Nazir müavini: "Fevralın 1-dən pensiyalar artacaq" AÇIQLAMA

Nazir müavini: "Fevralın 1-dən pensiyalar artacaq" AÇIQLAMA

""Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2016-cı il tarixli Sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Bu Sərəncamla 1 milyon 271 min nəfər əmək pensiyaçısının pensiyasının baza hissəsi və ona qanunvericiliklə müəyyən edilmiş əlavələr 10 faiz artırılacaq". SİA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, birinci qrup gözdən əlillərin və birinci qrup əlil olan digər pensiyaçıların pensiyalarında daha əhəmiyyətli dərəcədə artımlar ediləcək: "Artımın maliyyələşdirilməsinə ilin sonunadək 140,8 mln. manat əlavə büdcə vəsaiti sərf olunacaq".

İdris İsayev həmçinin onu da bildirib ki, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 manat müəyyən edilib: "Bu Fərman Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan 13487 nəfər şəhid ailəsini əhatə edəcəkdir və həmin artımın maliyyələşdirilməsinə ilin sonunadək 3 mln. manata yaxın əlavə büdcə vəsaiti yönəldiləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə