Son günlər havaların qarlı və şaxtalı keçməsi ilə əlaqədar Qax rayon yol istismarı idarəsinin işçiləri gücləndirilmiş iş rejimində çalışırlar. SİA-nın verdiyi məlumata görə, xüsusən də dağlıq kənd yolları avtomobillər üçün əsl keçilməz olub. Görülən tədbirlər nəticəsində isə bütün yollar qar və buzdan təmizlənib.
16 saylı Yol İstismar İdarəsinin əməkdaşları səhər saatlarından etibarən buzla bağlı yolların buz qatından təmizlənməsi üçün səfərbər olublar. Əsasən gediş-gəlişin çox çətin olduğu Qax-İlisu-Sarıbaş, Qax-Şəki, Qax-Qorağan-Zaqatala və Qax-Qaşqaçay-Armudlu yolları qardan təmizlənib. Baş mühəndisin sözlərinə görə idarənin anbarında bu il 45 ton duz ehtiyatı, 400 kub qum ehtiyatı tədarük edilib. Qax rayonunun İlisu kəndi turizm bölgəsi olduğundan kəndə həm yayda, həm də qışda turistlər maraq göstərir. Ona görə də istirahət günlərində İlisuya gələn qonaqların mənzil başına rahat qayıtmaları üçün bu yolun təhlükəsizliyi vacibdir. 16 saylı Qax yol istismar idarəsinin balansında olan 242 kilometr uzunluğunda avtomobil yollarında nəqliyyat vasitələrinin fasiləsiz hərəkəti tam təmin olunub.
Onu da qeyd edək ki,15 saylı Şəki yol istismar idarəsi tərəfindən dağ kəndlərinə gedən yollarda da hərəkət tam təmin olunub.
İlkin Akifoğlu, Qax
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB