Süni qiymət artımı bu səbəbdən yaranır Ekspert

Süni qiymət artımı bu səbəbdən yaranır Ekspert

"Süni artımın qarşısını almaq üçün iqtisadi dəstək metodlarına müraciət edilsə daha yaxşı nəticələr əldə etmək olar". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Samir Əliyev süni qiymət artımının qarşısının alınması ilə bağlı danışarkən deyib.

Hökumətin müvafiq qurumlarının bununla bağlı monitorinq apararaq qiymətlərin nə dərəcədə şişirdildiyini müəyyən edəcəyini deyən ekspert devalvasiyadan sonra çox vaxt süni artımın müşahidə olunduğunu bildirib: "Devalvasiyadan sonra xaricidən gətirilən mallar bahalaşdı. Buna bağlı olaraq yerli malların da qiyməti qalxdı. Lakin elə mallar var ki, onların qiymətlərində həddindən artıq bahalaşma müşahidə olundu. Yerli mallar müəyyən dərəcədə qalxa bilər, çünki sahibkar da müəyyən qiymət artımından sonra nəyisə daha baha alır. Lakin xarici mallar səviyyəsində, yəni iki dəfəyə qədər qalxa bilməz. Yerli malların 100 faizədək qalxması düzgün deyil. Məhz bu tip halları biz süni qiymət artımı kimi qiymətləndirə bilərik".

İqtisadçının fikrincə süni artımın qarşısını almaq üçün hökumətin iqtisadi dəstək metodlarını üz tutması daha yaxşı nəticə verə bilər: "Məsələnin inzibati cəhətdən ələ alınması əhali üçün sərfəlidir, çünki ən azından yerli malların qiyməti sabit tutulur. Lakin bu sahibkar üçün mənfi bir haldır. O, bu cür vəziyyətdə çox davam gətirə bilməz. Buna görə də iqtisadi addımlara müraciət edilməlidir. Məsələn, müəyyən güzəştlərin edilməsi: gömrük rüsumlarının azaldılması, ölkədə istehsal edilən məhsullara tətbiq edilən rüsumların aradan qaldırılması və s. bu kimi addımlar atıla bilər. Bu addımları atmaqla da süni qiymət artımının qarşısını almaq olar".

Bütün xəbərlər Facebook səhifəmizdə