20 Yanvar hadisələri və onunla bağlı proseslərə, azadlıq yolunun şəhidlərinə, fəal mübarizələrinə münasibət elə bir milli sınaq meyarıdır ki, onu xalqımız əbədi yaşatmağa borcludur. 26 il bundan əvvəl o müdhiş gecədə Azərbaycan xalqı imperiyanın amansız ordusu ilə üz-üzə gəldi, öz mübarizliyini, azadlıq duyğularını bir daha təsdiq etdi. Azərbaycan xalqı necə də bütövləşmişdi, uzun illər əsarətində olduğu imperiyaya meydan oxuyurdu. Bu tarix yaddaşlarda təkcə faciə kimi deyil, tariximizin şanlı qəhrəmanlıq səhifəsi kimi həkk olunmalıdır. O gün şəhidlərimiz öz qanları ilə azadlıq, müstəqillik toxumlarını daha da cücərtdilər. Nəhəng imperiya xalqımızın sonsuz müstəqillik istəyinin qarşısında diz çökdü. Azərbaycan gəncliyi 20 Yanvar gününün tarixi əhəmiyyətini dərk edir, onun əzəmətini duyaraq müstəqil Azərbaycan dövlətinin güclənməsi yolunda tükənməz səylə çalışırlar. SİA Azərbaycan gənclərinin bir neçəsinin bu tarixə günlə bağlı fikirlərini öyrənib:
.jpg)
Elvin Aslanov, Azərbaycan Tələbələr Birliyinin sədri
- 20 Yanvar hadisələri Azərbaycan müstəqillik tarixinin başlama nöqtəsi sayılır. Belə ki, bu dövrdən sonra xalqımızda milli mənlik şüuru, müstəqillik ruhu daha da çoxalıb. 20 Yanvar şəhidləri tək ölkəmiz üçün müstəqillik qazanmayıblar, onlar, həmçinin, Azərbaycan xalqı və ən əsası gənclik üçün bir nümunə rolu oynayıblar. Gəncliyimiz bir insanın müstəqillik üçün canından keçməsinin nə dərəcədə şərəfli bir iş olduğunu 20 Yanvar şəhidlərinin timsalında görüb. Burada Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə "20 Yanvar şəhidi" adının təsis edilməsi barəsində Fərmanını xüsusi qeyd etmək lazımdır. Ümummilli lider bir daha göstərdi ki, Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş hər bir insan xalqımız, millətimiz, dövlətimiz üçün ən yüksəklərdədir. Təbiidir ki, bu da Azərbaycan gəncliyində bir stimul formalaşdırır. Gənclərimiz başa düşürlər ki, onların ən əsas məqsədi dövlətçiliyimizin qorunub saxlanması və ərazi bütövlüyümüzün bərpasıdır. Bu yolda hər bir gənc Ali Baş Komandanın əmrlərini gözləyir. Biz gənclər olaraq hər zaman 20 Yanvar şəhidlərini xüsusi ehtiramla yad edirik. Ölkəmizi gələn hər bir xarici qonağın aparıldığı ilk məkan təbiidir ki, Şəhidlər Xiyabanıdır. Burada əsas məqsədimiz tariximizi unutmamaq və digər insanlara müstəqilliyimizin qazanması yolunda nələrdən keçdiyimizi göstərməkdir. Cənab prezident İlham Əliyev də ölkəyə rəhbərliyi dövründə 20 Yanvar hadisələrinə xüsusi önəm vermişdir. Hər il 20 Yanvar tarixində Şəhidlər Xiyabanının ziyarət edilməsi, 20 Yanvar şəhidlərinin ailələrinə xüsusi diqqətin göstərilməsi də bunun bir təzahürüdür. Mən gənclər adından önu söyləyə bilərəm ki, Azərbaycan durduqca 20 Yanvar hadisələri və 20 Yanvar şəhidləri xalqımızın qəlbindən silinməyəcəkdir.
.jpg)
Aytəkin Nuriyeva, gənc hüquqşünas
- 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Xalq o günlərdə böyük bir həqiqəti - meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. O zaman yalnız Ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşşəbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcəvüzkar olan faciəvi 20 yanvar hadisələrinə siyasi qiymət verdi. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb. Biz gənclər bu tarixi heç zaman unutmayacağıq və bizdən sonrakı nəsillərə də çatdırmağı özümüzə mənəvi borc bilirik.
.jpg)
Nicat Kərimov, Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri
- Azərbaycan xalqı 20 yanvar faciəsinin 26-cı il dönümünü qeyd edir. Bu faciə Azərbaycan xalqının mərdliyini, rəşadətini, azadlıq eşqini və Vətən uğrunda belə canından keçməyini təzahür edir. SSRİ-nin o vaxtki rəhbərliyi insanlığa sıxmayan qərarı ilə dinc sakinlərə, qadın, uşaq, qocalara qarşı silah tətbiq etməyə başladı. Nə qədər insan öz həyatını itirdi. Onlar vətən uğrunda mübarizədə şəhidlik zirvəsinə ucaldılar. Mən düşünürəm ki, məhz Azərbaycan xalqının mübarizliyi və artıq imperialist yaşam şərtlərinin qəbul etməməsi SSRİ-nin dağılmasının əsas faktor oldu. Hələ oz zaman bu qanlı faciəyə ümummili liderimiz Heydər Əliyev öz münasibətini bildirdi. O, Moskvada olarkən heçnədən çəkinmədən SSRİ rəhbərliyini tənqid elədə və bu cinayəti pislədi. Bu günlər çox sevindirici haldır ki, gənclərimiz Azərbaycanın müstəqilliyinin nəyin hesabına əldə olunduğunu çox gözəl anlayırlar və müstəqil, inkişaf etmiş ölkə kimi dövlətimizin maraqlarını daim müdafiə edirlər. Yeni nəsildə tariximizi yaxından öyrənirlər. Nəzər yetirsək görərik ki, hər il olduğu kimi, bu ildə uşaq bağçalarından uşaqlarımız şəhidlər xiyabanını ziyarət edirlər, onlar vətən uğrunda şəhid olmuş insanlar haqqında öyrənirlər. Onlar anlayırlar ki, bu gün müstəqil Azərbaycan ağırlı günlərdən keçərək bu günə çatmışdır. Mən Azərbaycan xalqının başına gələn qanlı faciələrdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diliyirəm və hesab edirəm ki, biz Azərbaycan gəncləri bu gün ölkəmizdə əldə olunan uğurları qorumalıyır, dövlətimizin, vətənimizin qədrini bilməliyik və hər zaman onun müdafiəsi üçün canımızdan belə keçməyə hazır olmalıyıq.
.jpg)
Təbriz Raufoğlu, "Prezident təqaüdçüsü" Gənclər Birliyinin sədri
"1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet qoşunları tərəfindən Bakıda törədilən qırğın Azərbaycan xalqının səsini boğmaq, müstəqillik üçün ortaya qoyduğu iradəni məhv etmək məqsədi daşıyırdı. Tariximizə qanlı və şanlı gün kimi keçən 20 Yanvar bir xalqın silahsız, əliyalın şəkildə azğınlaşmış və əmri Moskvadan alan Rus-sovet cinayətkar qüvvələrinə qarşı dirənişi, sivil müqaviməti idi. Həmin gün yüzlərlə Azərbaycan vətəndaşı, Bakı sakini qanına qəltan edildi. Amma 20 Yanvarda Bakıda həyata keçirilən qırğın xalqın iradəsini qırmadı, sındıra bilmədi. Əksinə insanlar daha da qətiyyətli, daha da əzmli şəkildə bizlərə qarşı reallaşdırılan ədalətsizliklərə etirazını nümayiş etdirdi və proseslərin son nəticəsi olaraq müstəqilliyini qazandı. Hesab edirəm ki, Azərbaycanın 1991-ci ilin 18 oktyabrında rəsmən qazandığı müstəqil dövlət statusu 20 yanvar hadisələri ilə bilavasitə əlaqəlidir. Xalq şairi Bəxtiyar Vahabzadənin də ifadə etdiyi kimi 20 Yanvar şəhidləri həmin gecə Azərbaycan xalqının azadlığının və Azərbaycan dövlətinin müstəqilliyinin toxumlarını əkdi. Ona görə də biz gənclər başda olmaqla bütün Azərbaycan insanı 20 Yanvarı unutmamalı, o gün şəhid olan bacılarımızın , qardaşlarımızın, övladlarımızın əziz xatirəsini həmişə uca tutmalıdır.
.jpg)
Kənan Kərimov, YAP Suraxanı rayon Gənclər Birliyinin sədri
Sovet rejiminin anti-Azərbaycan münasibətinə xalq öz etirazını bildirdi. Bunu görən Sovet hökuməti Azərbaycanda insanların azadlıq səsini elə öz beşiyindəcə boğmaq qərarına gəldi və 1990-cı il yanvarın 20-də ölkəmizə tam təhcizatlı qoşun yeritdi. Meydanlarda öz azadlığını tələb edənlər isə tam əliyalın idi. Sovet rəhbərləri xalqa qarşı amansiz bir münasibət göstərərək, tarixdə misli görünməmiş vəhşilik aktını törətdi. Əli yalın, tam silahsız olan xalqı tanklarla toplarla iri çaplı silahlarla atəşə tutdu. Minlərlə insanı,qoca uşaq bilmədən amansiz bir vəhşiliklə qətlə yetirdilər. Ancaq, xalq geri cəkilmədi. Bütün bu hadisələr xalqı dahada əzmkarlaşdırdı və xalq öz azadlıq mübarizəsini dahada genişləndirdi. Ancaq, o zaman xalqın başında duran bəzi rəhbərlərin aşırı köləlik sevdası müstəqilliyimizi gecikdiridi. Buna baxmayaraq xalqını sevən mərd oğullarımız da var idi. Onlardan biri, hətta deyərdim vətəninin əsl oğlu olan Heydər Əliyev digərlərindən fərqli olaraq, o zaman baş verən bu hadislərə görə tutduğu yuksək vəzifədən imtina edərək xalqının yanında olmağı daha üstün tutdu. Məhz onun qətiyyəti və güclü siyasti sayəsində millətimizə qarşı törədilən bu amansızlıq öz hüquqi qiymətini aldı. Bu gün xalqımızın azadlıq mübarizəsindən 26 il ötür. 26 il öncə əsarət altında olan xalq, ötən bu illər ərzində, güclü rəhbər sayəsində dünyada söz sahibi və müstəqil siyasət yürüdən bir ölkəyə çevrilib. Biz bu gün müstəqilliyimizə görə məhz həmin tarixə, həmin tarixdə canlarından keçən və orada iştirak edən insanlara borcluyuq. Biz həmin tarixdən sonrakı illərdə bizi dünya çapında güclü dövlətə çevirən rəhbərimizə borcluyuq.
Göründüyü kimi müasir Azərbaycanın gəncliyi bu şərəfli tarixin əhəmiyyətini başa düşür, dostunu və düşmənini tanıyır, yeni nəsillərə nəinki 20 Yanvarın eyni zamanda digər qəhrəmanlıq tarixlərimizin ucalığı barədə məlumat verməyi özünə mənəvi borc bilir. Nə qədər ki, Azərbaycan dövləti var, Azərbaycan xalqı yaşayır, müstəqilliyimiz, azadlığımız yolunda canından keçmiş bütün vətən oğullarımız və qızlarımız qəlbimizdə daima yaşayacaqdır. Allah şəhidlərimizə rəhmət eləsin...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB