Sədaqət Vəliyeva: "İcbari tibbi sığorta əhalinin sağlamlığının qızıl zəmanətinə çevriləcək” AÇIQLAMA

Sədaqət Vəliyeva: "İcbari tibbi sığorta əhalinin sağlamlığının qızıl zəmanətinə çevriləcək” AÇIQLAMA

"Əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir. Dövlət insanların sağlamlığının qorunması istiqamətində kompleks tədbirlər reallaşdırmaqla bu sahədə mühüm nəticələrin əldə olunmasına nail olub. İdman komplekslərinin yaradılmasından tutmuş, səhiyyə ocaqlarının təmir-bərpasına, Müalicə-Diaqnostika Mərkəzlərinin inşasına qədər böyük işlər həyata keçirilib. Eyni zamanda, insanlara səhiyyə xidmətləri göstərəcək tibbi personalın da peşəkarlığının artırılması və müasir standartlara cavab verən müalicə metodlarının tətbiqi üçün əlverişli şərait yaradılıb. Bununla bərabər, dövlət bir çox ölkələrin səhiyyə sistemində geniş şəkildə istifadə edilən icbari tibbi sığortanın da tətbiqinə hazırlaşır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva deyib.

O bildirib ki, Azərbaycanın səhiyyə sisteminin inkişafına xidmət edəcək bu sistem səhiyyəmizi köklü surətdə dəyişəcək. Qeyd edib ki, icbari tibbi sığorta işçilərin əməkhaqqından, əməkhaqqından ayırmalardan tutmuş tibb müəssisələrinin akkreditasiyasına kimi müxtəlif parametrləri əhatə edən çoxşaxəli prosesdir və məhz bu sistem tətbiq edildikdən sonra səhiyyə sektorunda çox böyük dəyişikliklər olacaq: "Bəllidir ki, dünyanın əksər ölkələrində səhiyyə xidmətlərinin maliyyələşdirilməsi icbari tibbi sığorta vasitəsilə həyata keçirilir. Bəzi ölkələrdə təbii olaraq keçmiş Sovet dövründən olan model fəaliyyət göstərir. Yəni səhiyyə xidmətləri tam pulsuz olur və bütün xərclər tam olaraq, dövlət tərəfindən ödənilir. Məsələn, Skandinaviya ölkələrində sistem belədir. Ancaq bəzi ölkələrdə dövlət və bələdiyyə səhiyyə sistemi pulsuz, özəl səhiyyə isə tam pulludur. Bunlardan ən yaxşısı icbari tibbi sığorta modelidir ki, burada həm özəl, həm də bələdiyyə tabeliyində olan tibb müəssisələri icbari tibbi sığorta vasitəsilə maliyyələşə bilər".

Deputat vurğulayıb ki, ölkədə icbari tibbi sığortanın tətbiq edilməsi üçün lazımı şərait var: "Bu gün Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün qanunvericilik baxımından da heç bir problem yoxdur və bu sahədə qanunvericilik bazası kifayət qədər mükəmməldir. Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun bu sahədə işlərin sürətləndirilməsinə nəzarət etməsi yaxın gələcəkdə nailiyyətlərin əldə olunacağına ümidləri artırır".

Millət vəkili qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi Azərbaycanın sığorta bazarında sığorta haqlarını artıracaq, sığorta bazarının həcmini böyüdəcək, sığorta şirkətlərinin bu sahədəki peşəkarlığını artıracaq, yeni işçi qüvvəsinə tələb yaranacaq. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi, həmçinin sığorta şirkətlərinin gəlirlərini artıracaq, onların inkişafına səbəb olacaq: "Eyni zamanda, icbari tibbi sığortanın tətbiqi səhiyyə sistemində korrupsiyanın da qarşısını alacaq. Bir sözlə, icbari tibbi sığortaya dövlətlə yanaşı, insanlar və bütünlükdə cəmiyyət nə qədər həssas yanaşsalar, keyfiyyətli tibbi xidmətin maliyyə əsası da o qədər etibarlı olar. İcbari tibbi sığorta da əhalinin sağlamlığının qızıl zəmanətinə çevriləcək".

Xatırladaq ki, 1999-cu ildə Milli Məclis tərəfindən "İcbari tibbi sığorta haqqında" qanun qəbul olunub, 2007-ci ildə isə ona əlavə və dəyişikliklər edilib. Ölkə Prezidentinin Sərəncamı ilə Dövlət İcbari Tibbi Sığorta Agentliyi də yaradılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə