"Dövlət iqtisadiyyatda mütləq bir oyunçu kimi qalmalı, lakin sadəcə iqtisadi alətlərlə iqtisadiyyata müdaxilə etməlidir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli plastik kartlar vasitəsilə ölkədən kənara çıxarılan pulların qanuni cəhətdən tənzim olunub-olunmaması məsələsinə münasibət bildirərkən deyib.
O bildirib ki, əgər bu pullar insanların şəxsi vəsaiti hesabına toplanılıbsa həmin insanların plastik kartlardan istifadə etməyə tam haqqı var və bu kartlar vasitəsilə onlar istənilən yerdə alış-veriş edə bilər, həmçinin bu pulu istədikləri kimi xərcləyə bilərlər: "Burada qeyri-qanuni heç nə yoxdur. Sadəcə, qanunvericilikdə nəzərdə tutulmuş bir müddəaya görə, ölkədən kənara nağd şəkildə 10 min dollardan artıq pul çıxarılarsa bunun üçün həmin şəxs rüsum ödəməlidir. Bütün bunları nəzərə alaraq bu qanunları dəyişdirməyə ehtiyac olmadığını demək olar.
Əgər qaydalar dəyişdirilsə və ya valyuta bazarına nəzarət gücləndirilsə bu qarışıqlıq yaradacaq. Bu da sadəcə qara bazara keçidi təmin edəcək. İnsanlar hər hansı bir yolla da olsa vəsaitlərini xaricə çıxartmağa imkan tapa biləcəklər, lakin bu onlara baha başa gələcək. Buna görə də, inzibati üsullarla iqtisadiyyata müdaxilə yol verilməzdir".
Dövlətin iqtisadiyyatda rolunun nə qədər az olsa, bir o qədər yaxşı olacağını deyən ekspert dünyanın hər bir yerində dövlətin iqtisadiyyatda ən pis menecment olduğunu qeyd edib: "Dövlət iqtisadi proseslərə yalnız əlindəki iqtisadi alətlərlə müdaxilə edə bilər. Dövlətin əlindəki ən yaxşı iqtisadi alətlərlə: vergi və gömrük tarifləri, təşviq proqramları, bank faizləri, ucuz kreditləşmə, faiz dərəcələrinin endirilməsi və s. müdaxilələrlə iqtisadi inkişafa təkan verə və daha çox effekt əldə edə bilər. Dünyanın keçdiyi yol artıq bunun çoxdan sübut edib.
Nə qədər ki, dövlət iqtisadiyyata inzibati yollarla müdaxilə edəcək, bir o qədər də problemlər artacaq. İnzibati addımlar yalnız qara bazarın formalaşmasına, rəsmi məzənnə ilə qara bazar arasındakı böyük məzənnə fərqinə gətirib çıxaracaq. Bu həm qiymət artımına, həm də gələcəkdə iqtisadi böhranın daha da dərinləşməsinə xidmət edəcək.
Buna görə də, dövlət iqtisadiyyatda mütləq bir oyunçu kimi qalmalı lakin sadəcə iqtisadi alətlərlə iqtisadiyyata müdaxilə etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB