Azərbaycanda əliliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlilərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi üzrə aparılan siyasət geniş hüquqi bazaya malikdir. Əliliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar Azərbaycan Respublikasının konistitutsiyasında, BMT Baş Məclisi tərəfindən qəbul edilmiş "Əlilərin hüquqları haqqında" Konvensiyada, Azərbaycan Respublikasının "Əliliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, əlilərin sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Qanunda və digər beynəlxalq və yerli qanunvericilik aktlarında təsbit olunmuş bütün hüquqi və azadlıqlara malikdirlər. Bu qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə işlər daim aparılır və bu sahədə işlər davam etdirilməlidir. Sosial sahələri əhatə edən qanunvericilik bilavasitə əhali ilə onların yaşayışı və əmək fəaliyyətləri ilə əlaqədar olduğundan bu sahədəki mövcud qanunvericilik aktlarına dəyişikliklər digər sahələrə nisbətən daha çox tələb olunur.
2015-ci ildə sosial sahələrə aid olan bir çox qanunlara əlavələr və dəyişikliklər edilməsi barədə müvafiq qanunlar qəbul edilmişdir. Məsələn Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişik edilməsi barədə, "Əhalinin sağlamlığının qorunması haqqında", "Əmək pensiyaları haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Tibbi sığorta haqqqında", "Dini etiqad azadlığı haqqqında", "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqqında" və digər Qanunlarda dəyişikliklər edilməsi barədə müvafiq Qanunlar qəbul edilmişdir. Əliliyin təyin olunmasında mövcud olan bürokratik əngəllərin aradan qaldırılması və prosesin maksimum dərəcədə sadələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamə təsdiq olunmuşdur. Əhalinin sosial müdafiyəyə daha çox ehtiyacı olan təbəqələrini sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 16.01.2016-cı il tarixli Fərmanları ilə "Şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" nün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı ilin fevralın 1-dən 220 manat, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2016-cı ilin fevralın 1-dən 10 faiz artırılaraq I qrup əlillər üçün 165 manat, II qrup əlillər üçün 143 manat III qrup əlillər üçün isə 110 manat müəyyən olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 16.01.2016-cı il tarixli sərəncamları ilə 2016-cı ilin fevralın 1-dən "Yaşa görə əmək pensiyasının baza hissəsi" nin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilmiş və 2016-cı il fevralın 1-dən "Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət" in məbləği 10 faiz artırılmışdır.
2016-cı ildə qanunvericilik prosesi davam edəcək ehtiyac olduğu zaman mövcud qanunlara əlavələr və dəyişikliklər ediləcəkdir. Eyni zamanda Əmək və Sosial siyasət Komitəsi tərəfindən "Əlillər və Əlillərin reablitasiyası" haqqında yeni qanun layihələrinin hazırlanması nəzərdə tutulmuşdur.
2015-ci ilin məlumatlarına görə Azərbaycanda əlilərin ümumi sayı 568149 nəfər təşkil etmişdir. Bundan 65482 nəfər sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlar, 365750 nəfər əmək stajı olan əlillər, 136917 nəfər isə iş stajı olmayan əlillərdir. 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlil olmuş 327 nəfərə, Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olmuş şəxslər 11994 nəfərə, hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuşlar 3119 nəfərə, 664 nəfər Böyük Vətən müharibəsi Əlillərinə və 2787 nəfər Çernobıl əlilinə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri təyin olmuşdur. Bundan əlavə ümumi səbəblərdən I qrup əlilliyə görə 16476 nəfərə də təqaüd təyin olunmuşdur. Dövlət tərəfindən əlilliyi olan şəxslərin sosial təminatlarının gücləndirilməsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, tibbi-sosial reablitasiyası istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli sərəncamlarına əsasən 2014-cü ildə həmin ilədək növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatı başa çatdırılmış və bu imtiyazlı şəxslərin elə növbəyə dayandığı ildən avtomobillərlə təminatına başlanılıb. 2015-ci ildə daha 400 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxslər avtomobillərlə təmin olunmuşlar. Bu şəxslərin mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə də tədbirlər həyata keçirilir. Ötən il müharibə əlillərinə və şəhid ailələrinə ümumilikdə 281 mənzil verilmişdir.
Respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən 14 bərpa-müalicə müəsisəsində hər il orta hesabla 8 min nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud olan 18 yaşına qədər uşaq bərpa-müalicə ilə təmin olunurlar. 2015-ci ildə yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi ölkədə bərpa müalicəsi sisteminin müasir tələblərə uyğun qurulmasına şərait yaratmışdır. Ən müasir standartlara cavab verən bu mərkəz il ərzində 1000 nəfərdən çox əlilə müasir tibbi-fizoterapeftik müalicə üzrə xidmət göstərməyə imkan verir. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən 265 nəfər, o cümlədən 135 nəfər əlilliyi olan şəxs və valideynlərindən birinin müşayəti ilə 134 nəfər sağlamlıq imkanları məhdud olan uşaq xarici ölkələrə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib ki, bu da 2014-cü ilə nisbətən 64.6 faiz çox olmuşdur. Keçən il ərzində əlilliyi olan şəxslərə 1273 ədəd əlil arabası olmaqla ümumilikdə 34000 dən çox reabilitasiya vasitəsi və protes-ortopedik məmulatlar verilmişdir.
"2015-ci il üçün əlliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiəsi və reabilitasiya proqramı" çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən il ərzində ümumilikdə 13.6 min nəfərdən çox əlilliyi olan şəxsə və şəhid ailələrinə birdəfəlik maddi yardım göstərilmişdir. İl ərzində sosial müdafiəyəyə daha çox ehtiyacı olan 602 nəfər əlilə sosial-məişət problemlərinin həllində köməklik göstərilərək maddi yardım göstərilmişdir. 112 nəfər 20 Yanvar şəhidinin ailəsinə, 316 nəfər 20 Yanvar əlilinə, 486 nəfər Çernobıl əlilinə birdəfəlik maddi yardım göstərilmişdir. Bilik günü ərəfəsində sağlamlıq imkanları məhdud ailədə 2 və daha çox məktəbli olan 1492 ailənin 3117 uşağa, Beynəlxalq Əlillər günü ilə əlaqədar 8700 nəfər əlilliyi olan şəxslərə də birdəfəlik maddi yardım göstərilmişdir. Ötən il Bakı şəhərində Əlillərin IX Ümumirespublika Yaradıcılıq Sərgi-Müsabiqəsi təşkil olunmuşdur. 221 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşaqların əl işlərinin təqdim olunduğu sərginin yekununda qaliblərə mükafatlar verilməsi ilə yanaşı digər sərgi iştirakçılarının hər birinə də birdəfəlik yardım verilmişdir.
Hazırda respublikamızda Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin olunan şəxslərin 69 faizi müharibə əlilləri və onlara bərabər tutulanlar, 20 Yanvar əlilləri, əmək pensiyası almaq hüququ olmayan I qrup əlillərdir. 2014-cü ildə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılmışdır.Respublikada aylıq sosial müavinətlərlə təmin olunanların 59.2 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardır.Həmin müavinətlərin orta aylıq məbləği 2004-cü ilə nisbətən 8.1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara yönələn sosial müavinətlərin orta aylıq məbləği isə 7.4 dəfə artmışdır.Əmək pensiyası alanların 28.8 faizini əlilliyə görə əmək pensiyaları alanlar təşkil edir. 2003-cü illə müqayisədə əmək pensiyalarının orta aylıq məbləği 9.5 dəfə artmışdır.
Ahıllar və sağlamlıq imkanları məhdud olan vətəndaşlar üçün respublikanın müxtəlif bölgələrində 7 internat evi və digər müəssisələr fəaliyyət göstərir. 2015-ci ilin məlumatlarına görə bu müəssisələrdə yerlərin sayı 1162, yaşayanların sayı isə 817 nəfər olmuşdur. Sağlamlıq imkamları məhdud olanlar şəxslər üçün iki internat evi fəaliyyət göstərir. Bu internatlarda yerlərin sayı 370 yaşayanların sayı isə 314 nəfər olmuşdur. Qeyd etmək lazımdır ki, bu müəssisələrin hamısı əsaslı sürətdə təmir olunmuş və yenidən qurularaq müasir invertar və avadanlıqlarla təmin olunmuşlar.
2015-ci ilin məlumatlarına görə ölkədə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sayı ümumi əhalinin 5.9 faizini təşkil edir.Ümumidünya Səhiyyə Təşkilatının Dünya Bankı ilə birlikdə hazırladığı məlumata görə dünyada əlillər dünya əhalisinin 15 faizini təşkil edir. Bu rəqəm Rusiyada 9.3% Estoniyada 9.2% Özbəkistanda 9.6% Sloveniyada 8% təşkil edir. 2013-cü ilin məlumatlarına görə MDB üzvü olan dövlətlərdə ilk dəfə əlil hesab edilən şəxslərin sayı 1000 nəfərə görə Azərbaycanda 38.6 nəfər, Belarusda 56 nəfər, Ukraynada 165.1 nəfər, Moldovada 12 nəfər olmuşdur.
