Müstəqil Azərbaycan mətbuatının inkişafı tarixində özünəməxsus rolu olmuş "Səs" qəzetinin yaranmasının 25-ci ildönümü tamam olur. "Səs" hər zaman öz xüsusi mövqeyi, işi və dəst-xəttilə fərqlənmiş qəzetlərdən biridir. Fəaliyyətə başladığı dövrün gərgin ictimai-siyasi şərtlərinə, üzləşdiyi çətinliklərə baxmayaraq, "Səs" qəzeti ölkəmizdə baş verən mürəkkəb kataklizmlər dövründə ictimai rəyin düzgün əsaslarda formalaşmasına, Azərbaycan xalqının, dövlətçiliyinin maraqlarına və Ulu öndər Heydər Əliyevin ideyalarının pərvəriş tapmasına xidmət edən bir mövqe tutmuşdur.
Mətbuatımızın ən çətin vaxtlarında, demək olar ki, gündəlik mətbuatın olmadığı bir zamanda Azərbaycanın geniş oxucu kütləsinin çox maraqla, həvəslə növbəti nömrəsinin nəşrini gözlədiyi qə-zetlərdən biri də məhz "Səs" qəzeti olmuşdur.
"Səs" Azərbaycanda siyasi mədəniyyətin formalaşmasında, ictimai münasibətlərdə obyektivli-yin və şəffaflığın ortaya qoyulmasında xüsusi xidməti olan bir qəzetdir.
Bu qəzet heç zaman təkcə cəmiyyəti obyektiv, qərəzsiz informasiya ilə təmin etməklə öz funksiyasını bitmiş hesab etməyib. O, eyni zamanda, konkret mövqe ortaya qoymaqla, cəmiyyətin siyasi təfəkkürünün düzgün əsaslarda formalaşmasına təsir göstərmiş qəzetlərdəndir. "Səs" qəzeti ölkəmizdə baş verən siyasi proseslərin, taleyüklü məsələlərin işıqlandırılmasında, ictimaiyyətə çatdırılmasında da yüksək operativlik nümayiş etdirərək bu mənada etibarlı xəbər mənbəyi olmağı bacarmışdır. Mövzu rəngarəngliyi, tariximizə, milli dəyərlərimizə göstərdiyi həssaslıq, dövlətçiliyimizin qorunmasında tutduğu düzgün mövqeyi və tarixi gerçəkliklərin işıqlandırılması istiqamətindəki fəaliyyəti də qəzetin daha çox maraq toplamasına səbəb olmuşdur.
Milli mətbuatımızın inkişafında xüsusi yeri olan "Səs" qəzetinin milli jurnalist məktəbimizin formalaşmasında da xidmətləri danılmazdır. Bir zamanlar bu qəzetin redaksiyasında çalışan bir çox həmkarlarımız bu gün müxtəlif sahələrdə və fərqli ünvanlarda fəaliyyət göstərsələr də, "Səs" qəzetinin "mətbəx"ində qazandıqları təcrübə ilə özlərini doğrultmağa davam edirlər. Bu mənada, "Səs" qəzetinin 25 illik yubileyi məni çox sevindirir. Ona görə də çox şadam ki, bir jurnalist kimi püxtələşdiyim dövrün böyük bir hissəsi məhz mənə doğma olan "Səs" qəzeti ilə bağlıdır.
Hesab edirəm ki, "Səs" qəzetinin yubileyi bütün Azərbaycan mətbuatı ictimaiyyətinin və ilk növbədə, mənim və rəhbərlik etdiyim kollektivin də bayramıdır.
Bu münasibətlə "Səs" qəzetinin Baş redaktoru, hörmətli ziyalımız Bəhruz Quliyevi və qəzetin kollektivini təbrik edir, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıram.
Eyni zamanda, Azərbaycan mətbuatının inkişafında xüsusi xidmətləri olan, öz mənəvi dəstəyini "Səs" qəzetindən əsirgəməyən, bu qəzetin birinci Baş redaktoru olmuş hörmətli Ağabəy Əsgərovu da təbrik edirəm.
Hörmətlə,
Hikmət Babaoğlu, Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB