildi

Lənkəranda faciə qurbanlarının ailələri ilə görüş keçirildi

20-yanvar faciəsinin 26-cü ildönümü ərəfəsində Lənkəran şəhər İcra hakimiyyətində şəhidlərin ailələri və iştirakçıları ilə görüş keçirildi. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvlərinə başsağlığı verdikdən sonra 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecədə sovet qoşunlarının törətdiyi qətliamdan danışıb. Natiq SSRİ-nin o vaxtki rəhbəri Mixayıl Qorbaçovun tapşırığı ilə Azərbaycan xalqına qarşı Bakıda törədilən misli görünməmiş qanlı faciə, terror və soyqırımı hadisələrindən danışıb, yalnız Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə hüquqi qiymətin verildiyini diqqətə çatdırıb. Taleh Qaraşov daha sonra Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20-Yanvar faciəsinin Azərbyacan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hər il Ümumxalq Hüzn günü kimi ehtiramla qeyd edildiyini, azadlıq mücahidlərinin əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə əziz tutulduğunu, onların ailə üzvlərinin qayğı ilə əhatə olunduğunu söyləyib. Dünyada davam edən iqtisadi böhranın təsirlərinə baxmayaraq ölkə iqtisadiyyatının artması və xalqın rifahının daha da yaxşılaşması sahəsində görülən ardıcıl tədbirlər sübut edir ki, Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətdir və onun təhlükəsizliyi möhkəm əllərdədir. Rayon rəhbəri bildirib ki, Prezident cənab İlham Əliyev 20 yanvar şəhidlərinin, Azadlıq, Müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin fədakarlığını eləcə də, vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək onların ailələrinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində bir sıra mühüm addımlar atır, qərarlar qəbul edir və sərəncamlar verir. Qəbulda "20 Yanvar" cəmiyyəti Lənkəran rayon şöbəsinin sədri Yusif Abdullayev, şəhid ailələrinin üzvləri və əlillər onlara göstərilən qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və səmimi qəbula görə ŞİH-nin başçısı Taleh Qaraşova minnətdarlıqlarını bildiriblər.

Sonda İcra başçısı qəbul iştirakçılarının problemlərinin operativ həll olunması üçün aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlarını verib. Şəhid ailələrinin üzvlərinə və əlillərə şəhər İcra hakimiyyəti tərəfindən maddi yardım və ərzaqlar da verilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə