Raqif Abbasov: "Dövlətimizə müxalif olan qüvvələr siyasi spekulyasiyalar edirlər" AÇIQLAMA

Raqif Abbasov: "Dövlətimizə müxalif olan qüvvələr siyasi spekulyasiyalar edirlər" AÇIQLAMA

"Cənab Prezident İlham Əliyev 2015-ci ildə görülən işlərə yüksək qiymət verdi. Dövlət başçısı 2016-cı ilin istiqamətlərini müəyyənləşdirdi və müvafiq tapşırıqlarını verdi. Prezidentimiz "Bakı-2015" ilk Avropa Oyunlarının yüksək səviyyətdə keçirildiyini, ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini, ən nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etdiyini və bütün bunların dövlətimizin qüdrətindən xəbər verdiyini qeyd etdi. Cənab Prezident qarşıdan gələn Olimpiya Oyunlarında iştirak və ölkəmizdə keçiriləcək Formula-1 üzrə Avropa Qran-Pri yarışı ilə bağlı tapşırıqlarını verdi". Bu fikirləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

O, dünyanın böhran vəziyyətində olmasına baxmayaraq, ölkəmizdə bu gün mötəbər tədbirlərin keçirilməsinin Azərbaycanın gücünün sübutu olduğunu qeyd edib: "Bu gün görürük ki, region ölkələrində maliyyə çətinlikləri, iqtisadi burulğanlar, savaş və gərgin siyasi münasibətlər yaşanır. Azərbaycan onların arasında stabillik adasıdır. Cənab Prezident xalqın marağının hər şeydən üstün olduğunu vurğuladı. Onun verdiyi tapşırıqları bütün gücümüzlə yerinə yetirməyə çalışırıq".

R. Abbasov bildirib ki, bütün bunlara baxmayaraq, dövlətimizə müxalif olan qüvvələr siyasi spekulyasiyalar edirlər: "Onlar heç bir konseptual düşüncələrə malik olmadıqları halda boşboğazlıqla məşğul olurlar. Tənəzüllə uğuramış müəyyən fikirləri yenə də təkrarlayırlar. Xalqımız onları tanıyır. Zaman-zaman məğlubiyyətə düçar olmuşlar yenə də yenə məğlub olacaqlar. Onlar hər-hansı bir məkanda 5-10 nəfərin yığışmasından siyasi şou düzəltməyə çalışır və həmin yerdə peyda olurlar. Deməli bu, məqsədlidir. Dövlətçiliyini sevən Azərbaycan gəncliyi olaraq bir daha bəyan edirik ki, gənclərimiz cənab Prezidentin ətrafında sıx birləşib və birlikdə dövlətimizin inkişafı üçün əlindən gələni edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə