Azərbaycan dünya ölkələri arasında iqtisadi böhrandan ən az zərər çəkən ölkədir
Dünyada nəhəng dövlətlərin soyuq müharibələri, çəkişmələri nəticəsində baş verən maliyyə böhranı bütün ölkələrin iqtisadiyyatında dərin problemlər yaradıb. Neftin qiymətinin kəskin şəkildə ucuzlaşması isə iqtisadiyyatının çox hissəsi neft gəlirləri ilə formalaşan ölkələri kəskin maliyyə problemləri ilə üz-üzə qoyub. Azərbaycanla eyni regionda olan ölkələrin hamısında milli valyutalar devalvasiyaya uğrayıb, yeyinti və digər məhsullar isə bahalaşıb. Dövlətimizin başçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan regionda iqtisadi böhrandan ən az zərər görən ölkədir. Belə ki, Prezidentimizin uzaqgörən siyasəti nəticəsində hələ 2015-ci ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan olunması qarşıdan gələn iqtisadi böhrandan çox az zərərlə çıxış yollarına hesablanmış addımlardan biri idi. İqtisadiyyatımızın neft gəlirlərindən asılılığını azaltmaq məqsədilə qeyri-neft sektorunun inkişafı haqda dövlətimizin başçısı hələ illər öncə hökumətə tapşırıq vermişdi.
Ölkəmizdə aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində ötən il qeyri-neft sənayesi 7 faizdən çox artıb. Bu isə hələ iqtsadi böhran dərinləşməmişdən öncə Azərbaycanda aparılan düzgün siyasətin bariz nümunəsidir. Hazırda da qeyri-neft sektorunun inkişafı istiqamətində Prezident İlham Əliyevin tapşırığı, fərman və sərəmcamları ilə çox böyük addımlar atılır. Dövlətimizin başçısı ölkədə məşğulluğun artırılması, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində önəmli işlər həyata keçirir. Sahibkarların fəaliyyətinə mane olan yoxlamaların qadağan edilməsi, bir sıra vergi və gömrük güzəştləri, güzəştli kreditlər və s. ölkəmizdə bu sahənin sürətli inkişafının təmin olunması məqsədilə atılan addımlardandır. Kiçik və orta sahibkarlığın inkişafı isə, həm ölkədə məşğulluğu artıracaq, həm qeyri-neft sektorunun inkişafını təmin edəcək, həm də dövlət büdcəsinə əlavə gəlirlərin gəlməsinə yardımçı olaraq, neft gəlirlərindən asılılığı azaldacaq.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi məqsədyönlü siyasətin təməlində ilk növbədə ölkə əhalisinin rifahı, vətəndaşlarımızın həyat şəraitinin daha da yaxşılaşdırılması, dövlətimizin, ölkəmizin inkişafı dayanır. Bunun nümunəsi isə göz önündədir. Azərbaycan müstəqillik əldə edəndən sonra, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gələrək əsasını qoyduğu uğurlu inkişaf siyasətini davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində ölkəmiz dünyada söz sahibinə çevrilib. Regionda Azərbaycanın istəmədiyi heç bir layihə həyata keçirilə bilməz. Ölkəmiz daima sürətli inkişaf dinamikası ilə bütün dünya dövlətlərini təəccübləndirir və digər ölkələr Azərbaycanın uğurlu inkişaf siyasətini bir örnək kimi tətbiq etməyə çalışırlar.
"Vəziyyətdən sui-istifadə edərək, öz maraqları üçün insanları, dövləti düşünmədən hərəkət edənlər çox ciddi cəzalandırılacaqlar"
Son günlər dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması, dolların manata nisbətdə bahalaşması əldə olmayan səbəblərə görə, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Ancaq aparılan dayanıqlı iqtisadi siyasət bu böhrandan ölkəmizin uğurla çıxacağına heç bir şübhə doğurmur. Manatın devalvasiyasından sui-istifadə edən qüvvələrə qarşı dövlətimiz sərt tədbirlər həyata keçirir. Cənab Prezidentin tapşırığı ilə qiymətləri süni şəkildə artırmağa cəhd göstərənlər sərt şəkildə cəzalandırılır. Respublikanın Baş Prokurorluğu ilə aidiyyatı orqanların əməkdaşlığı nəticəsində, belə işbazların ölkədə xaos yaratmağa, şəxsi mənafeləri naminə vətəndaşların "ciblərinə girməyə" yönəlmiş hərəkətlərinin qarşısı qətiyyətlə alınır.
Daima xalqın içində olan, onların sosial problemləri ilə maraqlanan millət vəkili Qənirə Paşayeva da SİA-ya sözügedən məsələlərlə bağlı açıqlama verərək bildirib ki, dünyanın çətin dövrdən keçdiyi bir zamanda regionda olan digər dövlətlərə nəzər yetirsək, onların pullarının da devalvasiyaya uğradığının şahidi olarıq: "Bizdən asılı olmayan səbəblərə görə, Azərbaycanda da bu proses baş verdi. Ancaq bu hadisələrin fonunda cənab Prezident qarşıya çox önəmli vəzifələr qoydu. Əhalinin aztəminatlı, sosial imkanları zəif olan hissəsini daha yaxşı qorumalı, daxili istehsalı daha da artırmalı, süni maneə və əngəlləri aradan qaldırmalıyıq. Dövlətimizin başçısı tapşırıqları ilə çox ciddi mesajlar verdi. Bu tapşırıqlardan hər kəs öz dərsini almalıdır. Fürsətdən istifadə edərək qiymətləri süni şəkildə artıran işbazlar sosial imkanları zəif olan insanları düşünmürlər. Cənab Prezidentin tapşırığı ilə nə olursa olsun pul qazanmaq düşüncəsində olan insanlara qarşı ciddi cəza tədbirləri görüləcək. Vəziyyətdən sui-istifadə edərək, öz maraqları üçün insanları, dövləti düşünmədən hərəkət edənlər çox ciddi cəzalandırılacaqlar. Prezidentimiz icra başçılarına da tapşırdı ki, iş yerləri yaratmaq istəyən insanlara əngəl olunmamalıdır. Süni maneələrin hamısı aradan qaldırılmalı, sərmayələr qoyulmalı, iş yerləri açılmalıdır. Hesab edirəm ki, yerli qurumlar bu mesajı anlamalı və addımlar atmalıdırlar. Süni əngəllərlə iş adamlarına mane olanlar hansı qurumun rəhbəri olursa olsun, ciddi cəzalanmalıdır".
Q.Paşayeva bildirib ki, qeyri-neft sektorunun inkişafı ən önəmli məsələlərdəndir: "Kənd təsərrüfatının inkişafı da çox önəmlidir. Cənab Prezident vurğuladı ki, indi qeyri-neft sektoruna daha çox ağırlıq verilməlidir. Sabah da Milli Məclisin iclası olacaq. Bir sıra məsələlər Parlamentin gündəminə də gətiriləcək. Ən vacib məsələlərdən biri 10 min dollara qədər kredit götürmüş, yəni əhalinin aztəminatlı hissisəsinin kreditlərinin son devalvasiyadan öncəki kursla ödənilməsidir. Ümid edirəm ki, bu istiqamətdə addımlar atılacaq. Çünki dövlətimizin başçısı vurğuladı ki, çalışmalıyıq ki, yaşadığımız hadisələrdən ən az zərər çəkənlər sosial imkanları zəif qruplar, aztəminatlı ailələr olsun. Prezidentimiz əmək haqqlarının və pensiyaların artırılmasına baxılması haqda da tapşırıqlar verdi.
Bu gün əldə olmayan səbəblərə görə, yaranmış bu vəziyyətdə daha çox çalışmalıyıq ki, insanlarımız az zərər görsün, aztəminatlı ailələrimizi daha çox qoruya bilək, qeyri-neft sektorunun inkişafı üçün daha çox səy göstərək. Buna kimlər əngəl törədəcəksə, cəzalandırılacaq. Dövlətimizin başçısı vurğuladı ki, xalqın marağı, mənafeyi hər şeydən üstündür. Ona görə inanıram ki, insanlarımız da Prezidentimizin tapşırıqlarını tam gücləri ilə yerinə yetirəcəklər.
Bu vəziyyətdən başqa məqsədlər üçün istifadə etmək istəyən qüvvələri müdrik xalqımız yaxşı bilir və onlara imkan verməyəcək ki, əməllərini həyata keçirsinlər. İnanıram ki, biz bu böhrandan üzüağ çıxacağıq".
Ərzaq məhsullarının qiyməti ucuzlaşır
Hazırda süni qiymət artımına görə, hüquq mühafizə orqanları çox ciddi səylə mübarizə aparırılar. İşbazların öz menafelərinə görə insanları soymalarına qarşı dövlət tərəfindən ciddi cəza tədbirləri görülür. Dövlətimizin səyləri nəticəsində bir çox ərzaq məhsullarının qiymətləri aşağı salınıb. Belə ki, cənab Prezidentin tapşığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı əlavə dəyər vergisindən azad olunub. Unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə ucuzlaşıb. Daşınma xərclərindən asılı olaraq, 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb. Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılır. Bu isə öncəki qiymətlərdən çox aşağıdır. Sözügedən məhsulları göstərilənlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək.
Şəhər mağazalarında apardığımız müşahidələr, satıcı və müştərilərlə söhbətlərimiz zamanı da məlum oldu ki, bir çox ərzaq məhsullarının qiymətləri ucuzlaşıb, bir çoxunun isə qiymətlərində əvvəlcədən artım olmayıb. Bildirildi ki, dövlət başçının tapşırığı ilə ucuzlaşma prosesi hələ də davam edir. Un və çörəyin qiymətlərinin ucuzlaşması ilə yanaşı, yumurta, kartof, apelsin kimi məhsulların qiymətlərində də əhəmiyyətli dərəcədə ucuzlaşma müşahidə olunur. Ət məhsullarının qiymətində isə ümumiyyətlə artım olmayıb.
Bir çox digər yeyinti məhsullarında da qiymət artımı müşahidə olunmur.
Apteklərdə apardığımız müşahidələr zamanı müəyyənləşdirdik ki, dövlət başçısının tapşırığı ilə dərman pereparatlarının qiymətlərində də əhəmiyyətli dərəcədə ucuzlaşma var.
İnsanlar vətəndaşlıq borcunu və məsuliyyətini dərk etməlidir...
Bütün baş verənlər fonunda dövlətimizin baçısının yürütdüyü uğurlu siyasət ölkəmizin dünyada baş verən dərin iqtisadi böhrandan zərər çəkmədən, üzüağ çıxacağına əminlik yaradır. Dövlətimiz hər zaman vətəndaşlarının yanındadır və onların zərər görməməsi, təhlükəsizliyi üçün qətiyyətli addımlar atır. Vətəndaşlarımızın borcu isə atdığı hər addımda yalnız özünü deyil, xalqını, millətini, dövlətini də düşünmək, onlara zərər verə biləcək əməllərdən uzaq olmaqdır. Hər bir insan vətəndaşlıq borcunu və məsuliyyətini dərk etməli, davranışlarını bu yöndə istiqamətləndirməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB