"Səs"in sədası

İllərdən bəri maraqlı, oxunaqlı yazıları ilə diqqəti çəkən, "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olan "Səs"in əhatə dairəsi günü-gündən genişlənir, oxucularının sayı artır. Hələ 1990-cı illərin əvvəllərində, Azərbaycanın səmasını qara buludlar alanda müstəqilliyimizi istəməyən, süverenliyimizi özlərinin məhvi kimi başa düşən bəzi xarici və daxili qüvvələrin təxribatları ilə yaranan xaosu, anarxiyanı törədənlərin əsl niyyətlərini ictimaiyyətə çatdıran "Səs" mətbuata xas olan obyektivliyin qorunmasına çalışırdı. O zamanlar ölkəmizin taleyi üçün narahat olan qəzetin əməkdaşları cəmiyyəti düşündürən problemləri qələmə alaraq peşəkarlıq, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə sadiqliklərini nümayiş etdirdilər. Bu, xalqa xidmət naminə hər cür məsuliyyətə hazır olduqlarını bildirən "Səs"in sədasını daha ucadan səsləndirən əməkdaşlarının xidmətləri idi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəyə rəhbərlik edən naşı siyasətbazların qərəzli, şəxsi maraqlara söykənən məqsədlərini, o zamanlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummmilli lider Heydər Əliyevin azarbaycançılıq, müstəqillik naminə göstərdiyi tarixi xidmətləri oxuculara çatdıran qəzetlərdən biri də məhz əqidəsinə sadiq "Səs" oldu.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyasının məqsəd və məramının, Proqram və Nizamnaməsinin təbliğində, partiyanın yerli təşkilatlarının formalaşmasında qəzetin xidmətləri danılmazdır. Bu gün ümummilli lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla

davam etdlirilməsi nəticəsində Azərbaycanın bütün dünyada qüdrətli dövlət kimi tanınmasının, ölkədə aparılan quruculuq işlərinin təbliğində yaxından iştirak edən "Səs" əsl mənada dövlətçiliyin möhkəmlənməsində, sağlam vətəndaş cəmiyyətinin formalaşmasında özünəməxsus sədaqətlə ümumxalq rəyinin ifadəsinin əsl tribunasına çevrilmişdir.

Qəzetin əməkdaşlarını, ətrafına toplaşan oxucularını birləşdirən amal da iqtisadiyyatı gündən-günə möhkəmlənən Azərbaycanda həyata keçirilən möhtəşəm vəzifələri, ölkəmizin siyasi, iqtisadi, demokratik, diplomatik sahədə əldə etdiyi uğurları ictimaiyyətə çatdırmaqdır.

"Səs" bu gün də tutduğu yolu uğurla davam etdirir. 25 illik təcrübəsinə əsaslanaraq fəaliyyətini müasir dövrün, qabaqcıl dünya mətbuatının tələblərinə uyğun təkmilləşdirən "Səs" respublikada yaranmış söz, mətbuat azadlığından istifadə edərək oxucularını yeni, maraqlı məlumatlarla tanış edir.

Qəzet əməkdaşlarının təşəbbüsü kimi yüksək dəyərləndirilən və mütəmadi olaraq keçirilən "dəyirmi masa"larda müzakirəyə çıxarılan mövzular aktuallığı ilə diqqəti cəlb etməklə oxuculara bələdçilik funksiyasını da ləyaqətlə yerinə yetirir. Siyasi, iqtisadi, sosial məsələlərin müzakirəsinə həsr edilmiş "dəyirmi masa"larda hər bir oxucu özü üçün maraqlı olan suallara mütəxəssislərin araşdırmaları və təhlilləri hesabına cavablar tapır, ümumilikdə dolğun məlumatlar əldə edir.

Qəzetin oxucuları üçün göstərdiyi xidmətlər çoxşaxəli və müxtəlif istiqamətlidir. Bu baxımdan " Səs"i çalışdığı sahədən, mənsub olduğu vəzifədən asılı olmayaraq bütün təbəqələri təmsil edən çoxminli oxucuların ən çox müraciət etdiyi və sevilən qəzet adlandırmaq düzgün olar.

Dövlətin daxili və xarici siyasətini xalqa çatdıran politoloqların şərhi, Azərbaycan iqtisadiyyatının inkişafı, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, demokratikləşmə prosesinin sürətləndirilməsi istiqamətində aparılan islahatların uğurları barədə ən maraqlı mütəxəssis sözünə geniş yer verən "Səs"in sədasının daha böyük coğrafiyanı əhatə etməsinin səbəbi də xalqa yaxın

olması, oxucuları düşündürən problemlərə peşəkarlıqla yanaşmasıdır. Respublikanın çoxsaylı mətbu orqanları arasında " Səs"i fərqləndirən başlıca cəhət məhz onun hadisələrə tərəfsiz, qərəzsiz, obyektiv, dövlətçilik baxımından yanaşmasıdır.

Azərbaycanın çoxsaylı oxucularının bu qəzetə artan marağının səbəblərindən biri də qəzetin əməkdaşlarının peşəkarlığı, şərəflə daşıdıqları jurnalist adının məsuliyyətini özlərinin gündəlik fəaliyətləri ilə doğrultmalarıdır.

Biz də ömrünün "gənclik illərini yaşayan", 25 yaşını mühüm uğurlarla arxada qoyan "Səs"in sevincinə qoşulur, qəzetin uzun illər baş redaktoru olmuş, ürəyi daim "Səs"lə döyünən və hazırda "Azərbaycan" nəşriyyatının Baş direktoru Ağabəy Əsgərov və qəzetin hazırkı baş redaktoru Bəhruz Quliyev başda olmaqla bütün əməkdaşlarını 25 illik yubileyi münasibətilə təbrik edir, uğurlar arzulayır və deyirik: 100 yaşında da səsiniz belə gur, mətin və qətiyyətli eşidilsin, oxucularınız bol, qələminiz iti, yolunuz işıqlı olsun! Daim xoş xəbərlər müjdəçisi olasınız!

Ad gününüz mübarək!

Dərin hörmətlə, "İki sahil" qəzetinin kollektivi adından

Vüqar Rəhimzadə,

Baş redaktor, Əməkdar Jurnalist

Bütün xəbərlər Facebook səhifəmizdə