Xəzər rayonunda əlillərin ümumi sayı 4096 nəfər təşkil edir ki, bundan I qrup 489 nəfər, II qrup 3270 nəfər, III qrup isə 337 nəfərdir.Qarabağ müharibəsunun əlilləri 172 nəfər, 20 Yanvar əlilləri 14 nəfər, Çernoçıl əlilləri 50 nəfər, Böyük vətən müharibəsi əlliləri və iştirakçıları 35 nəfər, ümumi xəstəlik üzrə I qrup əlillər 358 nəfərdir.Əlillərin sayı rayon əhalisinin 4.9 faizini təşkil edir ki, bu da ümumirespublika göstəricisindən azdır.Pirallahı rayonu üzrə əlillərin sayı 392 nəfər o cümlədən I qrup 52 nəfər, II qrup 272 nəfər, III qrup 68 nəfər təşkil edir. Rayonda 66 Qarabağ müharibəsi əlili, 4 nəfər 20 Yanvar əlili, 17 nəfər Çernobıl əlili, 23 nəfər BVM iştirakçısı və əlili, 25 nəfər ümumi xəstəlik üzrə I qrup əlil yaşayır. Əlillərin sayı rayon əhalisinin 2.6 faizini təşkil edir.
Əlliyi olan şəxslərin problemlərinin mümkün qədər həll edilməsi, beləliklə də cəmiyyətə inteqrasiya olunmaları məqsədi ilə, eyni zamanda "Əlillərin Hüquqları haqqında" Konvensiyada təsbit olunmuş müddəalara uyğun olaraq hall-hazırda Azərbaycanda aşağıdakı istiqamətlərdə aparılan işlərin davam elətdirilməsi vacibdir.
* "Əlillərin hüquqları haqqında" BMT Konvensiyasında təsbit olunmuş müddəalar nəzərə alınmaqla yeni dövlət proqramının hazırlanması.
-Dayaq-hərəkət sistemi pozulmuş və buna görə də abaraba ilə hərəkət etmək məcburiyyətində olan əlillərin sərbəst hərəkət etməsi üçün küçələrdə, yolüstü və yolaltı keçidlərdə pandustların qurulması.
-İctimai nəqliyyat parkının yeniləşməsi zamanı müasir beynəlxalq standartlara cavab verən, hərəkəti məhdud olan insanlar üçündə münasib şəraitə malik, xüsusi vasitələrlə təchiz olunmuş avtobusların və taksilərin alınması.
-Araba ilə hərəkət edən əlillər üçün münasib hündürlüklərdə telefon avtomatlarının quraşdırılması və bütün rabitə müəssisələrinin yerləşdiyi binaların giriş hissələrində pandusların qurulması.
-Eşitmə qabiliyyətini tam və ya qismən itirmiş əlillərin zəruri informasiya ilə təmin edilməsi sahəsində problemlərin həlli məqsədi ilə ictimai əhəmiyyətli informasiya və digər televiziya verilişlərinin, o cümlədən əlillərin cəmiyyətə inteqrasiyası problemlərini işıqlandıran proqramların subtitrelməsi üçün tədbirlərin görülməsi
-Əlillərə ünvanlanmış publisistik, təhsil, elmi-kütləvi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni marif yönümlü teleradio proqramlarının hazırlanması.
-İstər paytaxda istərsə də regionlarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi yüksək olan küçə və prospektlərdə gözdən əlillər üçün səsli işıqforların və əlavə yol nişanloarının quraşdırılması.
-Əliliyi olan insanların xəstəliyi və funksional pozğuntuları nəzərə alınmaqla, habelə əlilliyin başvermə səbəblərindən asılı olmayaraq bütün kateqoriyadan olan əlillərin mənzil şəraitinin yaxşılaşdırılması üçün yeni yaşayış binalarının tikilməsini, imkanların bərabərliyi prinsipi əsasında onlara cəmiyyətin digər üzvləri ilə bərabər şərait yaradılması yolu ilə "kompakt yerləşdirmə" ənənəsinin tədricən aradan qaldırılması.
-Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların problemləri üzrə Vahid Məlumat Bazasının yaradılması.
-Əlillərin digərləri ilə bərabər səviyyədə inkluziv, keyfiyyətli təhsil almaq imkanlarına malik olmalarının təmin olunması.
Əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların müdafiəsi üzrə tədbirlər aşağıdakı dövlət qurumları və digər ictimai təşkilatlar tərəfindən həyata keçirilir.
-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
-Dövlət Sosial Müdafiə Fondu
-Səhiyyə Nazirliyi
-Təhsil Nazirliyi
-Nəqliyyat Nazirliyi
-Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
-Daxili İşlər Nazirliyi
-Radio Televiziya ASC
-Şəhər və Rayon İcra Hakimiyyətləri
-İnsan Hüquqları Üzrə Müvəkkil
-Bələdiyyə Orqanları
-Əlillərin İctimai Birlikləri və Təşkilatları
-Qeyri Hökümət Təşkilatları
Əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların əlilliklərinin qarşısının alınması reabilitasiya və sosial müdafiəsi üzrə tədbirlərin koordinasiya edilməsi, yaranmış problemlərin operativ şəkildə həll olunması, bu sahənin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və qiymətləndirilməsi məqsədi ilə qeyd olunan qurumların təmsilçilərinin iştirakı ilə Koordinasiya Şurasının yaradılması və bu qurumların hesabına daimi fəaliyyət göstərən işçi qrupunun yaradılması məqsədə uyğun olardı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB