Sabiq icra hakimindən icra hakimiyyətlərinin ləğvi təklifinə Şərh
"Əgər bu qərar saydığımız amillərə müsbət təsir edəcəksə, söz yoxdur. Əgər sxematik dəyişikliklər ediləcəksə, bunun heç bir əhəmiyyəti yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Xətai rayon icra hakimiyyətinin sabiq başçısı Zəlimxan Məmmədli bəzi rayonların birləşdirilməsi və icra hakimiyyətlərinin ləğv olunması ilə bağlı təkliflərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, müvafiq qərara gəlinməmişdən əvvəl onunla bağlı əsaslandırma aparmaq və bu addımın niyə atıldığına dair səbəb göstərilməlidir: "Rayonların nəyə görə birləşdirildiyinə və icra hakimiyyətlərinin nəyə görə ləğv edildiyinə dair müəyyən əsaslandırılma aparılmalıdır. Bu təkliflər əsasında hər hansı bir dəyişiklik olacaqsa, bunun nə üçün və hansı əsasla aparıldığına aydınlıq gətirilməlidir. Əvvəlcə icra hakimiyyətinin nəyə görə var olduğuna və onun hansı vəzifəni icra etdiyinə, bələdiyyə ilə icra hakimiyyətləri arasında hansı cəhətlər olduğunu aydınlaşdırmaq lazımdır.
Bu iki qurum arasındakı funksiyalar necə ayrılmalıdır? İcra hakimiyyəti nümayəndələri hansı vəzifələri icra etməlidir? Bunlar tam şəkildə aydınlaşdırılsa, daha yaxşı olar.
Prinsip etibarilə Azərbaycanın 9 bölgəsi üzrə bir icra nümayəndəsinin fəaliyyət göstərməsi çox daha yaxşı olardı. Yəni, prezidentin 9 bölgə üzrə səlahiyyətli nümayəndəsi mütləq hakimiyyətin funksiyalarını yerinə yetirə bilər. O, sadəcə prezidentin Fərmanlarının və Sərəncamlarının yerinə yetirilməsinə nəzarət edən orqan olmalıdır".
Ediləcək hər hansı bir dəyişikliklə bağlı əsaslandırma aparılmasının vacibliyini vurğulayan sabiq icra hakimi bunun orada yaşayan insanların sosial roluna, həyat səviyyəsinə və Azərbaycanın imicinə nə dərəcədə təsir edəcəyindən asılı olduğunu qeyd edib: "Əgər bu qərar saydığımız amillərə müsbət təsir edəcəksə, söz yoxdur. Əgər sxematik dəyişikliklər ediləcəksə, bunun heç bir əhəmiyyəti yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB