“20 yanvar: uşaqların gözü ilə”

“20 yanvar: uşaqların gözü ilə”

Bu gün Nizami rayonu 129 saylı orta məktəbdə 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib. SİA-nın xəbərinə görə, əvvəlcə tədbir iştirakçıları "20 yanvar: uşaqların gözü ilə" adlı sərgi ilə tanış olublar.

Sonra çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və başqaları bildiriblər ki, 1990-cı ilin 20 Yanvar hadisələri müstəqillik tariximizdə xalqımızın cəsarətli addımlarını əks etdirən səhifələrdəndir. 20 Yanvar günü həm də Milli Qürur günümüzdür. Azərbaycanın suverenliyi uğrunda ayağa qalxmış əliyalın xalq silahlı imperiya qoşunlarının qarşısında böyük şücaət göstərdi. Şərəfli zirvəyə - şəhidliyə yüksələrək həm özlərinə, həm də Vətənə qəhrəmanlıq salnaməsi yaratdılar.

Qeyd edilib ki, bu qanlı olaylar Azərbaycan xalqının azadlıq eşqini boğmağa hesablansa da Vətən sevgisi ilə coşan insanların böyük müqaviməti ilə qarşılaşdı. Azərbaycan vətəndaşı üstünə şığıyan tanklara, avtomat və pulemyot güllələrinə qarşı sinəsini sipər etdi. Onlar qanları bahasına müstəqilliyin şirinliyini dadan ilk insanlar oldular.

Xüsusilə vurğulanıb ki, o ağır günlərdə məhz Ümummilli Lider Heydər Əliyevin xalqın səsinə səs verdiyini xüsusilə vurğulayıb. Yalnız Ulu Öndər Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükədə qoyaraq yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib və terror aktını qətiyyətlə pisləyib. Ulu Öndərin siyasi hakimiyyətə yenidən qayıdışından sonra bu faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.

Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bütün şəhid ailələrinin problemlərini daim diqqətdə saxlayır və bunun üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

Tədbir məktəb kollektivinin hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə