Mütəxəssis: "Azərbaycan 8-10 milyon turist qəbul etmək imkanına malik ola bilər" AÇIQLAMA
Məlumdur ki, dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması ölkəmizdə qeyri-neft sektorunun inkişafının daha da sürətləndirilməsi istiqamətində addımların atılmasını gərəkdirir. Qeyri-neft sektoruna daxil olan, ölkəyə maddi gəlir gətirə biləcək önəmli sahələrdən biri də turizmdir. Ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi üçün hansı işlərin həyata keçirilməli olduğunu müəyyənləşdirmək üçün Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri, turizm mütəxəssisi Müzəffər Ağakərimovla əlaqə saxladıq. O, Azərbaycanda turizm sahəsinin daha sürətlə inkişafı üçün hansı addımların atılmalı olduğu haqda fikirlərini bildirdi: "Azərbaycanda turizm sahəsində infrastruktur yüksək səviyyədədir. Ölkədə bir çox turizm şirkətləri fəaliyyət göstərir. Lisenziyaların ləğv olunmasından sonra bu şirkətlərin sayı daha da artacaq. Ölkəmizdə 545-ə yaxın otel fəaliyyət göstərir. Onların lisenziyası ləğv olunub. Bu da yeni otellərin inşa olunmasına şərait yaradacaq. Ancaq indiki vəziyyətdə prioritet sahə kimi turizmi daha çox və sürətli inkişaf etdirmək üçün bəzi real addımlar atılmalıdır. İlk növbədə daxili turizmlə məşğul olan şirkətlərə xüsusi güzəştlər tətbiq olunmalı və şərait yaradılmalıdır ki, onlar ölkəyə daha çox turist gətirməkdə maraqlı olsunlar. Azərbaycana gəlmək istəyən turistlərin viza məsələləri ən qısa müddətdə həll olunmalıdır. Büdcə tipli avia uçuşlardan daha çox istifadə edilməli, biletlərin qiymətləri ucuz olmalıdır. Otellərin qiymətləri marketinqə uyğun müəyyənləşdirilməli, sahibləri menecerlərin işlərinə müdaxilə etməməlidirlər. Otellərin menecment işlərində də islahatlar aparılmalıdır. Beş ulduzlu otellərin çoxunda xarici menecerlər fəaliyyət göstərir. Tövsiyə olunur ki, brend otellərə menecerlər müsabiqə yolu seçilsin və milli kadrlara daha çox üstünlük verilsin. Bunun üçün bütün şərait var. Ölkədə 2006-cı ildən Turizm Universiteti fəaliyyət göstərir. Bir çox digər universitetlərdə də kadrlar hazırlanır. Bəzi kadrlarımız xaricdə işləməyə üz tuturlar. Halbuki işə qəbul müsabiqə yolu ilə aparılsa, milli kadrlara üstünlük verilə bilər".
M.Ağakərimov qeyd edib ki, turizm sahəsinin sürətli inkişafı üçün iki ulduzlu otellər və hostellərin inşası da önəmlidir: "İki ulduzlu otellər və hostellərin tikintisində gecikirik. Bu işlərə keçən ildən başlanılmalı idi. İki ulduzlu otel və hostelləri tikən iş adamlarına şərait yaradılmalıdır. Bu otellərdən Bakda ən azı 30, hər regionda isə 5-6-sı inşa olunmalıdır ki, insanlar ucuz qiymətə istirahət edə bilsinlər. Həmin sahibkarlara torpaq və vergi güzəştləri tətbiq olunmalıdır ki, onlar bu işdə maraqlı olsunlar".
Assosiasiya sədrinin müşaviri bildirib ki, turizmin inkişafı üçün Rusiya bazarı Azərbaycana cəlb olunmalıdır: "Bu sahədə Rusiyanın bir çox şəhərləri ilə danışıqlar aparılır. Qazaxıstandan da bura çoxlu turist gələ bilər. Aparılan təhlillər göstərir ki, qiymətlər bahadır və onların bura gəlmək arzusu hələ ki, reallaşa bilmir".
O deyib ki, Xəzər dənizi sahillərində kütləvi turizmin inişafı üçün daha münasib şərait yaradılmalıdır: "Sahillər turistlərə açıq olmalı, sanitar-gigiyenik qaydalara əməl olunmalıdır. Abşeron və Nabran zonasına daha çox diqqət ayrılmalıdır".
Mütəxsəssis qeyd edib ki, ölkəmizdə ilin bütün fəsillərində turizmin inkişafı üçün şərait var: "Yeni turizm növlərini də inkişaf etdirmək lazımdır. Məsələn, 10 il bundan öncə Azərbaycanda qış turizmi yox idi. İndi isə bu sahə inkişaf edib. Deməli, Azərbaycanın iqlimi, coğrafi mövqeyi, şəraiti, imkan verir ki, burada ilin hər günü turizm inkişaf etdirilsin".
M.Ağakərimov bildirib ki, turistlərin ölkəyə daha çox cəlb olunması iqtisadiyyyatın daha da inkişafına, büdcə gəlirlərinin artmasına şərait yaradacaq. Qeyd edib ki, Azərbaycan yaxın gələcəkdə 8-10 milyon turist qəbul etmək imkanına malik ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB