Dekabrın 29- da Lənkəranda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə ümumrayon bayram şənliyi keçirildi. SİA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran ŞİH -nin başçısı Taleh Qaraşov şənlik iştirakçılarını təbrik edərək bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə tarixdə ilk dəfə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü elan olunmuş və həmin gün xalqımızın milli birlik günü kimi tarixə düşüb. Eyni zamanda, Ümummilli Liderimizin dərin düşüncəsi ilə xaricdə diaspor hərəkatı formalaşdırılıb, bu hərəkatın təşkilatlanmasına və möhkəmlənməsinə davamlı dövlət qayğısı göstərilib. Bunun üçün Dünya Azərbaycanlılarının Bakı şəhərində qurultayları keçirilib, dünyadakı həmvətənlərimizlə bağlı təşkilatların bir amal uğrunda birləşməsi , vətən naminə çalışmaları istiqamətində əməli işlər görülüb. Ulu Öndərin siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə görülən həyati əhəmiyyətli işlər nəticəsində xalqımız üçün il-ildən uğurlu keçir.Yola saldığımız 2015-ci il də əvvəlki illər kimi xalqımız üçün çox uğurlu olub. Bütün sahələrdə yüksək nailiyyətlər qazanılıb. Əlbəttə ki, 2015-ci ildə lənkəranlılar üçün ən əlamətdar hadisə cənab Prezident İlham Əliyevin şəhərimizə növbəti səfəri olub. Şəhərimizin sakinləri hələ də bu səfərin xoş, ürəkaçan təəssüratlarını yaşayırlar. Bu səfər zamanı cənab Prezidentin özünün şəxsi təşəbbüsü və tapşırığı ilə əsaslı təmir olunmuş möhtəşəm şəhər Mədəniyyət Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi Xan Sarayının, Liman- Nərimanabad- Balıqçılar magistral avtomobil yolunun, 120 yerlik Körpələr evi - uşaq bağçası açılışlarında iştirak etməsi, insanlarla mehriban, səmimi görüşləri cənab Prezidentin Lənkəranın tarixinə, mədəniyyətinə, burada yaşayan vətənpərvər insanlara dərin hörmət və ehtiramının parlaq nümayişi olub. Şəhərimizin inkişafı üçün görülən bu möhtəşəm işlər hər bir lənkəranlıda daha uğurlu sabahlara böyük inam və əminlik yaradır.
İcra başçısı daha sonra 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə hamını təbrik edibi, hər bir ailəyə firavan həyat , xoşbəxtlik və səadət arzulayıb.
Taleh Qaraşov sonda rayonumuzun ictimai-siyasi həyatında fərqlənənlərin bir qrupuna ŞİH-nin fəxri fərmanlarını və hədiyyələrini təqdim edib.

Bakıdan təşrif buyurmuş populyar müğənnilər - Elşad və Rəvan Qarayevlər, Elariz Məmmədoğlu, Yusif Mustafayev, Əlikram Bayramov, Xatun, " Qismət" qrupu, eləcə də məşhur "Nənələr" folklor kollektivi, Cavad Rəcəbov və başqalarının ifa etdikləri şux nəğmələr bayram şənliyinə xüsusi təravət gətirib

Şirniyyat stolu arxasında 3 saata yaxın davam edən tədbir hamıya xoş ovqat bəxş edib.
Sərraf Mirsəfəroğlu



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB