Dünya bazarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşmasından sonra iqtisadi böhranın beynəlxalq müstəvidə cərəyan etməsi ölkəmizin milli valyutası olan manata da təsirsiz ötüşmədi. Məhz manatın dollara nisbətdə ucuzlaşmasından sonra yaşanan devalvasiya mühiti əhaliyə satılan yerli və xarici məhsulların qiymətlərinə də təsir göstərdi. Lakin bir sıra işbazlar yerli məhsullar üzrə qiymətlərin artırılmasında sui-istifadə hallarına yol verdilər ki, bu da əhalinin haqlı narazılığına səbəb oldu. Məhz ölkə Prezidenti İlham Əliyevin sərt müdaxiləsindən sonra müvafiq qurumlar tərəfindən təcili addımlar atıldı və bu gün də həmin tədbirlər görülməkdə davam edir. Belə məhsullardan biri də tütünçülüklə bağlıdır. Belə ki, devalvasiya mühitində ölkədə satılan tütün məhsullarının qiyməti bir neçə dəfə qaldırıldı ki, bu da tütün istifadəçilərini narahat edir. Xaricdən idxal olunan tütün məhsullarının qiymətlərinin dollarla tənzimlənməsi və nəticədə onların qiymətlərinin artırılması anlaşılandır. Bu zaman belə bir sual yaranır: ölkəmizdə tütünçülük istehsalı mövcuddursa, nəyə görə onların qiymətlərində də eyni hal – dəfələrlə artım müşahidə olunur? SİA bununla bağlı ekspert rəylərini təqdim edir.
Millət vəkili Əli Məsimov: "Tütün əkmək əvvəlki qədər sərfəli deyil"

"Sovetlər Birliyi dönəmində alkoqollu içkilər və tütün Azərbaycanın büdcəsinin gəlirlərində mühüm yer tuturdu. Tütünün ümumən insan orqanizminə ziyanı bəlli məsələ olsa da, Respublikada tütünçülüklə məşğul olanlar yaxşı pul vəsaiti əldə edirdilər. Müstəqillik illərində tütün istehalı davam etsə də, kənd təsərrüfatının pambıqçılıq, çayçılıq, üzümçülük və bir sıra digər sahələri tənəzzülə uğramağa başladığı kimi, tütünçülük də tənəzzülə uğradı".
Millət vəkili müəyyən səbəblərdən dünya bazarında əsas mövqelərdən birini tutan tütünçülüyün Azərbaycanda eniş xəttində olduğunu bildirib. O, konkret rəqəmlər göstərərək qeyd edib ki, Azərbaycanda tütün istehsalı 1991-ci ildəki 57 min tondan 2000-ci ildə 17 min tona, ondan sonra isə daha kəskin azalmaqla 2014-cü ildə 3 min tona enib: "Bu fakt onu göstərir ki, müstəqillik illərində tütün istehsalı 20 dəfəyə yaxın azalıb. Bunun isə həm obyektiv, həm də subyektiv səbəbləri var. İndi Azərbaycanda kənd təsərrüfatında strateji sahə taxılçılıqdır və haqlı olaraq stimullaşdırıcı tədbirlər daha çox taxılçılığa yönəlib".
"Astarı- üzündən baha başa gəldi"
Əli Məsimli məhz bu səbəbdən ölkədə ən çox xaricdən tütün məhsullarının gətirildiyini bildirib. Çünki digər səbəb, yerli tütün istehsalçılarına təklif edilən qiymətlər onların maliyyə maraqlarını təmin etmirdi: "Buna görə də xaricdən gətirilən tütün məmulatlarına daha çox üstünlük verildi. Tütün istehsalçılarına təklif olunan qiymətlər onların təsərrüfatı genişləndirməkdən ötrü yetərli qədər maliyyə əldə etməsinə imkan vermədi. Bəzən isə heç fermerin xərclərini belə qarşılamadığından, necə deyərlər, "astarı- üzündən baha başa gəldi". Tütün əkmək əvvəlki vaxtlardakı qədər sərfəli deyil. Tütün mahiyyət etibarı ilə orqanizmə ziyanlı, amma maliyyə cəhətdən strateji və gəlirli məhsul olduğundan, bu, tütün istehsalçılarına ziyan verdi".
Əli Məsimli onu da bildirib ki, tütünçülüyü yenidən canlandırmaq üçün yetərincə sərmayə, bu sahəyə sərmayə qoymaq isyəyənlərə əlverişli şərait, stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir: "Yəni bu sahəni tənəzzüldən çıxarmaqdan ötrü elə şərait yaratmaq lazımdır ki, Azərbaycanda tütün və tütün məmulatlarının istehsalına qoyulan hər manat, onun xaricdən gətirilib ölkədə satılmasına qoyulan hər manatdan daha çox gəlir gətrsin. Bu isə elmi cəhətdən dəqiqliklə əsaslandırılmalıdır. Bu da çox ağır və çətin iş tələb edən məsələdir".
Eyyub Hüseynov: "Bunun özü də bir növ insanlarda tütünə meyilliliyi artıran səbəblərdəndir"

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə fərlqi düşünür. O hesab edir ki, tütün məmulatlarının insanlar tərəfindən istehlakı azaldılmalıdır və qiymətlərin artırılması müsbət faktordur: "Çünki tütün insan orqanizminə zərərlidir. Düzdür, Azərbaycanda tütünün satışına məhdudiyyətlər qoyulub və Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Tütün Əleyhinə Çərçivə Konvensiyasına qoşulan ölkələr sırasındadır. Lakin bu gün biz supermarketlərin girişində birinci tütün məmulatlarını, onların reklamını görürük. Bunun özü də bir növ insanlarda tütünə meyilliliyi artıran səbəblərdəndir".
"Tütünün qiyməti qalxdıqca insanlar kütləvi şəkildə tütündən imtina edirlər"
Ekspert hesab edir ki, xaricdən gətirilən tütün məmulatları azaldılmalı, insanlara gərəkli olduğu müddətdə yerli tütünlərdən istifadə etmələri tövsiyyə edilməlidir: "Tütünün qiyməti qalxdıqca insanlar kütləvi şəkildə tütündən imtina edirlər ki, bu da çox yaxşı haldır. Bu baxımdan, hesab edirəm ki, tütünün qiymətinin qalxması bir tərəfdən bizi narahat edirsə, digər tərəfdən də müsbət mənada özünü göstərəcəkdir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB