Bazarlarda qiymətlər ucuzlaşıb REPORTAJ - FOTOLAR

“Ətin 1 kq-ı 5-6 manat, pomidor, xiyar, kartof soğanın qiyməti 50 qəpik-1 manat arasında dəyişir”
Bazarlarda qiymətlər ucuzlaşıb REPORTAJ - FOTOLAR

Bütün dünya ölkələrini bürüyən maliyə böhranı, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində yaranan çətinliklər Azərbaycandan da yan keçməyib. Milli valyutamızın-manatın məzənnəsinin aşağı düşməsi nəticəsində ölkəmizdə də müəyyən çətinliklər yaransa da, əhali bunu bir o qədər də hiss etmir. Digər ölkələrdə isə vəziyyət daha acınacaqlıdır. Məsələn, Avropa ölkələrində, keçmiş postsovet respublikalarında, eləcə də Şərq dövlətlərində müşahidə olunan sosial problemlərin ən dözülməz səviyyəyə çatması və insanların maaş, pensiya ala bilməməsi, özəl, dövlət qurumlarında 80-90%-lik ixtisarların aparılması halları Azərbaycanda müşahidə olunmur. Əksinə ölkəmizdə pensiyalar, müəllimlərin, səhiyyə işçilərinin, polislərin maaşları artırıldı. Həmçinin sosial layihələrin reallaşdırılması əsas prioritet kimi qarşıya qoyuldu. Bütün dünyada yaranmış iqtisadi böhran nəticəsində əksər ölkələrdə aparılan struktur dəyişikliləri nəticəsində milyonlarla insan öz işlərini itirmiş, sosial müavinətlərdən məhrum olmuşlar. Azərbaycanda yaranmış vəziyyətdən istifadə edib süni ajiotaj yaratamaq istəyən şəxslər var idi. lakin onlara qarşı da qanunla ən sərt addımlar atıldı. Məsələn, yumurtanın, çörəyin qiymətini süni şəkildə qaldıran sahibkarlar cinayət məsuliyyətinə cəlb olundular. Hal-hazırda marketlərdə süni şəkildə qaldırılan qiymət artımına qarşı müvafiq dövlət qurumları tərəfindən reydlər davam etdirilir. Bazarlarda müşahidə olunan vəziyyət olduqca qənaətbəxşdir.

"Pomidorun, xiyarın, almanın, heyvanın, kartofun, soğanın qiymətini niyə artırmalıyam ki..?"

Bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətlərini, eləcə də əhalinin alıcılıq qabiliyyətini yerində öyrənmək məqsədi ilə "SƏS" qəzeti olaraq "3-cü mikrorayon bazarı"na yollandıq. İlk olaraq alma, armud, banan, pomidor, xiyar və digər məhsulların qiyməti ilə bağlı araşdırmaya başladıq. Növündən asılı olaraq pomidorun 1 kq-ı 1-1,50 manat arasında dəyişir. Xiyarın 1 kq isə 50 qəpikdir. Satıcı Elnur Mirzəyev qəzetimizə açıqlamasında bildirib ki, pomidorun, xiyarın qiymətində heç bir artım yoxdur: "Şəxsən mən əvvəl hansı qiymətə satırdımsa indi də eyni qiymətə satıram. Niyə artırmalıyam ki qiyməti? Öz məhsulumuzdur. Kimsə nankorluq edib, əlavə pul qazanmaq istəyirsə, bu başqa məsələ...". Kartof, soğanın 1 kq-ı 50-80 qəpik arasında dəyişir. Məsələn, Gədəbəy kartofu, 80 qəpik, Tovuz kartofu 70 qəpiyə, Cəlilabad kartofu 60-70 qəpiyə satışa çıxarılıb. Soğan da həmçinin. Məsələn, sarı soğan 50-60 qəpik, qırmızı soğan 40-70 qəpik arasında dəyişir. Əvvəllər bananın 1 kq-ı 2 manat idisə, indi də eyni qiymətədir. Növündən asılı olaraq almanın qiyməti 50-1,20 manat arasında dəyişir. Kök 50 qəpik, göyərtinin 6-7-si 1 manatdır. Bazardan 5 kq ət sifariş verən vətəndaş Rövşən Quliyevin sözlərinə görə, əti həmişə bazardan alır: "Mən 5 ildir ki, "3-cü mikrorayon bazarı"na yaxın ərazidə yaşayıram. Bu illər ərzində də əti həmişə burdan almışam, sağ olsunlar təmiz ət satırlar. Qiymətlər də ucuzdur. Əvvəl neçəyə alırdımsa indi də eyni qiymətə alıram. Əksinə ətin qiymətində 1-1,50 manat ucuzluq yaranıb".

"Bir adam demir ki, ətin qiyməti aşağı düşüb, yalandan yazırlar ki, hər şey qalxıb"

Daha sonra "8-ci kilometr bazarı"na baş vurduq. İlk olaraq ət məhsullarının satıldığı yerlərə yaxınlaşdıq. Bazarda mal ətinin 1 kq-ı 5-6 manat arasında dəyişir. Quzu əti isə 6-7 manatdır. Hətta yenicə kəsilmiş mal ətinin 4,50 manata, quzu ətinin isə 5,50 manat satıldığının şahidi olduq. Ət satıcısı Fazil Əhmədov qəzetimizə açıqlamasında bildirib ki, öz həyətinin heyvanını kəsib ətini satır: "Öz həyətimdə bəslədiyim heyvanının ətidir. Cavan heyvandır, Yarım saat bundan əvvəl kəsmişəm. Daşkəsəndən gətirmişəm. Təmiz bulaq suyu, yaşıl otlaqla bəslədiyim heyvanın ətidir. Ətin qiymətlərində heç bir artım yoxdur. Buna ehtiyac da yoxdur. Məgər əti xaricdən alırıq? Bir adam demir ki, ətin qiyməti aşağı düşüb, yalandan yazırlar ki, hər şey qalxıb". Bazardan ət alan Qaimə Hüseynova qəzetimizə bildirib ki, ətin qiyməti 5-7,50 manat arasında olur: "Mən həmişə ikisini də alıram. Ən baha aldığım 7,50 manat olub. O da baha deyil. Çox əla ətdir. Dollar qalxmamışdan əvvəl 7,50 qəpiyə aldığım ətin qiyməti 9-10 manat idi".

Bütün xəbərlər Facebook səhifəmizdə