20 Yanvar faciəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu TƏDBİR
Milli Olimpiya Komitəsində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "20 Yanvar hadisələrinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda toplantı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi, millət vəkili Ağacan Abıyev, millət vəkilləri Fuad Muradov, Şahin İsmayılov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, idmançılar, fəal gənclər iştirak ediblər.
Öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən nazir A. Rəhimov bildirib ki, 20 Yanvar faciəsindən 26 il ötsə də Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi Azərbaycan xalqının yaddaşından silinməyib və hər zaman qəhrəmanlıq səlnaməsi kimi qalacaq: "Həmin gün Azərbaycan xalqına qarşı hərbi, siyasi və mənəvi təcavüz edilib. Qədim tarixi ənənələri olan bir xalqın mübarizə əzmini qırmaq istəsələr də, buna nail ola bilməyiblər. Həmin gecə xalqımıza qarşı dəhşətli cinayətlər törədilib. O dövrdə gedən proseslərdən narazı olan xalqın əsas tələbi Dağlıq Qarabağdakı ermənilərin separatçı və ekstremist hərəkətlərinə son qoyulması idi. Xalqımıza qarşı Sovet ordusunun yeridilməsi böyük bir faciə ilə nəticələndi. Həmin faciə günlərində xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan qəhrəman Vətən övladları şəhidlik zirvəsinə ucaldılar".
Nazir qeyd edib ki, milli ideologiyası zəif olan, onun inkişaf strategiyasını təmin edə biləcək güclü lideri olmayan xalqın gələcəyi daim təhlükədə ola bilər: "Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın tərəqqisi yolundakı xidmətləri müstəqilliyimizin sarsılmaz və əbədi olmasına əsaslı zəmin yaratdı. Biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla Azərbaycançılıq ideologiyasına sadiq olduğumuzu, sülhsevərlik və humanizm dəyərləri ilə dünyaya töhvə verdiyimizi təsdiqləyirik. Bu istiqamətdə Prezident İlham Əliyevin mövqeyi və konkret fəaliyyəti də hər kəsə aydındır. Məhz onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan nəinki regionda, həm də dünyada öz mövqeyini müəyyənləşdirib və inamla inkişaf prosesini davam etdirir".
A.Rəhimov vurğulayıb ki, 20 Yanvar faciəsinin baş vermə səbəbləri, mahiyyəti, bu hadisələrin gənclərin vətənpərvərlik tərbiyəsində rolu bundan sonra da daim öyrənilməli, təhlil edilməli və gənclər arasında təbliğ edilməlidir".
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev deyib ki, 20 Yanvar hadisələri yalnız faciə yox, eyni zamanda Azərbaycanda istiqlal yolunun başlanğıcı, milli məfkurəmizin inkişaf yolu kimi qeyd edilməlidir. O bildirib ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin tapşırığına əsasən hər il 20 Yanvar faciəsi müxtəlif müəssisə və təşkilatlarda qeyd edilir: "Bu sərəncamda əsas diqqət ona yönəlir ki, hər zaman gənclər arasında 20 Yanvar faciəsi ilə bağlı geniş təbliğat işləri aparılsın. Bu baxımdan belə tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. 20 Yanvar faciəsində əlil olan, şəhidlik zirvəsinə ucalan insanların ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bu onun nümunəsidir ki, dövlətimiz 20 Yanvar hadisəsinə xüsusi qiymət verir. Gənclərimiz və müxtəlif təşkilatlarımız bu faciəyə hüquqi qiymət verilməsi baxımından dünya ictimaiyyəti qarşısında məsələlər qaldırmalıdırlar. İnanıram gənclər, tələbə təşkilatları fəallıq göstərəcəklər və 20 Yanvar hadisələri dünyada geniş ictimaiyyət tərəfindən hüquqi qiymət verilmiş faciə kimi tanınacaq".
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə 20 Yanvar faciəsinin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıb: "20 Yanvar hadisələri vətənpərvərliyin ən böyük təcəssümüdür. Faciə zamanı xalq inandı ki, artıq Sovetlər Birliyində yaşaya bilməz. Bir yolumuz var idi. Bu yol da müstəqillik, azadlıq idi. Bu hadisələr həmrəyliyin, vətənpərvərliyin ən böyük nümunəsi idi. 20 Yanvar faicəsi həmişə tarixdə qalacaq".
Daha sonra digər rəsmi şəxslər, idmançılar və fəal gənclər çıxış edərək 20 Yanvar faciəsi haqqında danışıblar.
Tədbirdə qeyd olunub ki, 20 Yanvar faciəsinin 1990-cı ildə törədilməsinə baxmayaraq, 1994-cü ilədək ona hüquqi qiymət verilməyib. Məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən 1994-cü ildə Milli Məclisə təklif göndərilib və 20 Yanvar faciəsinə hüquqi qiymət verilib.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd 20 Yanvar faciəsinin növbəti ildönümünün anılması, tarixi faktların gənclərə çatdırılması, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 2015-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"nın 3-cü bəndinin və Gənclər və İdman Nazirliyinin 2016-cı ilin I yarımilliyi üçün iş planının müvafiq bəndinin icrasının təmin edilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB