Şəhidlər Xiyabanı anıma hazırdır

20 Yanvar faciəsinin ildönümü ilə bağlı Şəhidlər Xiyabanında işlər yekunlaşıb
Şəhidlər Xiyabanı anıma hazırdır

Şəhidlər Xiyabanında 20 yanvar hadisələrinin ildönümü ilə bağlı hazırlıqlar demək olar ki, başa çatıb. Xiyabanda hər tərəf şəhidlərin ruhuna hörmət əlaməti olaraq qırmızı qərənfillərlə bəzədilib. Milli ornamentlərdən ibarət ekspozisiya, hər yeri qırmızı rəngə boyayan qərənfillər. Bakıda Şəhidlər Xiyabanında 20 yanvar qurbanlarının anımına hazırlıq görülür.

Azərbaycanın azadlıq mübarizəsinin ən qanlı səhifələrindən biri olan 20 yanvar faciəsinin 26-cı ildönümünə 2 gün qalıb. Paytaxda faciənin anım mərasimləri ilə bağlı hazırlıqlar görülür. Əsas hazırlıq Şəhidlər Xiyabanının girişində gedir.

20 yanvar qurbanlarının əksəriyyətinin dəfn edildiyi Şəhidlər Xiyabanında ənənəvi ekspozisiyanın eskizi artıq bitib. Ekspozisiya Şəhidlər Xiyabanının girişində qurulub. Buta formasında olan ekspozisiyanın hazırlanmasında minlərlə ağ və qırmızı qərənfillərdən istifadə olunub. Anım gününə 2 gün qalsa da uşaqdan böyüyə xeyli insan şəhidləri ziyarət edir. Onlar ölkəmizin müstəqilliyi və bütövlüyü uğrunda canlarından keçənlərə mənəvi borclarını qaytarmağa çalışırlar.

Bakı metropoliteni də anım gününə hazırlanır. 20 Yanvar stansiyasında qərənfillərdən ibarət xüsusi ekspozisiya qurulacaq. Yanvarın 20-də səhər saat 8-dən başlayaraq axşamadək bəzi yollarda hərəkət məhdudlaşacaq. Şəhidlər Xiyabanı istiqamətində Parlament prospekti boyu və Mehdi Hüseyn küçəsində Teleteardan başlayaraq yollar bağlanacaq. Saat 12:00-da avtomobillərin siqnalı ilə şəhidlərin ruhu yad ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə