"Problemlərə daha obyektiv və dürüst yanaşılmalıdır"

"Problemlərə daha obyektiv və dürüst yanaşılmalıdır"

"Jurnalistlər də bu ölkənin vətəndaşlarıdır və bu ölkənin problemlərinə daha obyektiv və dürüst yanaşmağı bacarmalıdırlar". Bu sözləri SİA-ya jurnalist-tənqidçi, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri Qulu Məhərrəmli mətbuatın hazırkı iqtisadi vəziyyətdə süni qiymət artımını necə işıqlandırması haqda danışarkən deyib.

O bildirib ki, hər bir mətbuat orqanı bu mövzuya öz mövqeyinə uyğun şəkildə yanaşır. Onun sözlərinə görə, onlardan bəziləri məsələyə çox kəskin tənqidi münasibət bəslədiyi halda, bəziləri isə daha yumşaq bir mövqe tutur: "Mətbuat orqanı yaranmış iqtisadi çətinliklər fonunda tutduğu mövqedən asılı olmayaraq süni qiymət artımını tənqid etməlidir. Eyni zamanda bu məsələ ilə bağlı cəmiyyətdə çox aktiv müzakirə aparılmalıdır. İnsanlarda ümidsizlik və sabahkı günə inamsızlıq yaradanlar tənqid olunmalı, bununla yanaşı iqtisadi proseslər, devalvasiyadan doğan problemlər ciddi şəkildə təhlil edilməlidir".

Qulu Məhərrəmli bu missiyanı öz üstünə götürən mətbuatın məsələni mütəxəssis və ekspertlərin köməyi ilə təhlil etməsini vacib sayır: "Ən əsas başda hansı problemlərin dayandığı müəyyən edilməli, daha sonra isə mütəxəssislərin köməyi ilə təhlil edilməlidir. Belə olduğu halda həm əhalidə, həm də oxucularda mətbuata qarşı inam olacaq. Əksi olduqda isə burada obyektiv görünməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə