Osman Gündüz: "Virtual xidmətlərlə bağlı maarifləndirici işlər aparılmalıdır"

Osman Gündüz: "Virtual xidmətlərlə bağlı maarifləndirici işlər aparılmalıdır"

"Virtual xidmətlərdən istifadə ilə bağlı geniş maarifləndirici işlər aparılmalıdır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib.

O, ünvanlı sosial yardımın elektron formada verilməsi ilə bağlı qaldırılan məsələyə münasibət bildirərkən bunun ucqar bölgələrdə, kənd və rayonlarda yaşayan insanlar üçün bəzi problemlər yaradacağını deyib: "Bu cür işlər paralel şəkildə aparılmalıdır. Virtual formada aparılan bu kimi xidmətlərdən istifadə ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər aidiyyəti qurumları tərəfindən imkanlar yaradılmalıdır.

Bununla bağlı kənd və rayonların post şöbələrində, sosial mədəni obyektlərində və ya sadalanan nazirliklərin rayonlardakı qurumlarında istifadə imkanları yaradılmalıdır".

Azərbaycan İnternet Forumunun prezidenti bildirib ki, virtual xidmətlərdən evində və iş yerində istifadə edə bilməyən insanlar üçün müəyyən xidmətlər yaratmaqla yanaşı eyni zamanda virtual xidmətlərdən istifadə ilə bağlı geniş maarifləndirici işlər də aparılmalıdır: "Bu iş müvafiq xidmətləri yaratmaqla bitmir. Bu sadəcə işin yarısıdır. Bununla bağlı geniş maarifçilik aparmaq və güclü infrastruktur qurmaq lazımdır. Bu iki əsas iş qarşıda duran məqsəd kimi qəbul edilir".

Bütün xəbərlər Facebook səhifəmizdə