Dünya bazarında qlobal maliyyə və iqtisadi böhranın yaşanması, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycana da təsirsiz ötüşmədi. Xüsusilə, neftin qiymətinin kəskin şəkildə ucuzlaşmasından sonra milli valyutamız dollar qarşısında dəyərini itirdi ki, bu da bir sıra məhsulların, o cümlədən də ərzaq məhsullarının qiymətinin artması ilə maşahidə olundu. Xarici ölkələrdən idxal edilən malların qiymətlərinin yüksəlməsi də məhz dolların manat üzərindəki bahalaşması ilə əlaqələndirilir. Xarici mallar qalsın bir kənarda ölkədə baş verən devalvasiyadan sonra bəzi işbazlar bundan sui-istifadə edərək, yerli məhsulların qiymətlərinin də artırılmasına nail olmuşdular. Bu halın əhali tərəfindən narazılıqla qarşılnması başadüşüləndir.
Bir halda ki, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün şirkətlər, zavodlar fəaliyyətini gücləndirib, ərzaq məhsullarının xaricdən idxalı minumuma endirilib, o zaman nədən yerli məhsulların qiymətində artım olmalıdır? Bu kimi halların qarşısını almaq üçün Prezident İlham Əliyev Nazirlər Kabinetində keçirdiyi geniş tərkibli müşavirədə yerli məhsullarda qanunsuz qiymət artımı edən işbazların cəzalandırılması ilə bağlı qətiyyətli qərar və tapşırıqlarını verdi. Prezident vurğuladı ki, son vaxtlar müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir: "İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar süni şəkildə qiymətləri qaldırmaq istəyirlər". Məhz ölkə Prezidentinin tapşırığından sonra müvafiq tərdbirlər görülməyə başlandı. İqtisadiyyat və Sənaye Nazirliyi istehlak bazarında nəzarəti gücləndirdi, İctimai Şura fəaliyyətə başladı.
İndi gələk mövzunun əsas məğzinə. Məğər Prezidentin tapşırığından öncə bu işlər görülə bilməzdimi? Niyə hər kəs necə deyərlər "ağzına su alıb" oturmuşdu? Axı bu ölkə hər birimizdindir. Hər birimiz bu ölkəni suyundan içib, çörəyindən yeyirik. Bu gün suni şəkildə unun qiymətini qaldırıb, çörəyin qramını azaldırıqsa, ölkəmizdə istrehsal olunan hanısa ərzaq malının tərkibindəki maddəni guya xaricdən gətirilməsi ilə əlaqələndiririksə heç bir vətəndaşlıqdan danışmağa haqqımız çatmır.
SİA-nın elektron poçtuna daxil olan şikayətlərdən də bəlli olur ki, insanlar ən çox yerli məhsulların qiymətinin artmasından, marketlərin piştaxtalarda bir qiymət, kassada isə digər qiymətin olmasından şikayətlənirlər.
"SƏS" İnformasiya Agentliyi (SİA) olaraq, biz Bakı şəhərində fəaliyyət göstərən supermarketlərdə, ticarət-satış məntəqələrində olduq, yerli məhsulların qiymətləri ilə maraqlandıq. İlk nəzərəçarpan məqam da marketlərdə qiymət müxtəlifliyi oldu.
Marketlərdən biri ərzaq məhsulunu bir qiymətə malı satır, digəri isə eyniadlı məhsulu başqa qiymətə. Soruşanda da topdansatış firmalarını günahlandırırlar, məhsulu onlardan fərqli qiymətə aldıqlarını deyirlər. Amma əldə etdiyimiz məlumata görə, əslində topdansatış firmaları bütün pərakəndə satış obyektlərinə malı vahid qiymətə satır. Bir mağazaya 3, digər mağazaya 3,5 manata satmır. Mağazalar isə malın qiymətinin üstünə öz faizlərini qoyub satışa çıxarır. Qoyulan faizlərin fərqliliyi isə heç bir əndazəyə sığmır.
Müşahidələrimiz zamanı da bəlli oldu ki, qiymətlərdə fərq 5-6 qəpik deyil, olduqca böyükdür. Marketin meneceri bizimlə söhbətində bildirdi ki, devalvasiyadan sonra yerli məhsulların qiymətində 25-30 faiz artım, xarici məhsullarda isə 35-40 faiz artım müşahidə edilir. Çörəyin qiymətinə gəlincə isə qiymətində də, çəkisində heç bir dəyişiklik olmayıb, desələr də 30 qəpiyə olan çörəyin qiyməti 35 qəpik, 40 qəpiyə olan isə 50 qəpiyə satılırdı.
Daha sonra digər supermarketə daxil olduq və orda da yerli məhsulların qiymətinin artdığını müşahidə etdik. Əvvəllər 12-13 qəpiyə satılan yumurtanın 1 ədədi 20 qəpik, 6.20 manata satılan Palsüdün pendiri 7.20 manata, 0.80 manata satılan mayonez 1.15 manata, 0.80 manata satılan makaron 1.05, spagetti 2.20-yə satılır. Yerli məhsulların da ən az xarici məhsullar qədər qiymətində artma bizdə ancaq təəssüf hissi yaratdı.
Düzdür Azərbaycan özünü ərzaq məhsulları ilə 100 faiz təmin edə bilmir. Amma bir yandan da yerli məhsullarda qaldırılan qiymətlər əməlli-başlı hər bir ailənin büdcəsinə ziyan vurur. Nəzərə alsaq ki, elə bir ailə var ki, onlar yalnız pensiya ilə dolanır o zaman həmin ailələr ya çaylarına qənd atmayacaq, ya da səhər yeməyində kərə yağından, yumurtadan istifadə etməyəcək. Digər bir misal. Bir ailənin uşağı var, yaşlısı var, ahılı var. Bu ailələr də yeməklərində qənaət etməli olacaqlar. Böyüklərə bunu anlatmaq o qədər də çətin deyil, bəs uşaqlara necə? Yəqin ki, bu asan olmayacaq. Şəhər əhalisi arasında apardığımız sorğudan da bəlli oldu ki, ərzaq məhsullarında qiymət artımı ailələrdə problem yaradır. Onlar ciblərinə qənaət etməklə yanaşı, həm də boğazlarına qənaət etməli olurlar. Araşdırmaların yekununda biz də belə bir rəy formalaşdı ki, qiymət artımında "ən aktif" fəaliyyət bəzi sahibkarlara məxsusdur ki, onların da qarşısı yalnız sərt cəzaların tətbiq edilməsi ilə alına bilər. Sahibkar papağını qabağına qoyub ölkədə gedən proseslər fonunda ancaq özünün büdcəsini deyil, bir az da olsa əhalinin büdcəsini fikirləşsə yaxşı olar. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, süni qiymət artımı və malqıtlığı yaratmaqla vəziyyətdən sui-istifadə edən təsərrüfat subyektləri barədə, habelə inhisarçılıq və korrupsiya kimi neqativ halların vaxtında aşkar edilərək qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirilməklə qanun pozuntularına yol vermiş şəxslər barəsində ən ciddi tədbirlər görüləcək.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB