Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı sistemi üzrə yaradılmış Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) Bakının Binəqədi və Yasamal rayonlarında sınaq işlərinə başlanılıb.
SİA-nın verdiyi xəbərə görə, bu məqsədlə keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib ki, bu sistem vətəndaşlara ünvanlı dövlət sosial yardımın alınması üçün elektron formada müraciət etmək imkanı verir. Yardımın alınması üçün elektron formada müraciət VEMTAS-da qəbul ediləcək. Vətəndaşların ailələrinin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün lazımi arayış və məlumatlar artıq onlardan tələb olunmayacaq, aidiyyəti qurumların informasiya resurslarından elektron qaydada əldə ediləcək. Bununla bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron hökumət" portalı üzərindən 20 qurumun müvafiq informasiya resurslarına çıxışının təmin olunması nəzərdə tutulur. Həmin qurumlardan artıq 12-si tərəfindən müvafiq informasiya sistemləri və servislərin portala inteqrasiyası işləri başa çatdırılıb. Digər qurumlar tərəfindən də bu yöndə işlər artıq son mərhələdədir.
Xidmət rəisi vurğulayıb ki,sınaq işlərinə başlanılması ilə əlaqədar Binəqədi və Yasamal rayon əhalinin sosial müdafiə mərkəzlərində həmin rayonların sakinlərinə ünvanlı yardım almaq üçün elektron formada müraciət edilməsində ilkin texniki köməkliyin göstərilməsi üçün yardım masaları fəaliyyət göstərir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnnologiyaları şöbəsinin müdiri Elnur Məcidov isə nəzərə çatdırıb ki, müvafiq qurumların informasiya resurslarından əldə edilmiş məlumatlar əsasında ünvanlı sosial yardımı üçün müraciət edən vətəndaşın və ailəsinin gəlirləri, aylıq xərcləri, maddi-məişət şəraiti üzrə ətraflı qiymətləndirmələr aparıldıqdan sonra ailəyə yardımın təyin olunub-olunmaması barədə qərar avtomatik şəraitdə qəbul olunacaq. Yeni sistem aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımla təminatı sahəsində məmur-vətəndaş ünsiyyətinin aradan qalxmasına, həmin ailələrin bu yardım növü üzrə sürətli, rahat və şəffaf xidmətlərə çıxışına imkan yaradacaq.
Tədbirin sonunda ünvanlı dövlət sosial yardımı üzrə avtomatlaşdırılmış sistemin təqdimatı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB