QHT rəhbərləri ictimaiyyətə müraciət etdi

QHT rəhbərləri ictimaiyyətə müraciət etdi

"Dünyada neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra manatın devalvasiyaya uğraması bəzi radikal düşüncəli insanları, müxalifətin dağıdıcı kəsimini hərəkətə gətirib. Onlar bütün dünyada baş verən iqtisadi hadisələrin Azərbaycana təsirinin məhz hökumətin günahı ucbatından baş verdiyini bəhanə edərək aranı qarışdırmaq istəyirlər. Bunun üçün sərhəd rayonlarını hədəfə almaları da təsadüfi deyil". Bu sətirlər "Beynəlmiləlçi Döyuşçülər" Fondunun prezidenti Sərraf Orucov və "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Rövşən Ağamalıyevin birgə imzaladıqları bəyanatdandır.

Bəyanatda daha sonra deyilir: "Unutmayaq ki, ölkəmiz müharibə şəraitində yaşayır, ərazilərimizin 20 faizi hələ də düşmən tapdağı altındadır. Gəlin bir az təmkinli olaq, respublikamızda yaranmış müvəqqəti iqtisadi problemləri siyasiləşdirib vəziyyəti daha da gərginləşdirməyək. Müstəqil Azərbaycanımızın hansısa xarici qüvvənin boyunduru altına keçməsinə imkan verməyək, müstəqilliyimizi əbədi olaraq qoruyub saxlamaq naminə millətindən, dinindən və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların yumruq kimi birləşməsini təmin edək. Hər vaxt ayıq-sayıq olaq, kimlərinsə məqsədyönlü təxribatlarına aldanmayaq, emosiyalara uymayaq, dağıdıcı əməllərədn uzaq olaq.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yanvarın 10-da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə ictimai nəzarət mexanizmlərinin tətbiqi və başqa sahələrdə görüləcək mühüm işlər barəsində dövlət məmurlarına verdiyi tapşırıqlar əhali arasında rəğbətlə qarşılanıb. Amma bəzi mətbuat orqanları bölgələrdə baş verən ən xırda narazılıqları şişirdib onu siyasiləşdirməyə çalışırlar. Biz müharibə veteranları da, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını, millət vəkillərinin, sağlam düşüncəli insanların müraciətlərini dəstəkləyərək bildiririk ki, bu gün hər kəsdən diqqət, ayıq-sayıq olmaq tələb olunur. Prezidentimizin çıxışlarındakı hər tezisin həyata keçməsi üçün səfərbər olmalıyıq. Nazirliklərin təmsilçiləri məsələni daim müzakirədə saxlamalı, insanlarla söhbətlər aparmalı, bütün dünyada baş verən devalvasiya və neftin qiymətdən düşməsinin Azərbaycana təsiri məsələlərini hər kəsin başa düşəcəyi bir formada onlara aşılamalıdır. Mətbuat isə bütün bunları təbliğ etməlidir. İnsanlarda inamı artırmaq üçün əlimizdən gələni əsirgəməməliyik. Parlamentin üzərinə düşən vəzifə heç də hökumətdən az deyil. Yerli icra hakimiyyəti orqanları xüsusilə, sakinlərlə işləməlidir. Millət vəkilləri, hökumət və ictimaiyyət nümayəndələri bu gün xalqın yanında olmalıdır.

Azərbaycan dünya ölkələri arasında müstəqil dövlət siyasəti yürüdən və surətlə inkişaf edən ölkədir. Bu isə bəzi dövlətlərin xoşuna gəlmir. Azərbaycan dünya üçün, xüsusilə də qonşu dövlətlər üçün maraqlı ölkə olduğu səbəbindən, onlar hər bir situasiyadan öz maraqları üçün istifadə etməyə çalışırlar. Buna görə də, biz vətənpərvər qeyri-hökumət təşkilatları olaraq Azərbaycandakı son hadisələrdən öz maraqları naminə istifadə etmək istəyən qüvvələrin addımlarından narahatlıq hissi keçiririk. Bu gün yaxın-uzaq xaricdə erməni lobbisinin təsiri altında olan müəyyən anti-Azərbaycan qüvvələr ölkəmizdə vəziyyəti hər zaman qarışdırıb, sabitliyi pozmaq fürsəti axtarırlar.

Biz QHT sektorunun təmsilçiləri olaraq bütün siyasi qüvvələrə, partiyalara və eləcə də vətəndaş cəmiyyəti institutlarına müraciət edərək bildiririk ki, millətin və dövlətin maraqlarını hər şeydən uca tutmalı, təhlükəli addımların atılmasına yol verilməməli və vəziyyətdən optimal çıxış yollarının birgə səylərlə tapılması istiqamətində işlər görməliyik.

Bu gün Azərbaycan növbəti sınaq qarşısındadır. Buna görə də bütün umu-küsüləri kənara qoyub zəruri addımlar atmaq lazımdır. İmkan verməməliyik ki, xarici qüvvələr öz mənfəəti üçün anti-Azərbaycan təxribatları ilə ölkədə gərginlik yaratsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə